Əlaqə Arxiv
news Image
2014.05.28
08:46
| A A A
Qarabağ münaqişəsi yenidən BMT müstəvisinə qayıdacaq?!
Elşən Manafov: " BMT bir qayda olaraq, bu və ya digər güc mərkəzlərinin marağı olduqda dərhal səmərəli, operativ işləyir" Qabil Hüseynli: " BMT istəsə, Qarabağ konfliktinin həlli istiqamətində real addımlar ata bilər "

BMT İnsan Haqları Şurasının Məcburi Köçkünlər üzrə xüsusi nümayəndəsi Caloka Beyani bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağın vaxtı yetişib: "Bu da Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək".

Qeyd edək ki, münaqişənin tənzimlənməsi üzrə danışıqlar başlanan dövrdən üzü bəri müxtəlif beynəlxalq qurumların rəhbər və təmsilçiləri tərəfindən bu tip bəyanatlar səslənib. Amma məsələ ondadır ki, atəşkəs rejiminin 20 ili tamam olmasına rəğmən, hələ də prosesdə cüzi olsa belə irəliləyiş yoxdur. Əksinə, Ermənistan öz himayədarlarına ə arxalanaraq, münaqişənin həllini uzadır. Həll prosesini üzərinə götürən ATƏT-in Minsk qrupu da real nəticələr əldə etməyib.

Konfliktin həllinə başqa qurumların töhfə verməsinə gəldikdə, prosesə Avropa Birliyinin qoşulması vacibliyi də gündəmə gətirilib. BMT-yə gəldikdə, erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı olaraq bu qurum 4 qətnamə qəbul edib. Amma bu günə qədər qətnamədən irəli gələn müddəaların biri belə icra olunmayıb.

Maraqlıdır, Caloka Beyaninin açıqlamaları fonunda münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün BMT özü bu istiqamətdə hansısa addımlar ata bilərmi?

Politoloq Elşən Manafov düşünmür ki, BMT ATƏT-in Minsk qrupu olduğu halda, münaqişənin həlli üzrə hansısa bir addım atsın: "BMT-nin qəbul etdiyi 4 qətnamə var. Amma təəssüf ki, qurum həmin qətnamələrin yerinə yetirilməsi üçün bu günə kimi israrlı bir mövqe sərgiləməyib. İkinci bir tərəfdən, həmin qətnamələrin mahiyyətindən belə bəlli olur ki, BMT erməni işğalçı qüvvələrinə Azərbaycan ərazisini boşaltmağı təklif edir. Halbuki orada Ermənistanın özünə məxsus silahlı qüvvələrin olmasına dair amillər daha qabarıq şəkildə öz əksini tapsaydı, bu hər halda İrəvana münasibətdə beynəlxalq birliyin nəzərdə tutduğu sanksiyaların tətbiqini mümkün edərdi. Məhz erməni işğalçı qüvvələri ifadəsi Ermənistana münasibətdə beynəlxalq hüququn təcavüzkar dövlətlərə münasibətdə tətbiq etdiyi prinsipləri tətbiq etməyə imkan vermir. Bu da ondan irəli gəlir ki, BMT Təhlkəsizlik Şurasında təmsil olunan dövlətlərdən, Çin istisna olmaqla, 4-ü münaqişənin tənzimlənməsi ilə bağlı prosesə illər boyu ikili standartdan yanaşıb. Ona görə ilk növbədə BMT-nin özündə ciddi struktur islahatları aparılmalıdır. Bu gün dünyada baş verən hadisələr göstərir ki, BMT bir qayda olaraq bu və ya digər güc mərkəzlərinin marağı olduqda dərhal səmərəli, operativ işləyir. Həmin güc mərkəzlərinin marağı üst-üstə düşdükdə, işğalçı dövlətlərə sanksiyalar tətbiq edilir və ya hərbi qüvvələr yeridilir. Amma maraqlar üst-üstə düşmədikdə, qurum tərəfindən beynəlxalq hüquq prinsipinə sayğısız yanaşan dövlətə bu prinsiplərin tətbiqi müşkül məsələyə çevrilir. Bu mənada BMT nümayəndəsinin münaqişənin sülh yolu ilə həllinin vaxtının yetişməsi barədə fikirləri sıradan deyilən növbəti bəyanatlardan biridir. Düşünmürəm ki, bu bəyanat BMT-nin münaqişə ilə bağlı münasibətinin ciddi şəkildə dəyişməsinə gətirib çıxara bilər.

Hələlik, Cənubi Qafqaza münasibətdə tərəflər sanki gözləmə mövqeyindədir. Xüsusən, Gürcüstan- Rusiya münaqişəsindən sonra bəlli oldu ki, Qərbin Cənubi Qafqazla bağlı marağını müdafiə etmək üçün mövqeləri dekorativ bəyanatlardan o yana keçmədi. Ona görə də, Qərb, xüsusən Obama adminstrasiyası Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir. Bu kontekstdə yaxın perspektiv üçün BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı daha qəti və birmənalı addımların atıla biləcəyini istisna edirəm. Əlbəttə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedəcək. Danışıqların əsas mahiyyəti isə mövcud status-kvonun saxlanılmasından ibarətdir. Status-kvonun saxlanılması isə xüsusən Ermənistana lazımdır. Həmçinin, maraqları toqquşan Rusiya ilə Qərbə də lazımdır ki, Cənubi Qafqazda stabillik olsun. Hansı ki, həmin stabillik enerji resurslarının Qərbə daşınmasında vacib elementdir. Ona görə də ABŞ və Qərb Azərbaycanla münasibətlərə bir qayda olaraq enerji təhlükəsizliyi prizmasından yanaşır. Halbuki, ABŞ-a lazım olanda Morninqstar kimi səfirlərin məlum bəyanatı səsləndirilir. Halbuki, bu səfirlər indiyə kimi 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə biganə yanaşıb".

Politoloq Qabil Hüseynli də BMT-nin münaqişənin həlli yolunda nəsə edə biləcəyinə inanmır: "BMT istəsə, Qarabağ konfliktinin həlli istiqamətində real addımlar ata bilər. Amma 21 ildir BMT-nin işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması ilə bağlı qərarı yerinə yetirilmir. Lakin buna baxmayaraq, BMT-də həmin qərarın icrası istiqamətində hələ də ciddi addımlar atılmır. BMT özü hazırda məsələnin həllini ATƏT-in Minsk qrupunun üzərinə yükləyib. Lakin Minsk qrupu da hələ real nəticələr əldə etmək barədə düşünməkdəm uzaqdır. Digər tərəfdən, BMT-də bildiyiniz kimi, əsas söz sahibi olan dövlətlər heç də bütün məsələlərdə vahid mövqedən çıxış etmirlər. Bu da onların maraqlarından irəli gəlir. Maraqlar üst-üstə düşən münaqişə və digər problemlərin həlli istiqamətində həmin super güclər səylərini birləşdirərək, həllə nail olur. Bu ölkələrin maraqlarında ziddiyyət yarananda isə, hər hansı beynəlxalq problemləri həll etmək də müşkül məsələyə çevrilir. Dağlıq Qarabağ məsələsində görünən odur ki, həmsədr ölkələr olan Rusiya və ABŞ arasında vahid fikir yoxdur. Belə olan halda indiki situasiyada münaqişənin sülh yolu ilə həlli istiqamətində BMT kimi mötəbər bir qurumun hansısa real addımlar ata biləcəyi də gözlənilmir. Həm də onlar həll prosesini Minsk qrupunun öhdəsinə buraxıblar".

Sizin Reklam Yeriniz