Əlaqə Arxiv
news Image
2014.09.09
08:21
| A A A
Azərbaycana qarşı növbəti ikili standart
Elman Nəsirli: "Böyük dövlətlər və onların himayəsində olan beynəlxalq təşkilatlar öz maraqlardan çıxış edərək addımlar atır" Elşən Manafov: " NATO-nun özünün də Azərbaycana Ukraynadan fərqli münasibət bəsləməsi ölkəmizin bu quruma üzv dövlətlərindən silah, hərbi-sursat alması məsələsini hələlik arxa plana çəkib "

NATO ölkələri Ukraynada baş verən hadisələr fonunda Kiyevi silah və hərbi sursatla təmin etməyi qərara alıblar. Qurumun Uels sammitində artıq bu barədə razılaşmalar da əldə olunub.

Ukrayna kimi 25 ildir separatizmlə üzləşən, torpaqlarının bir hissəsi işğal altında olan Azərbaycan da NATO-dan silah almaq istəyir. Amma maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinə görə, Avroatlantika bloku Azərbaycana silah satmır. Bəhanəni də onunla əsaslandırmağa çalışırlar ki, qurum münaqişə tərəflərinə silah satmamağı qərara alıb. Düzdür, Azərbaycan öz silah və hərbi texnikaya olan tələbatını yerli istehsal, habelə, İsrail, Türkiyə, Pakistan, Rusiya və digər ölkələrdən alınan hərbi sursat hesabına ödəyir.

NATO isə qeyd etdiyimiz kimi, ölkəmizlə bu sahədə əlaqələr qurulmasında aktiv deyil. Təbii ki, söhbət burada NATO-nun üzvü olan Qərb dövlətlərindən gedir. Belə vəziyyətin özü də onu göstərir ki, NATO eyni vəziyyətlə, separatizmlə üzləşən iki dövlətə münasibətdə fərqli yanaşma tərzi nümayiş etdirir. Onlardan birinə separatizmlə mübarizədə hərtərəfli hərbi və s. yardımlar edir, digərinə isə bunu etməkdən yayınır.

Politoloq Elman Nəsirlinin fikrincə, NATO-nun sözügedən məsələdə belə fərqli yanaşma tərzi nümayiş etdirməsi, onun öz maraqları əsasında ikili standartlardan çıxış etməsindən irəli gəlir: "NATO ölkələrinin Ukrayna, eyni zamanda Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana münasibətdə davranışı təəssüflə onu göstərir ki, beynəlxalq münasibətlərdəki ikili standartlar bu gün nəinki öz "yaşam hüququ"nu qoruyub saxlayır, əksinə daha da möhkəmlənməkdədir. Məsələ ondadır ki, NATO rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsilə bağlı tənzimlənmə prosesində birbaşa iştirak etmədiklərini dəfələrlə qeyd ediblər. Onlar bu istiqamətdə ATƏT-in Minsk qrupunun fəaliyyətini təqdir etdiklərini, münaqişə tərəfləri hər hansı bir razılığa gələrsə və problem həllini taparsa, ondan sonra istənilən razılaşmanı dəstəkləyəcəklərini bəyan edirlər. NATO rəhbərliyi həmçinin, onu da qeyd edir ki, münaqişəsi olan tərəflərin quruma qəbulu mümkün deyil. Münaqişəsi olmayan dövlətlərin isə NATO-ya qəbulu perspektivi var. Lakin Ukrayna hadisələrində bu istiqamətdə fərqli münasibətlərin şahidi oluruq. NATO-nun Uels sammiti göstərdi ki, qurum ölkələri Rusiyaya münasibətdə son dərəcədə sərt mövqe irəli sürür və birmənalı şəkildə Ukraynanı, onun ərazi bütövlüyünü dəstəkləyirlər. Bu yanaşma çox pozitiv yanaşmadır. Çünki, Azərbaycanın özü də ərazi bütövlüyünün pozulması problemini yaşayır və istəyir ki, beynəlxalq hüququn keşiyində dayanan ölkələr də həmin prinsipə əməl etsin. Ukraynaya münasibətdə bunun şahidiyik. Amma bizi narahat edən odur ki, eyni oxşar vəziyyətdə olan Azərbaycana münasibətdə ərazi bütövlüyünün qorunması prinsipinin tətbiqinin şahidi olmuruq. Bunlar onu göstərir ki, lazım gələndə eyni təşkilat bir cür, lazım gəlməyəndə isə başqa cür münasibət nümayiş etdirir. Liviyanın bombalaması ilə bağlı BMT Təhlükəsizlik Şurası üzvləri qətnamə qəbul etdilər, onun mürəkkəbi qurumamış NATO bu ölkəni bombalamağa başladı. Amma həmin qurum 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etsə də, bu günə qədər qətnamələr işlək vəziyyətə düşməyib. Bunlar bir reallıqdır. Belə çıxır ki, beynəlxalq hüququn keşiyində dayanan təşkilatlar fərdi yanaşma xəttinə sadiqdirlər. Yəni beynəlxalq hüququn eyni yanaşmasına bir dövlət və eyni hadisəyə münasibətdə bir cür, başqa dövlətə münasibətdə isə fərqli prizmadan yanaşırlar. Buna ikili standartlar deyilir. Bu həqiqətdir. Böyük dövlətlər və onların himayəsində olan beynəlxalq təşkilatların maraqları ön plana keçir. Həmin maraqlardan çıxış edərək öz addımlarını atırlar. NATO-nun Uels sammiti də göstərdi ki, Qərbin indiki halda maraqları daha çox Rusiya əleyhinə yönəlib. Rusiyanın Ukrayna ilə bağlı davranışı artıq Qərbdə belə bir mövqe yaradıb ki, Moskva Avrasiya İttifaqı və Gömrük İttifaqı kimi təşəbbüsləri ilə yenidən bu və ya digər ad altında sovetlər birliyini bərpa etmək istəyir. Sovetlər birliyinin bərpası isə Qərb üçün ciddi baş ağrısına səbəb ola bilər. Ona görə də, onlar bu addımları ilə Ukraynadan daha çox ilk növbədə özlərinin gələcək talelərini düşünür. Hesab edirlər ki, indiki halda Putin doktrinası işlək vəziyyətə keçsə, Sovet İttifaqının bərpası məsələsi artıq həllini tapan məsələyə çevriləcək və hadisələr Qərbin istəmədiyi ssenarilər üzrə inkişaf edəcək. Bütün bu təhlükələr fonunda NATO Rusiyaya qarşı çox sərt mövqe sərgiləyir. Amma Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı məsələdə isə Qərbin belə bir analoji yanaşmasının şahidi olmuruq".

Politoloq Elşən Manafov isə qeyd etdi ki, NATO-nun Ukraynaya silah satması, amma eyni hərəkəti Azərbaycana münasibətdə atmaması iki başlıca amillə bağlıdır: "NATO-nun eyni hadisələri yaşayan Kiyevlə Bakıya münasibətdə silah satışı məsələsində fərqli yanaşma səgləməsinin səbəbi hazırda Ukraynada yaşanan hadisələr, onun Rusiya təcavüzünə məruz qalmasıdır. Qərb dövlətləri nəyin bahasına olursa-olsun, yaxın perspektivdə Ukraynanı NATO və Avropa İttifaqınun üzvü qismində görmək istəyir. Bununla da Rusiyanın Ukraynaya olan təsir imkanlarını heçə endirmək niyyətindədirlər. Belədə də, Kremlin postsovet məkanı ilə bağlı planlarını alt-üst etməyə çalışırlar. Bu baxımdan Ukraynanın Qərblə münasibətləri Azərbaycanın həmin bölgə ilə münasibətləri baxımından kifayət qədər fərqlənir. Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləyə imza atdı, Azərbaycan tərəfi isə bəyan etdi ki, o, bu qurumla münasibətləri hələlik fərqli məkanda görür. Azərbaycan hazırda heç bir ciddi zərurət olmadan özünün NATO-ya inteqrasiya ilə bağlı prosesləri sürətləndirmək istəmir. Azərbaycan başa düşür ki, Qərbin təhlükəsizlik sisteminə inteqrasiya ölkəmizin bölgə dövlətləri, ilk növbədə Rusiya ilə İranla münasibətlərdə ciddi problemlər yarada bilər. Bu problemlər olduğundan Azərbaycan Ukraynadan fərqli olaraq, həmin istiqamətdə doğru olaraq hələlik addım atmaq istəmir. Azərbaycanın mövcud ictimai-siyasi, geopolitik durumu məhz balanslaşdırılmış siyasət yürütməyi tövsiyə edir. Ölkəmiz NATO-nun Sülh Naminə Əməkdaşlıq proqramına qoşulub. Başqa bir tərəfdən, silah baxımından Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün hazırda müraciət edə biləcəyi kifayət qədər başqa dövlətlər də var. Hazırda Azərbaycan Rusiya, habelə Pakistan, İsraildən özünün təhlükəsizliyini təmin etmək üçün müasir dövrün tələblərinə cavab verən silahları alır. Region dövlətlərilə problemlərin olmaması amili, habelə NATO-nun özünün də Azərbaycana Ukraynadan fərqli münasibət bəsləməsi ölkəmizin bu quruma üzv dövlətlərindən silah, hərbi-sursat alması məsələsini hələlik arxa plana çəkib. NATO rəsmiləri nahaq yerə dəfələrlə bəyan etməyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi məhz ATƏT-in Minsk qrupunun mandatı çərçivəsindədir və NATO bu prosesə qoşulmaq niyyətində deyil".

Sizin Reklam Yeriniz