Əlaqə Arxiv
news Image
2014.07.04
08:37
| A A A
Avropanın qurtula bilmədiyi ikili standart mərəzi
Ekspertlərə görə, bu vəziyyət Azərbaycanın dünya, o cümlədən Avropada mövqeyinin güclənməsindən narahat olanların sifarişlərinin icrasından qaynaqlanır

Bakıda keçirilən ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasında yenə də bəzi avropalı deputatlar yenə Azərbaycana münasibətdə qərəzli çıxışları ilə yadda qaldılar. Bu xüsusda Bakıda baş tutan sessiyada Danimarkadan olan deputatlar daha çox canfəşanlıq edib. Məsələn, Danimarka nümayəndə heyətinin üzvləri Karsten Laurtizen və Liv Holm Anderson belə mövqe sərgilədi.

Qeyd edək ki, Avropadan olan bəzi deputatlar ATƏT parlament Assambleyası və AŞPA-da da dəfələrlə ölkəmizə münasibətdə qərəz mövqeyindən çıxış ediblər. Bu vəziyyət Azərbaycanın dünya və o cümlədən Avrapada mövqeyinin getdikcə gücləndiyi bir dövrə təsadüf edir.

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, bəzi avropalı deputatların Azərbaycana qarşı ikili standartdan çıxış etməsi onların erməni lobbisinin təsiri altına düşmələrinin nəticəsidir: "Ötən illərlə müqayisə etdikdə, Avrapada fəaliyyət göstərən müxtəlif beynəlxalq qurumları deputatlarının ölkəmizə münasibətdə mövqeyinin dəyişdiyini müşahidə edirik. Ümumilikdə, dünyanın Azərbaycan həqiqətlərini dərk etməsi baxımından diplomatiyamız bu istiqamətdə çoxsaylı işlər görüb. Avropa Şurası Parlament Assambleyası və ardınca ATƏT-in anoloji qurumu iclasının Bakıda təşkili özü böyük əhəmiyyət kəsb edir. Bu da bir daha onu göstərir ki, ölkəmizin nüfuzu dair güclənir. Bununla belə, bəzi ölkələrdən, xüsusən də Danimarkadan olan avropalı deputatların Azərbaycanın uğurlarına göz yumaraq, ölkəmizə ikili standartlarla yanaşması heç də məqbul sayıla bilməz. Onların belə hərəkətlərinin kökündə erməni lobbisinin də müəyyən dərəcədə təsiri vardır. Ümumilikdə götürdükdə, bəzi avropalı parlamentarilər var ki, onlar konkret faktlara söykənmədən, maddi maraqları önə çəkərək, bunun müqabilində sifarişləri icra edirlər. Ölkəmizə yönəlik ikili standartlar prosesindəki ümumi görünüş belə düşünməyə əsas verir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə qeyd edir: "Bu tip siyasi tədbirlərdə Avropadan olan bəzi deputatlar ikili standartlardan çıxış edirlər. Onların bu ikili standart siyasəti özünü təəssüf ki, Azərbaycana münasibətdə də göstərir. Əslində, burada bizim üçün təəccüblü heç nə yoxdur. Bu günləri Avropadakı ATƏT, AŞPA kimi nüfuzlu qurum üzvləri həmişə öz maraq dairələrindən çıxış edib. Hər bir ölkəni təmsil edən parlamentari bu və ya digər formada öz dövləti, bəzən də ölkəmizi istəməyən qüvvələrin maraqları daxilində çıxışlar yapıblar. Artıq bu hallar bizim üçün adi hala çevrilib. Dövlət başçısı tərəfindən də dəfələrlə Avropanın bu və ya digər rəsmi qurumlarının ölkəmizə münasibətdə ikili standartlardan çıxış etməsi onların təmsil olunduğu dövlətlərə xatırladılıb. Hazırda siyasətin özü qeyri-adiliklərlə, siyasi anormallıqlarla dolub. İnsanlar həmişə öz siyasi maraqları, bu və ya digər siyasilərin mənafeləri daxilində düşünür. Bu səbəbdən də demokratiya, insan hüquq və azadlıqlarının qorunması kimi məsələləri gündəmə atmaqla, əslində Azərbaycanı təzyiq altında saxlamağı düşünürlər. Azərbaycan isə onların nə deməsindən asılı olmayaraq, ölkədə demokratik prinsiplərin daha dərindən kök atması istiqamətində ardıcıl addımlarını atır və atacaq".

Avropanın özündə demokratiyanın böyük böhranı isə Fransanın sabiq prezidenti və növbətiseçkilərdə prezidentliyə real iddiaçılardan biri Nikola Sarkozinin həbsi göstərdi. Sarkozi Fransanın məhkəmə sistemini sifarişli siyasi işləri icra etməkdə ittiham edir. Yəni bir neçə il qabaq "problemli demokratiya" ölkələrində azadlıq və demokratiyaya çağırışlar edən Sarkozinin elə özü çoxəsrlik inqilabi demokratiya ənənələrinə malik olan ölkəsində məhkəmə özbaşınalığının və repressiv siyasi sistemin qurbanına çevrilib.

Müstəntiqlər Sarkozini rüşvət verməkdə, şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərini aşmaqda və kommersiya sirrinin pozulması faktını gizlətməkdə ittiham ediblər. Qeyd edək ki, Sarkozinin dindirilməsi 15 saat davam edib. O, korrupsiya ittihamı ilə aparılan istintaq çərçivəsində ifadə verib. Sarkozi bildirir ki, o, sırf siyasi motivlərə görə cinayət təqibi ilə üzləşir.

Sizin Reklam Yeriniz