Əlaqə Arxiv
news Image
2014.08.27
08:45
| A A A
Qarabağ münaqişəsi ilə bağlı ABŞ prezidenti vasitəçiliyə başlayır?!
Elşən Manafov: " Əsas məsələ odur ki, Amerika bu danışıqlarda ya formatın dəyişilməsinə nail olmalı, ya da mahiyyət etibarı ilə təşəbbüsü ələ almalıdır" Qabil Hüseynli: "Obama ilə Kerrinin həll prosesində iştirakı asılıdır məsələnin formatının hazırlanmasından"

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, bir müddət Minsk qrupunun həmsədri postunda çalışan Metyu Brayza bu günlərdə maraqlı bir açıqlama ilə çıxış edib. Belə ki, o ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin çözümündə şəxsən iştirak etməli olduğunu diqqətə çatdırıb. Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın Qarabağ münaqişəsilə bağıl BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin

yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib. ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.


Qeyd edək ki, ABŞ dövlət başçısının sözügedən konfliktin həllində şəxsən iştirak etməsi məsələsi bu günə qədər gündəmə gəlməmişdi. Ağ Ev məsələnin çözümünü birbaşa olaraq həmsədrə həvalə edib. Lakin indi birdən-birə Metyu Brayzanın timsalında okeanın o tayından çözüm prosesinə Obama ilə Kerrinin fəal qatılması məsələsi də ortaya gətirilir.

Politoloq Elşən Manafov münaqişənin çözülməsində belə bir formatda iştirakın o qədər də mümkün olmadığı qənaətindədir: "Yəqin ki, Metyu Brayzanın Qarabağ konfliktinin çözülməsində Obama və Kerrinin şəxsən iştirak etməli olduğu barədə açıqlaması Cənubi Qafqazda yaranmış vəziyyətdən irəli gəlir. Brayza belə bir açıqlama verməklə problemin çözülməsi ilə bağlı danışıqların Obamanın nəzarəti altına keçməsinə eyham edir. Məqsəd də bundan ibarətdir ki, prezidentin öz nəzarəti altında danışıqlara daha impulsiv və dinamik xarakter vermək olar. Əsas məsələ odur ki, Amerika bu danışıqlarda ya formatın dəyişilməsinə nail olmalı, ya da mahiyyət etibarı ilə təşəbbüsü ələ almalıdır. Amma güman etmirəm ki, Obama və ya Kerri özü danışıqların aparılması ilə bağlı məsələlərdə mandat sistemindən imtina edib, bilavasitə danışıqların aparılmasını öz nəzarətləri altına alsınlar. Hər halda bu diplomatik qaydalarla ciddi ziddiyyət təşkil edəcək. Ümumiyyətlə, ABŞ praktikasında belə bir halı xatırlamıram ki, səlahiyyətli nümayəndə ola-ola prezidentin özü birbaşa danışıqları nəzarət altına alsın. Digər tərəfdən, güman edirəm ki, hazırda atəşkəs xəttindəki müəyyən gərginlik aradan qalxdıqdan sonra, ABŞ-ın bu danışıqlarda təşəbbüsü öz əlinə almaq və belədə prosesi prezidentin nəzarəti altına verməsinə ciddi zərurət olsun. İkinci amil ondan ibarətdir ki, hazırda ABŞ, Qərb və Rusiya arasında Ukrayna ətrafında kəskin bir qarşıdurmanın yaşandığı bir şəraitdə, Cənubi Qafqazda da qarşıdurmanın güclənməsinə zərurət yoxdur. Amerika bunu başa düşür. Nəzərə almaq lazımdır ki, Obamanın tənqidçiləri onu məhz loyallıq, daha ciddi, radikal addımlar ata bilməməkdə ittiham edirlər. Bu fikirlərin arxasında da müəyyən məntiq var. Obama hər halda Putin rejimi ilə mübarizəni diplomatik kanallarla və daha çox iqtisadi sanksiyalar tətbiq etmək yolu ilə aparmaqda həmişə israrlı olub. Yəqin ki, bu da ABŞ rəsmilərinin Rusiya kimi nüvə silahına malik nəhəng dövlətlə hərbi qarşıdurmaya getməyin istənilən nəticəni verməyəcəyini anlamalarından irəli gəlir. Gerçəkdən Rusiya güclü bir dövlətdir və Ukraynada yaşanan hadisələr bir daha bu fikri təsdiqləyir. Ukrayna separatçılarının arxasında bu və ya digər mənada Rusiyanın dayandığı birmənalı olaraq məlumdur. Son 2-3 gündə onu görürük ki, Rusiyanın desant qüvvələri Ukrayna ordusu tərəfindən alınan yaşayış məntəqələrinin bəzilərini azad edib. Bu mənada güman etmirəm ki, Obama Ukrayna problemini çözmədən Cənubi Qafqazda Rusiya ilə daha ciddi bir qarşıdurmaya getmiş olsun. Hazırki status-kvo ABŞ və onun Qərbdəki müttəfiqlərini qane etməməlidir. Lakin bununla belə status-kvonun dəyişməsi üçün nə regional, nə də digər geopolitik şərtlər hələlik yetiçməyib".

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, ABŞ liderlərinin iştirakı məsələnin formatından asılıdır: "Bu fikirləri sadəcə olaraq, Metyu Brayzanın öz şəxsi fikirləridir. Ancaq, bununla belə düşünürəm ki, Qarabağ konfliktinin çözülməsində Obama və ya Kerri də şəxsən iştirak edə bilərlər. Amma onların iştirakı baxır məsələnin formatının hazırlanmasına. Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərini görüşdürür. Bununla belə, məsələ həll istiqamətində müəyyən mərhələyə çatarsa, onda Minsk qrupuna daxil olan ölkələrin prezidentləri, xarici işlər nazirləri təbii ki, hamısı prosesdə iştirak edəcək. O cümlədən, Barak Obama ilə Kerri də. Lakin indilikdə məsələ ölü nöqtədən tərpənməyib. Ona görə bu barədə indidən bir şey demək olmaz".

Sizin Reklam Yeriniz