Əlaqə Arxiv
news Image
2014.06.07
08:26
| A A A
Cəbhədə gərginlik ermənilər qorxuya salıb
Elxan Şahinoğlu: "Cəbhədə gərginliyin artmasından Ermənistanın qorxu hissi keçirməsi onu göstərir ki, vəziyyətin belə davam edərək daha da qəlizləşməsi onlara baha başa gələcək"

Cəbhədə son zamanlar artan gərginlik Ermənistan tərəfdə əməlli-başlı qorxu xofu yaradıb. Bir çox Ermənistan rəsmiləri, politoloqlar da, təmas xəttində gərgin atmosferin formalaşmasının İrəvanın ziyanına işlədiyi barədə fikirlər səsləndirməyə başlayıb. Qeyd edək ki, əslində, gərginliyin özü də Ermənistanın hazırki hakimiyyəti tərəfindən yaradılır. Sarkisyan rejimi bir sıra hallarda xaricdəki hamilərinin göstərişi, bəzən də daxildəki narazılığı söndürmək, onu xarici faktora yönəltmək üçün cəbhə xəttində tez-tez atəşkəsin pozulması hallarına yol verir. Lakin bununla belə, atəşkəsi pozan işğalçılar bütün hallarda layiqli cavablarını da alırlar. Digər tərəfdən, Azərbaycan ordusunun son dövrlər cəbhəyə yaxın bölgələrdə hərbi təlimlər keçirməsi də İrəvanda təşvişə səbəb olub. Politoloq Elxan Şahinoğlu vurğuladı ki, cəbhə xəttində gərginliyin artması və bu fonda ermənilərin qorxuya düşməsi onların əsəblərinin gərilməsi deməkdir: "Bu fon danışıqlara da mənfi təsir edə bilər. Bununla belə, onsuz da danışıqlarda hər hansı bir irəliləyiş də yoxdur ki, ermənilərin həmin qorxu hissi danışıqlara da hər hansı bir təsirini göstərsin. ATƏT-in Minsk qrupunun bölgəyə səfərləri münaqişəni həll etməkdən daha çox turist səfərlərinə bənzəyir. Onlar nə hazırladıqları təklifləri Ermənistana qəbul etdirə bilmir, bunun üçün ona təzyiq etmir, nə də bir başqa maraqlı ideya ilə çıxış etmirlər. Bu atmosferdə də atəşkəs rejimi intensiv şəkildə pozulmaqda davam edir. Düşünürəm ki, Ermənistan və onun havadarları bu cür təxribatlar yaratmaqla, zənn edirlər ki, Azərbaycanı küncə sıxa biləcəklər. Amma əksinə, cəbhədə gərginliyin artmasından Ermənistanın qorxu hissi keçirməsi onu göstərir ki, vəziyyətin belə davam edərək daha da qəlizləşməsi onlara baha başa gələcək. Çünki, Azərbaycan işğalçıya layiqli cavabını verəcək. Ölkəmiz erməni havadarlarına da göstərir ki, bu cür siyasət davam edərsə, Azərbaycan öz hərbi gücünü daha da artırmaq istiqamətində ciddi hərəkətlərə keçəcək. Hansı ki, bu da yaxın gələcəkdə, qarşı tərəfə baha başa gələ bilər".

Politoloq Elşən Manafov isə onu bildirdi ki, artıq zaman Ermənistanın xeyrinə işləmir. Onların cəbhədəki gərginlikdən yaranan qorxu hissi də məhz bundan qaynaqlanır: "Ermənistan tərəfinin cəbhə xəttində artan gərginlikdən qorxuya düşməsi bir tərəfdən onların döyüş bölgəsində itkilər verməsi ilə bağlıdır. Bu itkilər erməni tərəfdə ictimai əhval-ruhiyyəyə Ermənistan dövlətinin maraqları kontekstində cavab vermir. İkincisi, erməni tərəfinin narahatlıq keçirməsi son vaxtlar Azərbaycan ordusunun daha da güclənməsi ilə əlaqədardır. Yayılan məlumatlara istinad etsək, bu günlərdə Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb. Ən müasir T-90 tanklarının Bakıya gəlişini şəhər ictimaiyyəti artıq izləyib. Ordumuzun modernləşməsi və sürətlə silahlanması istiqamətində atılan addımlar da təbii ki, erməniləri narahat etməyə bilməz. Çünki, Ermənistan Rusiya tərəfdən köhnə silahlarla təmin edilir. Hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Ermənistanın qısa zamanda məğlub olacağı birmənalıdır. Bu da Ermənistanda ciddi təşviş və narahatlıq yarada bilər. Son zamanlar Rusiya Ermənistan münasibətlərində özünü büruzə verən problemlər də ermənilər üçün narahatlıq yaradır. Baxmayaraq ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, burada rus hərbi bazaları mövcuddur, İrvan tam mənada Moskvadan asılı dövlətdir. Rusiya eyni zamanda, Ermənistana satdığı qazın qiymətini 189 dollardan, 217 dollara qaldırıb. Bu hal da erməni xalqında narahatlıq və qorxu hissi yaratmaya bilməz. Yəni Rusiyanın Ermənistanın ona sığınması fonunda, onunla belə davranması, eyni zamanda, Azərbaycanı silahlandırması hər halda Ermənistan ictimaiyyətində ciddi təşviş yarada biləcək məsələlərdir. Hər halda Rusiya ilə münasibətlər Ermənistanın hazırki ağır iqtisadi durumunun əsas nəticələrindən biridir. Bütün bunlar onu göstərir ki, yaxın perspektivdə hadisələrin bu kontekstdə davam edəcəyi təqdirdə, Azərbaycan digər vasitələrə də müraciət edib, işğal altında olan torpaqları geri qaytara bilər və qaytaracaq. Perspektivdə zaman Ermənistanın xeyrinə işləmir, ona görə də gərginliyin artması onlarda ciddi qorxu hissi yaradıb. Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbulu da hələlik onun xeyrinə olan ciddi geosiyasi faktor deyil. Ermənistan həmin birliyə heç nə verə bilməz. O, Rusiyanın lokomotiv olaraq dartısı əsasında mövcud olan dövlətdir. Sadəcə olaraq, bölgəyə təsir imkanlarını saxlamaq üçün Rusiya ondan forpost ərazi kimi istifadə edir".

Sizin Reklam Yeriniz