Əlaqə Arxiv
news Image
2014.07.24
08:39
| A A A
Düşmən dəyirmanına su tökənlər
"Daxildə xalqın etimadını qazanmaqda aciz olduqlarından, radikal müxalifət bunun əvəzini Azərbaycana qarşı xarici düşmənçiliyin artmasında görürlər" "Müxalifətin belə mövqeyi şəxsi maraq və ambissiyalarını dövlət maraqları və xalqın mənafeyindən üstün tutmasından qaynaqlanır"

Azərbaycana qarşı bəzi beynəlxalq dairələr ikili standartlardan yanaşmaqda davam edir. Maraqlısı odur ki, Azərbaycan inkişaf etdikcə, dünya miqyasında nüfuzu artdıqca, həmin dairələrin ölkəmizə münasibətdə qərəzçiliyi daha da artır. Hətta bəzi Qərb ölkələrinin bir sıra rəsmiləri belə Azərbaycanla bağlı yalan, qərəzli fikirlər səsləndirir. Azərbaycanın inkişaf edərək qüdrətli dövlətə çevrilməsi, ən azından indilikdə bölgənin söz sahibi olması bir çox ölkələri narahat edir. Qərbin yürütdüyü ikili standartın nəticəsidir ki, hələ də işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın nəzarəti altındadır. Azərbaycan hakimiyyəti hər zaman Qərbin ikili stardart siyasətini ifşa edərək, dövlətin haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması uğrunda çalışıb və çalışmaqdadır. Bu istiqamətdə aparılan düzgün siyasət nəticəsində konkret uğurlar da əldə edilib. Buradan görünür ki, iqtidar dövlət və xalqın marağını önə çəkərək, hər zaman Qərbdəki bəzi dairələrin ölkəmizə qarşı iftira dolu təhdidlərinə kəskin cavab verib. Əslində, dövlətə qarşı xaricdən yönələn qərəzli təhdidlərə qarşı bütün cəmiyyət, o cümlədən hakimiyyət iddiasında olan müxalifət də mübarizə aparmalıdır. Amma Azərbaycan timsalında radikal müxalifətin xaricdən gələn dövlətimizə qarşı qərəzli mövqelərə hansısa bir mənfi reaksiya bildirdiyinin bu günə qədər şahidi olmamışıq. Onlar əksinə, bir çox hallarda xaricdə dövlətimizə münasibətdə qərəzlə dolu mənfi fikirdə olanlara dəstək nümayiş etdiriblər. Halbuki, tamam əks proses müşahidəoşlunmalıdır. Məsələn, Türkiyədə dövlətə qarşı xaricdən gələn təpkilərə, qərəzli fikirlərə nəinki təkcə iqtidar, habelə müxalifətdə olan patriyalar da kəskin etirazlarını, sərt reaksiyalarını bildirirlər. Bununla onlar dövlətə, millətini sadiq olduqlarını nümayiş etdirir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın radikal müxalifəti dövlətçilik keyfiyyətindən uzaq olduğundan, xaricilərin ölkəmizə qarşı ikili standartlarla yanaşmasına göz yumur, hətta dəstəklərini də ifadə edirlər.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, radikal müxalifət dövlətçilik keyfiyyətlərindən uzaq olduğundan, xarici dairələrin ölkəmizə qarşı qərəzli mövqelərinə göz yumur, hətta bir sıra hallarda dəstək də verirlər: "Bəlkə də Türkiyədəki müxalifət ölkə iqtidarına münasibətdə daha radikaldır. Amma heç zaman görməmişik ki, qardaş ölkənin müxalifəti hansısa xarici ölkə nümayəndəsi, səfiri qarşısında öz dövlətindən şikayət etsin. Türkiyənin iqtidarlı müxalifətli bütün siyasiləri dövlətlə bağlı məsələlərdə ABŞ və yaxud Avropa Birliyi ölkəsi olmasından asılı olmayaraq, xarici təhlükə və təhdid qarşısında həmişə bir olublar. Türkiyədəki siyasilərin bu münasibəti adamı heyran edir. Onlar üçün iqtidarlı müxalifətli olmasından asılı olmayaraq, öndə dövlət və xalqın mənafeyi dayanır. Özüm də müxalifətçi olmuşam. Vaxtilə ölkəmizə "İpək yolu"nun müəllifi olan senator Braumberq gəlmişdi. Onunla görüşdə, habelə xarici dövlətlərin Bakıdakı səfirləri ilə təmaslarımda heç zaman vicdanıma sıxışdırmamışam ki, öz dövlətimdən onlara şikayət edim. Əksinə, onlara açıq olaraq bildirmişik ki, Azərbaycana münasibətdə ikili standartdan çıxış edirlər, işğalçı Ermənistana xristian təəssübkeşliyindən yanaşırlar. Ölkəmizə qarşı qərəzli olduqlarını, Qafqazda Azərbaycan torpaqları hesabına xristian anklavını böyütməyə çalışdıqlarını, 1 milyon azərbaycanlı qaçqının olmasını görməməzliyə vurduqlarını onların diqqətinə dəfələrlə çatdırmışıq. Bunları deməkdə məqsədim odur ki, hansı mövqedən asılı olmayaraq, Azərbaycana qarşı Qərbin yürütdüyü ikili və qərəzli standarta qarşı iqtidarlı müxalifətli yekdil münasibət bildirməliyik. Amma təəssüf edirəm ki, radikal müxalifət bunun əksini nümayiş etdirir. Radikal müxalifət xaricdə Azərbaycan əleyhinə səslənən fikirləri, yazılan məqalələri sanki bir sevinclə qarşılayırlar. Bu fikirlərin haqlı və ya haqsız olması onları heç narahat etmir. Belə vəziyyət radikal müxalifətin gözlərini düşmənçiliyin örtməsi ilə bağlıdır. Hər hansı bir məsələ ilə bağlı daxildə iqtidara münasibətdə radikal mövqe sərgiləmək olar, amma Azərbaycanın mənafeyi və maraqlarına cavab verən məqamlara müxalifətin ən yaxşı halda göz yumması, ölkəmizə qarşı xarici təpkiləri daha da qızışdırmaq cəhdləri dövlətimizin xeyrinə deyil, belə hallar ölkəmizə ziyan gətirir. Radikal müxalifətin ölkəmizə ziyan gətirən bu hərəkəti nə olur-olsun iqtidarı, dövləti zəiflətməyə hesablanıb. Onlar iqtidarı zəiflətməklə, hakimiyyətə gəlmək üçün xaricilərin dövlətimizə ziyan olsa da belə, istənilən arzularını icra etməyə hazırdırlar. Bilirsiniz ki, daxildə radikal müxalifət artıq sosial bazalarını itirib, siyasi partiyalar diskussiya klublarına çevrilib. Sosial bazalarını itirdiklərindən, indi də xaricə üz tuturlar ki, onların da ölkəmizə qarşı təzyiqləri guya radikalların maraqlarına cavab verən formada hansısa səmərə verə bilər. Ona görə də hazırda fəaliyyətlərini məhz bu istiqamət üzrə qurublar. Azərbaycan barədə məlumat ötürür, onları ölkəmizə qarşı daha ciddi təzyiqlər göstərməyə şirnikləndirirlər. Bu da onu göstərir ki, Azərbaycanın radikal müxalifəti düşmənimin düşməni mənim dostumdur prinsipi üzrə hərəkət edir. Daxildə xalqın etimadını qazanmaqda aciz olduqlarından, həmin qüvvələr bunun əvəzini Azərbaycana qarşı xarici düşmənçiliyin artmasında görürlər".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd etdi ki, şəxsi ambissiyalar müxalifəti xaricilərin ölkəmizə qarşı qərəzli mövqe sərgiləmələrinə göz yummağa meylləndirib: "Xaricdəki bir sıra qrupların ölkəmizə qarşı qərəz sərgiləməsinin motivi aydındır. Onları Azərbaycanın güclənməsi əndişələndirib. Bu səbəbdən də hər vasitə ilə çalışırlar ki, ölkəmizi ləkələsinlər. Bu yolda da onlara təəssüf ki, daxildəki radikal qüvvələr yardımçı olur. Radikal müxalifətin Azərbaycana qarşı Qərbin ikili standart sərgiləməsinə göz yumması, əslində onları dəstətləmək mənasına gəlir. Belə hərəkətləri ilə görünür, müxalifət xarici hamilərindən daha çox maliyyə dəstəyi almağı düşünürlər. Ona görə də, dövlətimiz əleyhinə olan təpkilərə də belə hər hansı bir etiraz reaksiyasını bildirmirlər. Çünki, etiraz etsələr, səslərini qaldırsalar xaricdən gələn dəstəkdən məhrum ola biləcəklərindən qorxurlar. Ona görə də, susmağa, hətta xaricilərin ölkəmizə qarşı qərəzli fikirlərini dəstəkləməyə üstünlük verirlər. Müxalifətin belə mövqeyi onların öz şəxsi maraq və ambissiyalarını dövlət maraqları və xalqın mənafeyindən üstün tutmasından da qaynaqlanır. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı bu qüvvələri dəstəkləmir və onların sıraları ilbəil azalır".

Sizin Reklam Yeriniz