Əlaqə Arxiv
news Image
2012.04.09
18:52
| A A A
Fəaliyyətsiz partiyaların ləğvi gözlənir
“Siyasi partiyalar haqqında” yeni qanunun ölkənin siyasi gündəmində tamamilə yeni bir səhifə aça bilər

Bu gün Azərbaycanda qeydiyyatdan keçən, həmçinin qeydə alınmadan fəaliyyət göstərənonlarla siyasi partiya mövcuddur. Hətta onların sayının 100-ə çatmaqda olması haqda da məlumatlara rast gəlmək mümkündür. Ancaq faktiki olaraq bu partiyaların 10-a qədəri fəaliyyəti ilə seçilir. Qalanlarının isə hansı işlə məşğul olması özlərindən başqa heç kimə məlum deyil. Məhz belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsindən sonra partiyaların fəaliyyətinin necə tənzimlənəcəyi xüsusi maraq doğurur.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı hakim partiyanın saytına açıqlamasında bildirir ki, ölkəmizdə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacib və zəruri məsələdir. Bu baxımdan, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi ciddi rol oynaya bilər və adıçəkilən sənəd partiyaların fəaliyyətinə müsbət təsirini göstərəcək.

F.Ağamalı bildirib ki, 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir və bu baxımdan, bu qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir.

Onun sözlərinə görə, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yeniləşdirilməsinin tərəfdarıdır: "Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Fikrimcə, yeni sənədin qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq".

Bu arada belə fikirlər də səslənir ki, həm partiyaların maliyyələşməsində obyektivliyi qorumaq, həm də siyasi partiyaların cəmiyyətdə öz yerini tapa bilməsi üçün onların təkrar qeydiyyatı həyata keçirilməlidir. Bildirilir ki, partiyaların yenidən qeydiyyatdan keçməsi üçün onlardan ümumi seçici sayının 0,1 faizinin, yəni 5 min seçicinin imzası tələb olunmalı, bu imzaların ölkə rayonlarının 70 faizini təmsil etməsi əsas sayılmalıdır. Artıq bəzi deputalar bu barədə müvafiq təkliflərini "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi zamanı səsləndirəcəklərini bəyan edirlər.

Həmçinin hesab edilir ki, son illərdə keçirilmiş seçkilərdə iştirak etməyən, ölkənin siyasi gündəmində yer almayan partiyaların qeydiyyatının ləğv olunması barədə şərtin yeni qanuna salınması yaxşı olar. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bununlabağlı qeyd edib: "Əsas olaraq, partiyaların dövlət tərəfindən maliyyələşməsi nəzərdə tutulur ki, bu da ölkədə siyasi partiyaların inkişafı istiqamətində mühüm rol oynayacaq. Amma fəaliyyətsiz partiyaların qeydiyyatı ləğv olunsa, daha yaxşı olar. Nəticədə ortada ciddi partiyalar qalar, cəmiyyət də partiya seçimində çətinlik çəkməz. O necə partiyadır ki, onun bir kənddə belə bələdiyyə üzvü olan nümayəndəsi yoxdur? Və ya necə ola bilər ki, bircə namizədlə belə bələdiyyə və parlament seçkilərinə qatılmasın? Buna mütləq fikir vermək lazımdır".

əslində müxalif düşərgədə bu məsələyə eyni prizmadan yanaşanlar var. Məsələn, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib: "Əlbəttə, bu məsələ ilə bağlı indiyə qədər ən müxtəlif təşəbbüslər olub. Bəziləri kiçik partiyaların birləşməsini, digərləri ümumiyyətlə onların ləğvini nəzərdə tutub. Gerçəklik budur ki, bu gün Azərbaycanda adı kağız üzərində olan onlarla partiya var. Siyasi hadisələrin qızışan məqamında onların da əsassız iddiaları, arxasında minlərlə tərəfdar ordusu olduqlarını bildirməsi müəyyən problemlərə yol açır".

Bu mənada gözlənir ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi fonunda fəaliyyətsiz, kiçik hesab olunan partiyalar belə demək mümknüsə fəaliyyətini dayandırmalı olacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunun bir çox müddəaları Konstitusiyaya, Seçki Məcəlləsinə və digər qanunlara, eləcə də müasir standartlara uyğun gəlmədiyi üçün ona dəyişikliklər edilməsi zəruridir. Belə hesab edilir ki, ölkədə fəaliyyət göstərən bir sıra partiyalar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Amma partiyalar var ki, yaradıldığı dövrdən necə olubsa, elə də qalıb.

Ekspertlər bu partiyaları öz tərkiblərinə baxmağa, islahatlar aparmağa çağırır. Maraq doğuran daha bir məqam isə yeni qanunun qəbulu fonunda partiyaların maliyyə hesabatı verməsinin məcburi ola biləcəyilə bağlıdır. Ekspertlər bu məqamı kifayət qədər vacib nüans sayır. Partiyaların maliyyə hesabatı verməsinin məcburi xarakter daşıması isə onların hansı mənbədən maliyyələşdiyini üzə çıxaracaq əsas amillərdən sayılır. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla, ölkədə fəaliyyət göstərən partiyaların heç biri maliyyə hesabatı vermir.

Səməd ƏCFƏROV


Sizin Reklam Yeriniz