Əlaqə Arxiv
news Image
2014.04.25
08:51
| A A A
Müxaliflər biri-birinə qraşı donosbazlıq edirlər
Araz Əlizadə: "Müsavatla AXCP hesab edir ki, onlardan başqa ayrı partiyaların da Qərb ölkələrinin verdiyi tula payına ehtiyacları var" Məmməd Əlizadə: "Bununla, AXCP ilə Müsavat əcnəbilərə demək istəyir ki, xaricdən ayrılan qrantları yalnız özləri onların maraqlarına uyğun tərzdə xərcləyə bilərlər"

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu mətbuata müsahibəsində AXCP və Müsavatı sərt tənqid edib. O bildirib ki, məhz bu partiyalar xarici diplomatlarla görüşləri zamanı etiket qaydalarını pozaraq ölkədə fəaliyyət göstərən digər siyasi qüvvələr haqda əsassız və həqiqətdən uzaq fikirlər işlədirlər: "Bizim müxalifətdə olan həmkarlarımız istər sosial şəbəkələrdə, istərsə də özlərinin şəxsi görüşlərində digər siyasi qüvvələr haqda fərqli məlumatlar verirlər".

O qeyd edib ki, AXCP və Müsavat kimi partiyalar da xarici diplomatlarla görüş zamanı onların əleyhinə donos yazırlar. Beləliklə, AXCP və Müsavat müxalif qüvvələrə qarşı da kampaniya aparır. Bu açıqlama da bir daha göstərir ki, AXCP ilə Müsavat xaricilərlə görüşlərində ölkənin maraqlarını müdafiə etmək əvəzinə, yenə də öz firqə maraqlarından çıxış edərək nəinki iqtidara, hətta müxalifətdə olan, lakin onlar kimi düşünməyəm siyasi təşkilatlara belə qara yaxmaqla məşğuldurlar.

ASDP sədri Araz Əlizadə bu kimi məsələlərlə maraqlanmadığını söylədi: "Müsavatla AXCP hesab edir ki, onlardan başqa ayrı partiyaların da Qərb ölkələrinin verdiyi tula payına ehtiyacları var. Başa düşmürlər ki, barəmdə xarici diplomatların nə düşünməsi mənim heç vecimə də deyil. Mənim üçün əsas odur ki, barəmdə Azərbaycan xalqı nə düşünür. Ona görə belə məsələlər məni heç maraqlandırmır".

DADP-ın sabiq sədri Məmməd Əlizadə isə qeyd etdi ki, sözügedən iki partiya iqtidar və o cümlədən müxalifətin digər təmsilçilərinə münasibətdə əsassız fikirlər səsləndirməklə əcnəbilərə guya yalnız özlərinin gücə malik olduğunu nümayiş etdirmək istəyir. Yəni, bununla demək istəyirlər ki, xarici diplomatlar müxalifət daxilində yalnız onlarla hesablaşsın, digərlərini isə saya salmasınlar: "Öncə qeyd edim ki, xarici diplomat və digər nümayəndələrlə görüşlər zamanı bütün hallarda Azərbaycanın maraqları prizmasından çıxış etmək lazımdır. İqtidar və yaxud müxalifət partiyası olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur ki, xaricilərlə təmaslar zamanı birinci növbədə yaşadıqları Vətən barədə, onun əldə etdiyi uğurlar və Dağlıq Qarabağ kimi problemləri qabartsın. Lakin təəssüf ki, bəzi müxalifət təşkilatları əcnəbi diplomatlarla görüş zamanı əsas diqqəti dövləti maraqlara deyil, özlərinin şəxsi ambissiyalarına yönəldirlər. Görünür, bununla əcnəbilərdən qrant almaq və belə qrantların başqa müxalifət partiyalarına ayrılmamasına çalışırlar. Həqiqətən də, radikal müxalifət təmsilçiləri bu tip əlaqələrdə iqtidarla yaşanı, digər müxalifət partiyalarına münasibətdə də saxta, əsası olmayan fikirlər səsləndirirlər. Bununla, göstərirlər ki, guya yalnız özləri həqiqi müxalifətdir, digərləri isə ya hər hansı bir gücə malik deyil, ya da iqtidara işləyir. Belə fikirlər absurddur. Digər tərəfdən, AXCP ilə Müsavat başqa müxalif partiyaları xaricilərin gözü qarşısında ittiham etməklə əcnəbilərin verdikləri qrantların yalnız özləri, yəni bu iki təşkilat arasında bölüşdürülməsinə, digərlərinin isə bundan pay ala bilməmələrinə çalışır. Yəni bununla, əcnəbilərə demək istəyirlər ki, xaricdən ayrılan qrantları yalnız özləri onların maraqlarına uyğun tərzdə hərəkət etməklə xərcləyə bilərlər. Bu halda da həmin iki partiya özlərinin xaricilərin əlində oyuncaq olduğunu bir daha göstərmiş olurlar. Başqa bir tərəfdən, digər müxalif təşkilatları ittiham etməklə bu iki qüvvə xarici diplomatlar arasında iqtidar oponentləri içərisində yalnız özlərinin güclü olduğu düşüncəsini formalaşdırmağı nəzərdə tuturlar. Belədə çalışırlar ki, əcnəbi diplomatlar müxalifət içərisində, başqalarını kənara ataraq yalnız onlarla hesablaşsın. Bu, həm də həmişə, yeri gəldi-gəlmədi başqalarını tənqid, təhqir etmək, özlərini isə tərifləyərək göylərə qaldırmaq meylinə aludə olmaq əlamətidir ki, belə əməl isə ciddi siyasətçiyə yaraşmaz. Təəssüf ki, ölkəmizdə bu tip radikal qüvvələr də vardır. Amma bütün hallarda, xalq artıq kimin kim olduğunu gözəl bilir. Onların əhalinin maraqlarına cavab verən real siyasət aparmaq əvəzinə başqa partiyalara qara yaxmalarından artıq xalq da bezib. Bunun nəticəsidir ki, seçkidən seçkiyə həmin radikal qüvvələrin topladığı səslərin sayı da daim aşağı enir".

Sizin Reklam Yeriniz