Əlaqə Arxiv
news Image
2014.05.23
08:29
| A A A
Minsk qrupuna altenrantiv vasitəçi yaradılır?!
Aydın Ağayev: "Konfliktin həlli ilə bağlı sabah yeni ideya və onun gerçəkləşməsi məsələsi üzə çıxarsa, inanmıram ki, Minsk qrupundakı üçlük asanlıqla bu prosesə xeyir-dua versin" Elman Nəsirli: "Minsk qrupu və Avropa Birliyinin vasitəçilik missiyası üzərində paralel fəaliyyət göstərmələri ilə proses bir qədər də yubanacaq"

Minsk qrupu 20 ildən artıqdır fəaliyyət göstərməsinə rəğmən, hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansısa bir irəliləyişə nail olmayıb. Əksinə, onun fəaliyyəti Azərbaycan vətəndaşında haqlı olaraq belə bir təsəvvür formalaşdırıb ki, Minsk qrupu ümumiyyətlə, münaqişənin həllində maraqlı deyil. Onlar indiki halda ancaq hazırki status-kvonun saxlanılmasına çalışırlar. Məhz bunun nəticəsidir ki, ermənilər hələ də işğal etdikləri torpaqlardan geri çəkilmirlər. Bundan başqa, Minsk qrupunun fəaliyyətsizliyi üzündən BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması ilə bağlı 4 qətnaməsi də icra olunmur. Ötən müddət ərzində, vasitəçilər sadəcə olaraq, bölgəyə turist səfərləri etməklə kifayətləniblər. Belə bir şəraitdə dəfələrlə səslənib ki, Minsk qrupunun formatı dəyişdirilsin və yaxud onun üzvləri başqaları ilə əvəzlənsin. Hətta prosesin başqa beynəlxalq qurumlara verilməsi məsələsi də gündəmə gəlib. Sözsüz ki, Minsk qrupunun üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsi fonunda, onun dəyişdirilməsi istiqamətində Azərbaycanda səslənən belə çağırışlar da başadüşüləndir. Enyi zamanda, belə bir vəziyyətdə Minsk qrupu ilə paralel fəaliyyət göstərən digər bir vasitəçi missiyasının seçilməsi təklifi də səsləndirilir. Məsələn, Avropa Birliyinin belə bir paralel vasitəçi missiyasını yerinə yetirə biləcəyi vurğulapnır. Onsuz da xeyli müddətdir ki, prosesə Avropa Birliyinin qoşulması vacibliyi dilə gətrilir.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Minsk qrupunun fəaliyyətinin nəticəsiz olması istər-istəməz ölkəmizi digər vasitəçilər axtarmaq istiqamətində daim düşünməyə vadar edir: "İstər-istəməz Minsk qrupuna paralel vasitəçi missiyanın olması vacibliyindən bizim siyasilər danışmalı olurlar. Çünki nəticə yoxdur. Nəticəsizliyi onlar da görür. Amma buna baxmayaraq, üçlük hələ də fəaliyyətinə davam edir. Məsələyə ciddi yanaşıldıqda, deyilməlidir ki, bu gəl-getlərdən fayda yoxdur. İkincisi, ermənilər bizim kimi həmsədrlərin fəaliyyətindən narazı deyillər. Ona görə ki, mövcud vəziyyət onları qane edir. Üçüncüsü, onların xidmətindən imtina edib, hansısa yeni bir format yaratmağın da öz çətinlikləri var. Minsk qrupunda təmsil olunan üçlük dünyanın nəhəng, nüfuzlu dövlətləridir. Hansı ki, onlar məlum beynəlxalq təşkilatda söz sahibi olan dövlətlərdir. Ona görə də, həmin nüfuzlu dövlətləri hazırki nəticəsiz vəziyyət qane edir. Sabah yeni ideya və onun gerçəkləşməsi məsələsi üzə çıxanda inanmıram ki, həmin üçlük asanlıqla bu prosesə xeyir-dua versin. Əsas çətinlik də bundadır. Lakin bununla belə axtarışlar davam etməlidir. Biz bu barədə hər gün danışmalıyıq. Azərbaycan üçün hansı format və təşkilatın olmasının fərqi yoxdur. Ölkəmizə nəticə lazımdır. Nəticə isə Azərbaycan Prezidentinin Şanxay sammitində bir daha dünya siyasətinə bəyan etdiyi, işğalın yeganə həll yolunun məlum beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır fikrinin reallaşmasından keçir. Bunu dünya min dəfələrlə eşidib. Sammitdə oturan Rusiya da bunu eşitdi. Deyilən bu əsas prinsip çərçivəsində yanaşma ilə məsələnin həllinə girişən istənilən formata razılıq verə bilərik. Amma bu mümkündürmü? Bütün bunlara baxmayaraq, Azərbaycan mövqeyində israr etməlidir, çünki başqa yol sadəcə yoxdur".

Politoloq Elman Nəsirli də düşünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ heç də formada deyil, məzmundadır: "İndiki beynəlxalq konyuktura, dünyadakı qüvvələr nisbətini nəzərə aldıqda, ATƏT-in Minsk qrupunun BMT, Avropa İttifaqı ilə əvəz edilməsi prinsip etibarilə münaqişənin həllinə gətirib çıxarmayacaq. Minsk qrupu ilə Avropa Birliyinin vasitəçilik missiyası üzərində paralel fəaliyyət göstərmələri ilə, proses bir qədər də yubanacaq. Bir həqiqətdir ki, ATƏT-in Minsk qrupundakı həmsədrləri olan ABŞ, Fransa və Rusiya dünyada əsas güc sahibləridir. Fikir verin, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik təmsilçiliyi və iki dəfə sədrliyi dövründə münaqişənin həlli məsələsi ayrıca əlahiddə məsələ kimi qoyula bilmədi. Bunun yeganə səbəbi odur ki, həmin üç həmsədr dövlətlər bunu istəmədi. Çünki bu dövlətlər ATƏT-in Minsk qrupu çərçivəsində məsələ ilə məşğuldur. Eyni məntiqlə, bu məsələ ilə paralel olaraq Avropa İttifaqı məşğul olsa, burada söz sahibi Fransa və Almaniyadır, belə çıxır ki, həmin halda münaqişənin tənzimlənməsi ilə məşğul olan iştirakçıların sayı artacaq. Bu və ya digər məsələnin həlli üçün iştirakçıların sayı çoxaldıqca, bir o qədər yeni-yeni mövqelər yaranır və belədə konfliktin həll imkanları da çətinləşir. İki nəfərlə münaqişəni müzakirə etməklə, daha çox insanla müzakirə etməkdən daha münasib nəticə əldə etmək mümkündür. Çünki, proseslə məşğul olanlar artdıqca, fikirlər də haçalanır və nəticə hasil olmur. İndiki halda, Avropa İttifaqının məsələ ilə məşğul olmasını üzərinə götürməsi elə də ciddi dəyişikliyə gətirməyəcək. Əsas odur ki, böyük dövlətlər məsələnin həllində maraqlı olsun. Minsk qrupundakı üçlük münaqişənin həllini istəsə, dərhal onu həll edə bilər. Amma ayrı-ayrı məqamlar üzündən məsələnin həllinə hələlik nail olmaq mümkün olmayıb. ABŞ problemin həllini istəyir, amma bilir ki, Ermənistanı kompromisə məcbur edəndə Rusiya ilə toqquşacaq. Avropa İttifaqı da eyni vəziyyətlə üzləşəcək. Bu gün Qərb indiki halda müharibənin baş tutmamasında, geosiyasi, iqtisadi mənafelərinin təminində münbit şəraitin təmin olunmasında maraqlıdır".

Sizin Reklam Yeriniz