Əlaqə Arxiv
news Image
2014.07.03
08:20
| A A A
Təhlükəli sünni-şiə savaşı başladılır
Elman Nəsirli: “Idarəolunan xaos formasında məzhəblərarası toqquşmaların alovlana biləcəyi istisna deyil” Qabil Hüseynli: “Güman edirəm, İŞİD-in nə söyləməsindən asılı olmayaraq, onların ömrünə az qalıb,son adamlarına qədər məhv edəcəklər”

İraqın şimalını ələ keçirən "İraq Şam İslam Dövləti" adlı terrorçu qurum indi də müsəlmanların müqəddəs məkanı sayılan Kəbəni dağıdacaqları ilə hədələməyə başlayıb. Qeyd edək ki, bu terrorçu qurum sünnilərdən ibarətdir və onların fəaliyyəti şiə məzhəbli insanlara qarşı yönəlib. Hələ İraqda ilk şəhərləri tutan zaman onlar bu ölkədə müqəddəs yerlər sayılan Kərbəla və Samirəni dağıdacaqlarını bəyan etmişdilər. Bu isə həmin ölkədəki şiələrin öz ərazilərini İŞİD-in hücumlarından qorumaq üçün ayağa qalxmalarına gətirib çıxardı. Ümumiyyətlə, arxasında müəyyən qüvvələrin yer aldığı İŞİD-in əsas məqsədlərindən birinin də şiə-sünni qarşıdurması yaradılmasına nail olmaqdan ibarət olduğu aydın müşahidə deilir. Bu mənada İŞİD-in indi də Kərbəlanı dağıdacaqları fikri ilə çıxış etməsi istər-istəməz məzhəblərarası toqquşmaların alovlanmasına gətirib çıxara bilər.

Plitoloq Elman Nəsirli idarəolunan xaos formasında məzhəblərarası toqquşmaların alovlana biləcəyini istisna etmədi: "İŞİD terrorçu təşkilatının davranışı və ona olan beynəlxalq reaksiya bir qədər təəccüb doğurucudur. Belədə bu istiqamətdə bir çox suallar ortaya çıxır. Xüsusən də bu reallıqlar fonunda ABŞ-ın nüfuzlu "Nyu york Tayms" qəzetində "Yaxın Şərqin yeni xəritəsi" adlı bir yazı gedib. Burada məlum hadisələr və İŞİD-in son hərəkətləri fonunda Yaxın Şərqdə ciddi siyasi dəyişikliklərin olacağı ilə bağlı fikirlər artıq yayılmağa başlayıb. Belə fikirlər var ki, Yaxın Şərqdəki bu hadisələr fonunda məzhəblərarası konfliktin dərinləşməsi ilə regionun xəritəsinin yenidən cızılması məsələsi reallaşa bilər. Sözügedən mətbu orqan belə bir iddia ilə çıxış edib. Xüsusilə də Suriya ərazisində kürdlərin kompakt yaşadığı ərazilərdə muxtariyyətin yaradılması ətrafında məsələlərdən bəhs olunur. Eyni zamanda İsrail baş naziri Benyamin Netanyahunun kürd dövlətinin yaradılmasını dəstəkləməsi ilə bağlı fikirləri də var. Bunlar hamısı onu göstərir ki, çox ciddi, uzağa gedən məqsədləri həyata keçkirmək üçün bir sıra hallarda müəyyən dairələr idarəolunan xaos vəziyyətinin yaradılmasında maraqlıdırlar. Bu konteksdə İŞİD-in fəaliyyətinə belə passiv reaksiyanın motivlərini başa düşmək istəyirəm. Əslində, hadisələrin gedişi onu göstərir ki, müəyyən qlobal dairələr məzhəb daxili ziddiyyətlər fonunda xaos vəziyyəti yaradıb, həmin əraziləri idarə etməkdə çox maraqlıdır. Bunu həyata keçirmək üçün istifadə etdikləri qüvvələrdən, yəni İŞİD-dən indilikdə yararlanıb, o öz funksiyasını yerinə yetirdikdən sonra ondan canlarını qurtarmaq kampaniyasına başlaya bilərlər. Belə hallar mümkündür. Bunlar onu göstərir ki, sözün həqiqi mənasında, zəngin enerji potensialına malik bir region yenidən xaosa sürüklənməkdədir. Məlum terror təşkilatının fəaliyyətinə passiv davranışın olması belə qənaətə gəlməyə əsas verir. Aydındır ki, məzhəblərarası toqquşmalar dərinləşdikcə, o, öz təsir dairəsini genişləndirir və müxtəlif regionlarda da həmin məzhəb təmsilçiləri arasında konfliktin yaranması üçün münbit şəraiti təmin edir. Bu hadisə İraqda baş verirsə, belə olan halda müxtəlif məzhəblərin yaşadığı qonşu regionlarda da özünün bu və ya digər şəkildə inikasını tapması üçün münbit şərait təmin edilmiş olur. Belə hal bütövlükdə zəncirvari reaksiyaya səbəb ola bilər. Zəncirvari reaksiyaya səbəb olmaq isə sözün həqiqi mənasında regionu xaosa sürükləmək demək olacaq. Amma adi xaosdan onun fərqi, müəyyən mənada idarəolunan xaos olmasıdır. Burada müəyyən konkret məqsədlər güdülür, ona nail olmaq üçün ziddiyyətlərin dərinləşdirilməsi, məzhəblərarası gərginliyin artırılması xətti nümayiş olunur. Bu da nəticə etibari ilə, zəngin enerji ehtiyatlarına malik regionu tam təsir dairəsinə salmaq mahiyyəti kəsb edir. Belə addımlarla regionun güclnməkdə olan dövlətlərini də zəiflətmək istəyirlər. İstisna deyil ki, Suriyada kürd dövlətinin yaradılması, İraqın şimalında Kürdüstan deyilən ərazinin faktiki müstəqil fəaliyyəti, nəticə etibarı ilə prosesin Türkiyəyə də təsirsiz qalmayacağı reallığını ortaya çıxarır. Bu da Türkiyəni zəiflədən amildir".

Politoloq Qabil Hüseynli isə İŞİD-in təhdidlərinin məzhəblərarası gərginliyin pik həddə gəlib çıxmasına səbəb olacağına inanmır: "Sadəcə olaraq, müəyyən qüvvələr indi İŞİD- qıcıqlndırır. Eyni zamanda, bölgədəki sabitliyə məsuliyyət daşıyan dövlətlər, xüsusən də ABŞ başda olmaqla Qərb belə əməllərin qarşısını almalıdır. Onlar tərəfindən beynəlxalq terrorizm əsas düşmən və hədəf elan olunmuşdu. İndi də beynəlxalq terroristlərin hamısı İŞİD bayrağı altına yığılıb. ABŞ bölgədə qeyri-sabitliyin yaradılmasında rol oynayıb. İndi də qeyri-sabitliyin beynəlxalq terrorizmin yuvasına çevrilməsini əngəlləməlidir. Güman edirəm İŞİD-in nə söyləməsindən asılı olmayaraq, onların ömrünə az qalıb. Onları son adamlarına qədər məhv edəcəklər".

Sizin Reklam Yeriniz