Əlaqə Arxiv
news Image
2014.07.11
08:42
| A A A
Minsk qrupunun tərkibi dəyişdirilir…
Aydın Mirzəzadə: " Çox təəssüf ki, Türkiyədən başqa Minsk qrupunun digər üzvləri prosesdə bir o qədər də aktivlik nümayiş etdirmir " Qabil Hüseynli: "Minsk qrupunun digər üzvləri ATƏT sammitində məsələni qaldıraraq, hüquqlarının pozulması ilə bağlı fikirlərini ifadə edə bilərlər"

Xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə belə bir açıqlama ilə çıxış edib ki, son bir neçə ildə Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ üzrə nizamlama prosesini tamamilə öz əllərində cəmləşdirib. O vurğulayıb ki, bununla da üç həmsədr ölkə Minsk qrupunun tam tərkibdə fəaliyyətinə əngəl törədirlər. Belədə isə Minsk qrupuna daxil olan digər ölkələr, Tükiyə, İtaliya, İsveçrə və Almaniya və digərləri münaqişənin həllində yaxından iştirak edə bilmirlər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT məkanında Qarabağ münaqişəsi kimi konfliktin həllinə hansısa töhfə verə biləmyib. Minsk qrupunun özündə isə yalnız Türkiyə münaqişənin həlli ilə bağlı öz səylərini göstərməyə hazır olduğunu bildirib. Lakin işğalçı dövlət Ermənistan və Minsk qrupundakı onun hamiləri hər vəchlə Türkiyənin prosesdə aktiv olmasının qarşısını almağa çalışıbıar. Belədə görürük ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya prosesi tamamilə öz monopoliyalarına alıb. Onların fəaliyyəti isə göz önündədir. 20 ildən artıq fəaliyyət göstərmələrinə rəğmən konfliktin həlli üçün real addımlar atmayıblar. Ortaya Madrid prinsiplərini gətirsələr də, Ermənistan tərəfinin ona razılığını verməsi istiqamətində hər hansı bir tədbirlərdə bulunmayıblar. Başqa bir tərəfdən, həmsədr ölkələr arasında da problemə münasibətdə vahid mövqe yoxdur. Belə bir vəziyyətdə, Minsk qrupunun digər dövlətlərinin də prosesə qoşulub, problemin həllinə töhfə vermələri istər-istəməz prosesdə müəyyən canlanmaya rəvac verə bilər. Lakin görünür, həmsədr ölkələr üçün qrupa daxil olan digər ölkələrin prosesdə aktiv olması heç də ürəkaçan mənzərə sayılmır. Çünki, bu hal onların həll prosesindəki monopolist mövqeyini sarsıda, onlardan bəzilərinin və yaxud hər üçünün yeni həmsədrlərlə dəyişməsinə cəhdlərlə nəticələnə bilər. Bu isə ABŞ, Fransa və xüsusən də Rusiya üçün məqbul variant deyil. Görəsən, Minsk qrupunun digər üzvlərinin münaqişənin həllində yaxından iştirak edə bilməmələri problemi necə aradan qalxmalıdır?

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, belə halda tərkibin dəyişməsinə ehtiyac var: "Xarici işlər nazirinin müavini məsələni düzgün qaldırıb. Doğrudan da, səhv etmirəmsə, Minsk qrupunun 10 üzvü var. 1997-ci ilə

qədər Minsk qrupunun hər bir üzvü 6 ay müddətinə quruma növbəli sistemlə sədrlik edirdi. Sonradan isə daimi həmsədrlik institutu yaradıldı. Bununla da qrupun çevik işləməsinə şərait yaradıldı. Amma çox təssüf ki, üstündən 17 ilə yaxın vaxt keçməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyiş yoxdur. Həmsədrlər isə sadəcə, diplomatik bəyanatlar vermək və ara-sıra regiona səfər etməklə vəzifəsini bitmiş hesab edirlər. Minsk qrupunun çox nüfuzlu digər üzvləri də var. Məsələn, Türkiyə, İtaliya və Finlandiyanın adını çəkmək olar. Buna görə də Azərbaycan tərəfi məsələni düzgün qaldırıb. Hesab edirəm ki, bundan sonra digər diplomatik addımlar da atılacaq. Çox təəssüf ki, Türkiyədən başqa Minsk qrupunun digər üzvləri prosesdə bir o qədər də aktivlik nümayiş etdirmir. Türkiyə məsələni digər ölkələrlə müzakirə edir, Ermənistana sanksiyalar tətbiq edir. Qardaş ölkə məsələnin həllində həmsədr olmasa da, faktiki, dördüncü həmsədr kimi iştirak edib. Ancaq digər ölkələrdə belə bir fəallıq yoxdur. Ona görə də, görünür, qrupun yenidən təşkilinə ehtiyac var".

Politoloq Qabil Hüseynli düşünür ki, münaqişənin həllində aktiv olmaq istəyən Minsk qrupunun digər üzvləri bununla bağlı ATƏT-in sammitinə müraciət etməlidir: "Rəhbərliyi və bütün səlahiyyətləri onsuz da Minsk qrupunun üç həmsədrinə veriblər. Onların arasında da həmahənglik yoxdur. Minsk qrupunun üç həmsədri araslnda ciddi rəqabər var. Fransa da müəyyən gedişlər edir. ABŞ hesab edir ki, Rusiya Dağlıq Qarabağ problemindən spekulyasiya məqsədləri naminə istifadə edir və problemin obyektiv həllinə çalışmır. Bu nöqteyi-nəzərdən onlar arasında təkcə Minsk qrupunda deyil, həm də Cənubi Qafqaz uğrunda ciddi yarış başlayıb. Yaxın vaxtlarda bu olay özünün pik nöqtəsinə çatacaq. Minsk qrupundakı digər ölkələrə gəldikdə, onlar özləri təşəbbüsdə bulunsalar, bununla əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət edə bilərlər. Ya da ATƏT sammitində məsələni qaldıraraq, hüquqlarının pozulması ilə bağlı fikirlərini ifadə edə bilərlər".

Sizin Reklam Yeriniz