Əlaqə Arxiv
news Image
2014.09.25
08:31
| A A A
İŞİD Qafqazı da təhdid etməyə başladı
Elşən Manafov: " Bu təhlükənin qarşısını ancaq beynəlxalq birlik birgə səylərlə ala bilər " Fikrət Sadıxov: "Şimali Qafqazda İŞİD-i dəstəkləyən qüvvələr yetərincə ola bilər "

İraq və Suriyanın şimal əyalətlərində möhkəmlənən İŞİD terrorçuları artıq dünyanın başqa dövlətlərini də hədələməyə başlayıb. ABŞ-ın İŞİD-ə qarşı koalisiya yaratması və onun Suriyadakı mövqelərini bombalamağa başlamasından sonra İŞİD Vaşinqtonu da hədələyib. Bundan başqa, İŞİD sözçüsü Şeyx Adnani Xorasan, Qafqaz, Avropa və dünyanın bir sıra digər məntəqələrində mücahidləri olduğunu bəyan edib. O, həmin mücahidlər vasitəsilə İŞİD-ə qarşı çıxanlarla mübarizə aparacağını da bəyan edib. Yeri gəlmişkən qeyd edək ki, elə bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatda İŞİD-lə bağlı olduğu şübhə doğuran 26 nəfər saxlanılıb. Şimali Qafqazda isə qruplaşmanın daha çox təərfdarının mövcudluğu istisna edilmir. Maraqlıdır, Qafqazda da İŞİD terrorçularının olması bu bölgəyə nə kimi təhlükələr yarada bilər?

Politoloq Elşən Manafov Qafqaz və Azərbaycan üçün İŞİD təhlükəsinin olmasını real saydı: "Öncə onu qeyd edim ki, Suriyanın ABŞ tərəfindən hava hücumuna məruz qalmasının özü beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Çünki, İŞİD-lə bağlı Parisdə keçirilən toplantı zamanı Rusiya tərəfi xarici işlər naziri səviyyəsində bildirmişdi ki, Suriya müstəqil dövlətdir və ora daxil olacaq hər hansı bir xarici hərbi qüvvə bombardımanı ancaq legitim Dəməşq hökumətindən icazə aldıqdan sonra həyata keçirə bilər. Lakin buan məhəl qoyulmadı.

İŞİD tərəfindən digər ölkələr üçün təhlükənin yüksələn xəttlə artmasına gəldikdə, belə bir təhlükə var. Bu günlərdə Bakıda həmin terrorçu qruplaşma ilə bağlı 26 nəfərin həbsi göstərdi ki, İŞİD tərəfindən təhlükə gerçəkdən Qafqaz və Azərbaycana da var. İŞİD-in ölkəmizə münasibətdə yarada biləcəyi təhlükə Azərbaycanda sabitliyin pozulmasına hesablanmış addım ola bilər. Bu təhlükə də təbii ki, həmin qüvvəyə qarşı mübarizə apara biləcək beynəlxalq koalisiyanın yaradılmasını zəruri edir. Güman edirəm ki, Azərbaycan bütün hallarda həmin koalisiyanın tərkibində olacaq. Çünki, Azərbaycan zamanında da beynəlxalq terrorizmə qarşı yaradılan koalisiyanın tərkibinə qatılıb. Bu əsasda və Cənubi Qafqaz və Azərbaycana İŞİD təhlükəsinin getdikcə artması fonunda, güman edirəm ki, Bakını da belə bir addım atmağa sövq edə bilər. Haqqında söhbət açdığımız bu təhlükə kifayət qədər realdır. Ona görə ki, İŞİD-in 80 minə yaxın hərbi qüvvəsi var. Təbii ki, bu qədər qüvvə bütövlükdə dünyanın özü üçün böyük bir təhlkədir. Bu təhlükənin qarşısını da ancaq beynəlxalq birlik birgə səylərlə ala bilər".

Politoloq Fikrət Sadıxov isə Cənubi Qafqaz üçün İŞİD təhlükəsini elə də real saymır: "ABŞ və digər aparıcı dövlətlərin İŞİD-də qarşı mübarizəsi və bu qruplaşmadan olan qüvvələrə zərbə endirməsi tamamilə Qafqazla bağlı deyil. Ola bilsin həmin koalisiyada olan ABŞ İŞİD-in hədəfinə götürülübsə, bu, başqa məsələdir və onların öz işləridir. Təbii ki, İŞİD terrorçuları çoxdan ABŞ-a hədə-qorxu gəlir. Əvvəldən hesab edirlər ki, ABŞ və digər aparıcı dövlətlər onların əsas düşmənləridir. Qafqaz İŞİD-in düşmən olduğu region deyil, amma eyni zamanda, düşünürəm ki, regionumuzdakı bəzi ünsürlər ola bilsin, onlara dəstək versin. Bunu deyərkən ilk növbədə Şimali Qafqazı nəzərdə tuturam. Cənubi Qafqazda isə onlara dəstək kütləvi xarakter almır və ala da bilməz. Şimali Qafqazda isə onları dəstəkləyən qüvvələr yetərincə ola bilər".

Qeyd edək ki, bu günlərdə İŞİD tərkibində döyüşən Qafqaz əmirliyinin əmiri Müslüm Şişani apardıqları mübarizənin Qafqazda da baş verməsi perspektivlərini yüksək qiymətləndirib. Şişani Qafqaz müsəlmanlarına ünvanladığı müraciətdə bildirib: "Biz bütün Qafqazın müsəlman qardaşlarına deyirik ki, səbrli olun. Biz cihadı Qafqaza gətirəcəyik və buna qədər yaşayacağıq. Ümid edirik ki, qafqazlılar gözləyəcək, Allahın yolundan dönməyəcək. Çünki bizlər SSRİ kimi imperiyanı çökdürmüş xalqlarıq. Biz ayrı-ayrı xalqlar olsaq da, məqsədimiz eynidir. Biz sizinlə maraqlanırıq və sizə kömək etməyin yollarını axtarırıq. Mən Qafqazda bütün qardaşlara demək istəyirəm ki, onlar düşünməsinlər biz onları unutduq. İnşallah, biz Qafqazda da cihada kömək edəcəyik. Çünki biz heç vaxt Qafqazı unutmadıq. Biz burda həm də təcrübə toplayırıq. Bu, sadəcə, silahlı qüvvələrin formalaşması deyil, həm də cihad hissi ilə ülviləşməkdir. Siz bilin ki, biz Qafqazda cihadı bərpa etmək üçün yeni qüvvələrə malik olandan sonra bu gün dünyada baş verənlər olmayacaq. Biz sizdən xahiş edirik ki, gözləyin, o an üçün yaşayın. Öz qohumlarınızı, ətrafınızı gücləndirin. Biz də sizlərə kömək etməkdən şad olacağıq".

Sizin Reklam Yeriniz