Əlaqə Arxiv
news Image
2014.09.02
08:42
| A A A
Qarabağa görə Qərbin Ermənistana təzyiqləri başlanır
Hatəm Cabbarlı: “Qərb Rusiyanın Ukraynadakı addımlarını Cənubi Qafqazda öz hegemoniyasını bərpa etmək təşəbbüsi kimi dəyərləndirir” Vəfa Quluzadə: “Ermənistanı başa salacaqlar ki, Rusiyadan ayrılmağın vaxtıdır”

Atəşkəs hallarının pozulmasının nisbətən azalması ilə yadda qalan Soçi görüşündən sonra Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlar üçün növbəti dəfə bir araya gəlməsi gözlənilir. Bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik xəbər verib. Həmsədr avqust ayının əvvəlində cəbhədə olan gərginliyi şərh edərkən bildirib ki, cəbhə xəttindəki münaqişə zamanı onlarla insanın ölməsi bizi sülhün nailiyyətinə gedən yolda geriyə salır: "Həll yollarını tapmaq üçün işləmək və danışıqlar stolu arxasında səyləri ikiqat artırmaq lazımdır. Bunun üçün isə atəşkəs rejiminə əməl etmək ilkin şərtdir. Odur ki, prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər". Qeyd edək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək. Hələlik sözügedən görüşün baş tutacağı barədə rəsmi məlumatlar olmasa da, baş tuta biləcək görüşdə konkret nəticələrin əldə olunub-olunmayacağı ilə bağlı fikirlər fərqlidir. Xatırladaq ki, bu dəfə məkan fərqlidir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, Soçi görüşü müsbət nəsə vermədi: "Rusiya cəbhədə sabitliyə nəzarət etmək məqsədi ilə Soçi görüşünü təşkil etmişdi. Bu görüşdə əsasən atəşkəsin şərtlərinə əməl edilməsi məsələsi müzakirə edildi. Soçi görüşü ərərfəsi və ondan sonra Qərb, ABŞ bu görüşdən olduqca narahat olmağa başladılar. Qərb Rusiyanın Ukraynadakı addımlarını Cənubi Qafqazda öz hegemoniyasını bərpa etmək təşəbbüsi kimi dəyərləndirir. Soçi görüşündən ərəfəsində Qərb prezidentlərin yenə də görüşə biləcəyini vurğulamışdı. İndi də amerikalı həmsədr xəbəri təsdiqlədi. Ancaq bu görüşdə də tərəflər arasında bir razılaşmanın əldə edilməsi mümkün görünmür. ABŞ bu görüşü daha çox Rusiya qarşısında psixoloji revanş kimi görür. Yəni, Rusiyanın Soçi görüşünü təşkil etməsi sanki onun problemi həll etməkdə bir addım önə çıxması kimi fikir formalaşmışdı. Qərbin də təşəbbüsü Rusiyaya vermək istədiyi bir cavabdır. Bu görüşdə yenə də tərəflərdən atəşkəsin şərtlərinə daha ciddi əməl edilməsi, problemin sülh yolu ilə həll olunması tələb olunacaq. Son zamanlar bölgədə, Yaxın Şərqdə təhlükəsizliyin ciddi şəkildə zədələndiyi bir ərəfədə Azərbaycan və Ermənistan arasında da vəziyyətin gərginləşmməməsinə çalışacaqlar. Bu baxımdan prezidentlərin növbəti görüşündən konkret irəliləyişlər gözləmək doğru olmazdı. Əsas səbəb Ermənistanın konstruktiv mövqe nümayiş etdirməməsi və danışıqlarda problem çıxarmasıdır. Azərbaycan isə sülh yolunu tutsa da, hərbi və digər yolları da nəzərdə saxlayıb. Amma hələlik şərait yetişmədiyi üçün hərbi əməliyyatların başlaması məqsədəuyğun deyil. Ona görə də Azərbaycan öz ordusunun potensialını artırmaqla Ermənistana iqtisadi sanksiyalar və müxtəlif təzyiqlər göstərməyə çalışır ki, bu da Ermənistan ictimaiyyətində ciddi narazılığa səbəb olub".

Politoloq Vəfa Quluzadə isə bu görüşü olduqca müsbət qiymətləndirdi: "Birincisi, ona görə ki, Ermənistan qeyri-Rusiya məkanında olacaq. Ermənistanı Azərbaycan ilə sülhə getməyə vadar edəcəklər. Bundan başqa, Ermənistanı başa salacaqlar ki, Rusiyadan ayrılmağın vaxtıdır. Bunların da hamısı münaqişənin həllinə yaxın gələcəkdə müsbət təsir edəcək. Məlumdur ki, Qarabağ problemini Rusiyanın özü yaradıb və idarə edir. Deməli, Rusiyanın bu məsələni həll etmək fikri yoxdur. Amma Qərbin belə fikri var".

Politoloq qeyd etdi ki, Soçi görüşündə bilərəkdən atəşkəs pozulmuşdu: "Ona görə də Soçi görüşünün nailiyyətini atəşkəsə nail olmaq kimi adlandırmaq olmaz. Onsuz da atəşkəs yoxdur. Atəşkəs hər gün də ermənilər tərəfindən pozulur. Bu görüşdən isə konkret nəyə nail olunacağını indidən demək çətindir. Nəticələrini ancaq gözləmək lazımdır. Çünki, hələlik bizim regionda qüvvə kimi Azərbaycanı hər tərəfdə mühasirədə saxlayan Rusiyadır. Ona görə də burada Qərbin rolu böyük olmalıdır. Qərb bizim regionda öz mövcudluğu artırmalıdır. Bunu da Rusiya istəmir. Ancaq Qərb Rusiyadan güclüdür. Gec-tez buna nail olacaq".

Sizin Reklam Yeriniz