Əlaqə Arxiv
news Image
2014.07.25
08:48
| A A A
Müxalifələr yenə cinayəti siyasətdən ayırmır
Elçin Mirzəbəyli: “Hadisələrin siyasiləşdirilməsi radikal müxalifət düşərgəsinin Azərbaycana düşmən kəsilən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsinə gətirib çıxarır” Kamil Seyidov: “Radikal müxalifətin ətrafında gedən proses yekun nəticədə ictimaiyyətə bu cür yayılır”

Radikal müxalifət bu dəfə süstlüyünü narkoman üzvü ilə poza bildi. Lakin hadisələrin inkişafı baş vermiş olayın yenə siyasiləşdirilməsinə cəhdlər olduğunu üzə çıxarır. Üzərində narkotik vasitə ilə tutulan Müsavat Partiyasının üzvü Fərəc Kərimlini də bütün vəchlə indidən "siyasi dustaq" siyahısına salmağa çalışırlar. Necə ki, bundan öncə də müxalifətin oxşar ssenarilər üzrə hərəkət etdiyini gördük. Onların sırasında dayanan bütün şəxslərin ixtiyari cinayət əməlini siyasi müstəviyə çəkməyə çalışıblar.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, hadisələrin siyasiləşdirilməsi radikal müxalifət düşərgəsinin Azərbaycana düşmən kəsilən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşməsinə gətirib çıxarır: "Radikal düşərgənin mövcuduluğu faktiki olaraq, ətrafındakı QHT və hüquq müdafiəçilərinin vasitəsi ilə Azərbaycan əleyhinə donos ötürməkdən ibarətdir. Hansısa şəxsin guya siyasi motivlərə görə həbs olunduğunu önə çıxaranda Azərbaycana düşmən mövqeyində dayanan beynəlxalq təşkilatlar onların bu "layihə"lərini maliyyələşdirirlər. Radikal müxalifət məhz bu müstəvidə mövcudluğunu qoruyub saxlayır. Ortada konkret cinayət faktı varsa, araşdırlacaq. Şəxsin hansısa siyasi partiyanın üzvü olması onu cinayət məsuliyyətindən azad etmir. Normal şəraitdə istənilən şəxs, istənilən siyasi qurum ilk növbədə istintaqın nəticələrini və məhkəminin hökmünü gözləməlidir. Əgər fəaliyyətində cinayət motivi yoxdursa, istintaq buna aydınlıq gətirəcək. Fərəc Kərimli adında bir insanı Azərbaycanda heç kəs tanımır. O, mühüm siyasi fiqur deyil. Nəinki Fərəc Kərimli, hətta Müsavat Partiyasının siyasi elitasındakı uzun illərdir, siyasi fəaliyyətlə məşğul olan insanlar belə Azərbaycan ictimaiyyəti tərəfindən təbliğ olunmur, dəstək almır. Belə olan təqdirdə Fərəc Kərimlinin və ya başqası haqqında uydurma hansısa ittihamın irəli sürülməsinə nə ehtiyac var?! Bu, çox primitiv yanaşma kimi ortaya atılıb. Onlar nə danışdıqlarını fərqinə varmırlar. Bir daha görünür ki, onlara sadəcə, bəhanə lazımdır. Onların siyasi məhbus siyahılarına diqqət yetirsək, görərik ki, həmin siyahıda terrorçuların, İranın casuslarının adları var".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, Müsavat Partiyasının daxili siyasətində bu istiqamət ən incə yerlərdən birini tutur: "Əyalət səviyyəsində siyasətlə məşğul olan Müsavat Partiyasının hansısa bir üzvünün fərdi şəkildə etdiyi hərəkəti yekun olaraq siyasi fəaliyyətlə bağlayırlar. Hər dəfə yekun nəticəni həmin partiyanın üzvü olduğu üçün Müsavata təzyiq kimi qələmə verirlər. Özlərinin kütləvi informasiya vasitələrində məsələləri bu cür şişirdir və tirajlayırlar. Növbəti proseslərdə xarici donorlara hesabat verəndə belə hallar əsasında guya partiyaya olan təzyiqlərdən statistik rəqəm kimi istifadə edirlər. Müsavatın üzvüdürsə, onun üçün qanun tətbiq oluna biməzmi? Olunacaqsa, bundan Müsavat siyasi rupor kimi istifadə edəcək? Artıq neçə illlərdir, belə hadisələrin şahidiyik. Bu, partiyanın etiket normasına çevrilib. Radikal müxalifətin ətrafında gedən proses yekun nəticədə ictimaiyyətə bu cür yayılır. Əslində, bu, siyasi reklamdır. Həm də göstərmək istəyirlər ki, guya müxalifətçilik işi məşğuldurlar. Lakin həmin qüvvələrin bu gün müxalifliyi görünmür".

Sizin Reklam Yeriniz