Əlaqə Arxiv
news Image
2014.07.05
09:02
| A A A
Müxalifəti daha böyük fiasko gözləyir
Tahir Kərimli: "Onlar əvvəlki illərlə müqayisədə daha pis nəticələrlə qarşı-qarşıya qalacaq" Məmməd Əlizadə: "Tərəfdaşlarının böyük əksəriyyətinin belə bələdiyyə seçkilərində müxalifət namizədlərini dəstəkləməsi gözlənilmir"

Müxalifət düşərgəsində baş verənlər onlar arasında tənəzzülün kifayət qədər sürətləndiyini göstərir. Bu qüvvələr gündən-günə daha da zəifləyirlər. Prezident seçkilərindəki acınacaqlı məğlubiyyət müxalifətin elektoratının daha da azalmasına gətirib çıxarıb. Onun sosial bazası bu seçkilərdən sonra bir qədər də daraldı. Hazırda elə bölgələr var ki, radikal müxalifətin həmin yerlərdə bir nəfər də olsun üzvü yoxdur. Olanlar da passivdirlər. Özünü lider adlandıran müxalif funksionerlər xalqdan uzaq düşmələri nəticəsində, yerli şöbələrinin də zəifləməsinə bais olublar. Hazırda ölkə növbəti bələdiyyə seçkilərinə doğru irəliləyir. Amma müxalif düşərgədə ona hazırlıq istiqamətində hansısa bir addımlar atılnır. Müxalif partiyaların istisnasız olaraq hamısı artıq elə gündədir ki, mövcud qüvvələrlə bələdiyyə seçkilərinə getmək belə gücündə deyillər. Qeyd edək ki, 5 il öncə keçirilən bələdiyyə seçkilərində müxalifətin aldığı səslər cüzi olmuşdu. Hətta əksər bələdiyyələrdə bir nəfər də olsun müxalif namizəd seçilməmişdi. Hansı ki, 5 il öncə, müxalifət indi olduğundan bir qədər güclü görünürdü. Hazırda isə onlar tamamilə fiaskoya uğrayib. Daha dərin tənəzzüldədirlər.

Vəhdət Partiyasının sədri Tahir Kərimli düşünmür ki, radikal müxalifət qarşıdan gələn bələdiyyə seçkilərində nəsə əldə edə bilsin: "Əksinə, onlar əvvəlki illərlə müqayisədə daha pis nəticələrlə qarşı-qarşıya qalacaqlar. Bu da bir neçə səbəblə bağlıdır. Müxalifət bütövlükdə o qədər geniş sosial bazaya sahib deyil ki, bələdiyyələrə təxminən 17-20 min arasında namizəd verə bilsin. Onların bütün respublikanı əhatə etmələri üçün bu sayda namizədlər lazımdır. Hazırki vəziyyətdə isə onlar, birləşdikdə belə bu rəqəmin öhdəsindən gəlmək gücünə sahib deyil. Müxalifətin sosial bazası liderlərinin səngimək bilməyən intriqaları hesabına güclü şəkildə deqradasiyaya uğrayıb. Hazırda onlar çox cüzi sosial bazaya sahibdir ki, onlar da məyus durumdadırlar. Bu məyusluğun əsasını da qeyd etdiyim kimi, liderlərin şəxsi ambissiyaları, intriqaları formalaşdırıb. İndi müxalif düşərgə partiyadan daha çox siyasi klublara çevrilib. Son mitinqləri də göstərdi ki, 800 nəfərdən artıq adam toplamaq qabiliyyətinə malik deyillər. Belədə onların yaxınlaşan bələdiyyə seçkilərində əvvəlki illərlə müqayisədə daha az namizədlə iştirak edəcəyi gözlənilir. Hansı ki, onların da seçkilərdə hər hansı bir uğura imza atacaqları ciddi səslənmir. Başqa bir tərəfdən, müxalifət bir cəbhədən çıxış etmək istəsə belə, əslində, bu da real deyil, onların seçki komissiyalarında müşahidəçi, məşvərətçi səs hüquqlu təmsilçilərlə tam təmin olunmayacağı da bəri başdan aydındır. Bütün bunlar onu göstərir ki, texniki- hüquqi, habelə qüvvə baxımından onlar qarşıdan gələn mühüm prosesə hazır deyil. Hətta deyərdim, bu gündən sonra hazırlaşmaq istiqamətində addım atsalar da, mövcud sosial bazaları ilə buna nail olmayacaqlar. Yəni, müxalifət hazırki durumda bələdiyyə seçkisinə getsə də, ona ancaq hazırlıqsız şəkildə qoşulacaq. Başqa bir məsələ isə ondan ibarətdir ki, müxalifət siyasi cəhətdən o qədər deqradasiyaya uğrayıb, çıxılması mümkünsüz dərin quyuya düşüb ki, bu halda onların bələdiyyə seçkilərində əvvəlki illərin nəticələrini üstələmək istiqamətində uğur qazanacaqlarını düşünməyə dəyməz. Əksinə, bu dəfə bələdiyyə seçkilərində onların passivliyi daha qabarıq şəkildə üzə çıxacaq. Düzdür, onlar bələdiyyələrin statusunun kifayət qədər olmaması ilə pərdələnməyə çalışırlar. Amma hər halda bələdiyyələr mövcuddur, onun uğrunda mübarizə aparmaq lazımdır. Lakin müxalifətin hazırki vəziyyəti belə bir mübarizəni cüzi də olsa aparmaq gücündən uzaqdır. Şübhəsiz, müxalifətin bələdiyyə seçkilərində daha ağır dərəcədə məğlubiyyətlə üzləşəcəyi şəksizdir".

Politoloq Məmməd Əlizadə də əmindir ki, bələdiyyə seçkiləri müxalifəti daha pis günə qoyacaq: "Müxalifətin qarşıdan gələn bələdiyyə seçkilərində hansısa bir səviyyədə mübarizə aparması belə gözlənilən deyil. Qaldı ki, onların hansısa bir uğura imza atmaları. Belə vəziyyətin yaranması bir neçə səbəbdən qaynaqlanır. Bildiyimiz kimi, Prezidentin gördüyü işlər nəticəsində cəmiyyətdə qazandığı nüfuzu, onu deməyə haqq verir ki, əhalinin böyük əksəriyyəti yenə də dövlət başçımızın siyasətini dəstəkləməkdə davam edəcək. Müxalifətin isə hansısa uğur qazanacağına inanmıram. Son bir ilin proseslərinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, müxalifət düşərgəsində olan insanların liderləri tərəfindən aldadılması, onların ümidlərinin qırılması baş verdi. Belə olan halda tərəfdaşlarının böyük əksəriyyətinin də bələdiyyə seçkilərində müxalifət namizədlərini dəstəkləmələri gözlənilmir. Müxalifətdəki sədrlər gənclərə imkan verməlidirlər, amma görünən odur ki, hələ də gənc nəslə əngəl olmaqda davam edirlər. Başqa bir tərəfdən, hələ də bu liderlər şəxsi maraqları milli-dövlətçilik maraqlarından üstün tuturlar. Ona görə də, bu qüvvələrin hansısa bir uğur qazanacağı inandırıcı deyil".

Sizin Reklam Yeriniz