Əlaqə Arxiv
news Image
2014.07.26
08:37
| A A A
Leyla Yunus yenə erməni dəyirmanına su tökür
Məmməd Əlizadə: “O, milli azadlıq hərakatından bu günə qədər həmişə dövlətə zidd addımları ilə tanınıb” Tahir Kərimli: “Leyla Yunus belə əməllərlə xaricdən dividend almaq istəyir”

Ölkəmizin hər növbəti uğuruna müxalifətin radikal qanadlı mütləq hansısa xələl gətirməyə cəhd edir. Bu dəfə artıq düşmən dəyirmanına su tökməkdə kifayət qədər peşəkarlaşan "hüquq müdafiəçisi" Leyla Yunus daha çox ön plana çıxmağa çalışır. O, gələn il Azərbaycanda keçiriləcək və ölkəmiz üçün böyük əhəmiyyətə malik olan Avropa Olimpiya Oyunlarının boykot edilməsi tələbi ilə çıxış edib. Leyla Yunus bununla bağlı ictimai dinləmələr keçirmək niyyətindədir. Aydındır ki, bu məsələdə Azərbaycanı istəməyənlər, o cümlədən ermənilər çox maraqlıdır. Elə bu xanım da daha çox ermənilərlə iş birliyinə görə tanınmaqdadır. Son zamanlar isə daha çox hüquq-mühafizə orqanlarına hörmətsizliyi ilə gündəmdədir.

Siyasi şərhçilərin fikrincə, hüquq müdafiəçisinin bu arzusu tək onun yox, ümumilikdə radikal müxalifətin müəyyən kəsiminin fikrini ifadə edir. Bütün bunlar həm də dövlətçiliyə qarşı hesablanmış təşəbbüslərdir. Ancaq "Eurovision- 2012" öncəsi və sonrası olduğu kimi, bu dəfə də nəyəsə nail olacaqları real görünmür.

Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə bildirdi ki, Leyla Yunusun belə addım atması gözləniləndir: "O, milli azadlıq hərakatından bu günə qədər həmişə dövlətə zidd addımları ilə tanınıb. 1988-ci ildən bu günə qədər özlərinin şəxsi və digər dövlətlərin maraqlarına xidmət etmələri həmişə vətənpərvərlər tərəfindən ciddi şəkildə tənqid olunub. Buna Leyla Yunusun timsalında adi hal kim baxmaq lazımdır. Çünki, bu, Leyla Yunusdur. Leyla Yunus demokratiya adı altında "Soros" təşkilatı ilə ermənilərlə bağlılığı, Azərbaycanın milli maraqlarını onların maraqları çərçivəsinə salınmasını düşüncəsi ilə fəaliyyət göstərən şəxs olub. Azərbaycanın dünya tərəfindən bəşəriliyi yüksək dəyərləndirən ölkə kimi tanınması bəzilərində qısqanclıq yaradır. Avropa Olimpiya oyunlarını ilk dəfə Azərbaycanda keçirilməsi də bəzilərinin qısqanclığına səbəb olur. Leyla Yunus həmin insanların içindədir. Ancaq bunlar boş cəfəngiyyatdır. Onların atdıqları addımlar dövlətimizin onlara qarşı göstərdiyi yumşaqlıqdan irəli gəlir. Leyla Yunusun vaxtı ilə polis nəfərinə etdiyi hərəkətlərə dünyanın heç bir yerində imkan verməzdilər. O, hərəkətinə görə cəzaya məhkumdur. Azərbaycanın heç kəsə sübuta ehtiyacı yoxdur ki, demokratik cəmiyyət quruculuğnda önəmli işlər görür. Keçən əsrin əvvəlində ilk demokratik respublikanın yaranması, qadınların Şərqdə ilk dəfə səsvermədə iştirakı və digər məsələlərdə Azərbaycan həmişə öndə gedib. Milli, dövlətçilik maraqları önə çəkilməlidir. Bəşəri dəyərlər də qorunmalıdır. Amma "atam mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi ilə yaşamamalıyıq".

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, belə boykot çağırışları "Eurovision" öncəsi də olmuşdu: "İlk növbədəbu bu cür beynəlxalq yarışların ölkəmizə nə verdiyinə diqqət etmək lazımdır. "Eurovision" müsabiqəsi ölkəmizi dünyada kifayət qədər tanıtdı. Ondan sonra Avropa bizi daha çox tanımağa başaldı. İndi isə ilk Avropa Olimpiya oyunları Bakıda keçirilir. Bu, o deməkdir ki, Avropanın Azərbaycana etimadı çoxalır, dövlətimizin nüfuzu qalxır. Bu işdə pulun az-çox xərclənməsi başqa məsələdir. Çox pul ona görə xərclənir ki, bizdə hazır infrastrukturlar yoxdur. Yəni, bunlar obyektiv xərclərdir. Dövlətçilik baxımından boykota çağırş isə səhv hərəkətdir. Digər tərəfdən siyasi səhvdir. Biz dövlətimizin uduzmasına, siyasi ambisiyaların qurbanı olmasına razı olmalı deyilik. İnsan haqları barədə şüarlar səsləndirə, müxalitəçi mövqedə dura bilərlər. Ancaq bütün bunlar hüquq daxilində olmalıdır. Onsuz da Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcək. Bu işlər Qarabağ məsələsinə, Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasına kömək edən məsələlərdir. Müxalifət isə nəyəsə nail olmayacaq. Beynəlxalq təşklatların diqqətini Azərbaycana cəlb etmək üçün bu cür çıxışlar edəcəklər. Sosial bazadan məhrum olmuş müxalifət xalqdan dəstək ala bilmir. Leyla Yunus belə əməllərlə xaricdən dividend almaq istəyir. Ancaq bunlar mənasız təşəbbüslərdir".

Sizin Reklam Yeriniz