Əlaqə Arxiv
news Image
2014.04.18
08:11
| A A A
Nurçular müxalifət sıralarında…
Zahid Oruc: “Müxtəlif siyasi qüvvələr içərisində özlərinə dayaq yaratmaq layihələri ehtimal ki, olub” Tahir Kərimli: “Çox güman ki, ənənəvi müxalifət partiyalarının rayon təşkilatlarına onlar sızıblar”

Nurçular, onların üzv və tərəfdarlarının fəaliyyəti hələ də cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalır. Bu xüsusda yayılan məlumatların təhlili nurçuların özlərinə yaxın saydıqları şəxsləri müxtəlif dövlət strukturlarında yerləşdirməyə çalışdıqlarını göstərir. Lakin Azərbaycanın müvafiq orqanlarının effektiv fəaliyyəti nurçuların təhdid yarada biləcək fəaliyyətinin qarşısının vaxtında alındığını göstərir. Buna rəğmən, siyasi iddiaları olan nurçuların fəaliyyətinə tam son qoyulduğunu da demək mümkün deyil. Qeyd edildiyi kimi isə nurçuların siyasi iddialarının olması da artıq məlum həqiqətdir. Siyasi iddiada olan bir təriqətin isə öz adamlarını müxalifət sıralarına yerləşdirməyə çalışması da istisna deyil. Və ya nurçuların müxaliflərdən kimlərisə öz sıralarına çəkməyə çalışmaları tamamilə mümkün sayılır.

Millət vəkili Zahid Oruc məsələ ilə bağlı bildirdi ki, ilk dövrlərdə nurçuluqla bağlı bizim verdiyimiz reaksiyalar sonradan müəyyən korrektələrə uğradı: "Etiraf etmək lazımdır ki, dövlətin xüsusi xidmət orqanlarının malik olduğu informasiya müəyyən bir səviyyədə cəmiyyətə sızandan sonra baxışlar dəyişdi. Həqiqətən də nurçuların sadəcə, İslam modelində fəaliyyət göstərərək inanclarını reallaşdıran qüvvələr deyil, eyni zamanda dövlətə yansımaq üçün hansısa plan daşıdıqlarını hiss etmək mümkün oldu. Bizim o zamanlar ən çox qayğımız və narahatçılığımız Azərbaycanın təhsil məkanında yer alan bu qüvvələrin bir tərəfdən qəbul zamanı yüksək bilikli insanlara üstünlük verməsi və sonrakı dövrdə də təhsili belə bir keyfiyyətdə saxlamasında gələn xətti itirməmək idi. Yaxşı bir ənənə formalaşmışdı. Amma sonradan təşkilatlanmaq və dini məzhəb libasında ayrılmaq, o cümlədən müxtəlif siyasi planlara malik olmaq və hətta müxtəlif siyasi qüvvələr içərisində özlərinə dayaq yaratmaq layihələri ehtimal ki, olub. Düşünmürəm ki, bunlar sadəcə, mətbuatın fantaziyasıdır. Etiraf etmək lazımdır ki, bu prosesə müxtəlif maraqlar qoşulub. Bəlkə də Azərbaycan dövlət idarəetmə sistemindəki insanların bir-birinə qarşı çevrilməsinə yönəlik informasiyalar sızdıra bilərlər. Ancaq Türkiyənin öz gündəmini zorən Azərbaycana sırımaq, siyahılarla kimlərisə aradan görütmək kimi məsələləri vurğulamaq yanlış olardı. Ehtimal edirəm ki, bu məsələnin müəyyən bir kökləri olub. İndi də müxalifət daxilində belə insanların olması barədə məlumatlar olur. Amma real fakt olmadan onsuz da siyasi cəhətdən hər zaman kəskinliklə tənqid etdiyimiz radikal müxalif qüvvələri ittiham etmək hələ tezdir. Əgər bununla bağlı ortaya daha müfəssəl məsələlər çıxacaqsa, dərhal şərhlərimiz olacaq".

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən radikal təriqətlərin bir çoxunun əsl fəaliyyəti əslində, ölkənin konstitusion quruluşana qarşı yönəlib: "Onlar siyasi aspektdə fəaliyyət göstərib, şəriət dövləti yaratmaq istəyirlər. Baxmayaraq ki, Azərbaycanda əsrlərdir oturuşmuş dini sistem var. Bu sistem heç vaxt Azərbaycanın dövlət quruluşuna və ictimai sabitliyinə mane olmayıb. Müstəqillik illərindən sonra Azərbaycana daxil olan bir sıra cərəyanlar ölkəmizdə hədsiz radikallığı ilə seçilirlər. Dövlətin qanunlarına deyil, özlərinin imamlarının kitablarına riayət edirlər. Onlar üçün Konstitusiya öz kitablarıdır. Şübhəsiz ki, bu cərəyanlar müxalif mövqe tutublar. Bizim müxalifət də narazı kəsimi təmsil edir. Təbii ki, bunların arasında istək, mübarizə yaxınlıqları var. Hansı müxalif təşkilatda bu cərəyanın nümayəndəsinin olması barədə hələlik konkret məlumatım yoxdur. Ancaq çox güman ki, ənənəvi müxalifət partiyalarının rayon təşkilatlarına onlar sızıblar. Şübhəsiz ki, öz müxalifətçilik istəklərini həmin müxalifət təşkilatlarının tərkibində həyata keçirməyə can atacaqlar. Əgər müxalifət buna imkan verəcəksə, başa düşməlidirlər ki, artıq onlar Azərbaycanın konstitusion quruluşuna qarşı öz daxillərində fəaliyyətə imkan verirlər. Qanuna görə həmin partiyların qapanma təhlükəsi, məsuliyyətə cəlb edilməsi məsələləri dura bilər. Belə hallar varsa, mütləq qarşısını almalıdırlar. Öz sıralarını təmizləməlidirlər. Əgər təmizləməsələr, dövlətin təhlükəsizliyinə nəzarət edənlər tədbirlərini görəcəklər".

Sizin Reklam Yeriniz