Əlaqə Arxiv
news Image
2014.09.17
09:05
| A A A
Rusiyadan silahlar daha ucuz alınacaq

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhatə dairəsi get-gedə genişlənir. Sanksiylar demək olar ki, şimal qonşumuzun iqtisadiyyatının bütün sahələrini əhatə etməkdədir. Qərb artıq Rusiyanın müdafiə sənayesində da embaroq tətbiq edir. ABŞ Senatında Rusiyanın silah satışına sanskiyaların tətbiq edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Bundan başqa, Böyük Britaniyanın baş naziri Devid Kemeron da Avropa ölkələrini Rusiyanın müdafiə sənaye sahəsinə qarşı daha geniş sanksiyalar tətbiq etməyə çağırıb. Rusiyanın müdafiə sənaye kompleksinə qarşı sanksiyaların tətbiq edilməsi bu ölkədən silah alan ölkələrə də təsirsiz ötüşməyəcək. Ekspertlərin sözlərinə görə, Rusiya məcburən satdığı silahın qiymətinə dəyişik edə bilər. Xatırladaq ki, Azərbaycanın da silah arsenalının əsas hissəsini rus texnikası təşkil edir. Bu fonda Rusiyadan bundan sonra daha ucuz qiymətə silah alınması gözlənir.


Zahid Oruc: "Bizim ölkənin mövqeyi daha dürüstdür"


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məsələ ilə bağlı qəzetimizə bildirdi ki, Qərbin Rusiya ilə sanksiya müharibəsi bundan sonra da kəskinləşəcək: "Lakin bu vasitə ilə Rusiyanı hərbi cəhətdən tam gücsüzləşdirmək mümkün olmayacaq. Çünki, faktiki olaraq bu ölkə uzun illər ərzində məhz hərbi lokomativ üzərində qurulub. Çox böyük fundamental baza yaradılıb. Dünyaya 30-35 milyard dollardan artıq qiymətdə silah kütləsi satır. Rusiyanı bu cür zəiflətməklə, guya xalqı, əsas iqtisadi güc mərkəzlərini, daxildəki biznes strukturlarını prezident Vladimir Putin əleyhinə qaldırmağı çalışmaq çox da effekt verməyəcək. Bunun əvəzində Rusiyanın regional dairələrlə münasibətləri ona adekvat dəyişəcək. Faktiki olaraq, Azərbaycan ilə münasibətləri get-gedə yaxınlaşır. Digər tərəfdən, biz Qərblə Rusiya arasında gedən bu müharibədən bəhrələnmək niyyətində deyilik. Azərbaycan heç zaman 3-lü, 4-lü oyunlar təşkil etmir. Yəni, biz Qərblə Qərbin, Rusiya ilə Rusiyanın müttəfiqi kimi təhlükəli siyasət yürütmürük. Problemlərin siyasi vasitələrlə çözülməsini istəyirik. Ancaq eyni zamanda öz maraqlarımızı qorumaqda israrlıyıq. Belə olan təqdirdə Rusiyanın xaricdən olan təzyiqlər hesabına bizim üçün sadəcə, silah kütləsini əlverişli qiymətə verəcəyi deyil də, regionda ədalətli sülhü stimullaşdırılması, torpaq bütünlüyümüzə nail olmaq üçün bir sıra siyasətə dəyişiklik etməsi vacibdir. Yəni, sanksiyalar nəticəsində fürsətkeş olmağımızı iddia etməyimiz yanlış olardı. Bizim ölkənin mövqeyi daha dürüstdür. Sərfəli şərtlə silah almaqdansa, ədalətli mövqe almaq uğrunda mübarizədəyik".


Fərrux Məmmədov: "Sanskiyaların müddəti uzandıqca, təsiri daha çox üzə çıxacaq"


NATO Əməkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov isə "Mövqe"yə açıqlamasında bildirdi ki, Rusiyanın yanlış Ukrayna siyasəti onu beynəlxalq birlikdə həm nüfuzdan saldı, həm də tərəfdaşlarının itirilməsinə gətirib çıxartdı: "Demək olar ki, tezliklə biz Rusiyaya qarşı bu sanksiyaların bütün sahələriə əhatə edəcəyini görəcəyik. Əgər Rusiya beynəlxalq birliklə razılığa gəlməsə, işğalçı siyasətini davam etdirsə, bir zaman tam izolyasiya oluna bilər. Bu sanksiyalar Rusiya iqtisadiyyatına və daxili bazarına güclü təsir etməyə başlayıb. Sanskiyaların müddəti uzandıqca, təsiri daha çox üzə çıxacaq. Odur ki, Rusiya bu problemin baş verməməsi üçün ixrac etdiyi məhsulların qiymətlərində artım etməlidir ki, balansı qoruya bilsin. Buraya hərbi məhsulları da aid edə bilərik. Bilirik ki, bu gün Azərbaycan silahların əsasən Rusiyadan alır. Yəni, proses məhz bizə də aiddir. Odur ki, Rusiyanın hazırki dönəmində ixrac etdiyi məhsullarda qiymət azalması deyil, artması müşahidə olunacaq".


Tərlan Eyvazov: "Rusiya Azərbaycan ilə hərbi və digər sahələrdə olan əlaqələrini inkişaf etdirməkdə maraqlı olacaq"



Hərbçi-ekspert Tərlan Eyvazov bildirdi ki, bizim Rusiya ilə silah sahəsində olan müqavilələrimiz bir neçə il əvvəlcədən bağlanıb: "Həmin müqavilədə qiymətlər razlaşdırılıbsa, qiymətlərin dəyişdilməsi çətin məsələdir. Amma bundan sonra Rusiyanın müəyyən silahların ixracatında qadağları varsa, bunun özündə bir yumşalma olacaq. Qərb ölkələri silahları almırsa, Moskvanın durumu Azərbaycanın və İranın alıcılıq qabiliyyətindən asılı olacaq. Bu kommersiya məsələsi olduğu üçün səlahiyyətli orqanlarımız məqamdan istifadə edə bilərlər. Rusiya məcburiyyət qarşısında qalıb Azərbaycan ilə hərbi və digər sahələrdə olan əlaqələrini inkişaf etdirməkdə maraqlı olacaq. Azərbaycan bu məqamdan bacarıqla istifadə edə bilər".

Sizin Reklam Yeriniz