Əlaqə Arxiv
news Image
2014.09.26
08:20
| A A A
Azərbaycan Ordusunun arsenalında F-16 qırıcıları da olacaq?!
Emin Həsənli: "İndiki məqamda müasir aviasiyamız var, amma F-16-ların alınması məsələsinə baxa bilərik" Azad Isazadə: "F-16-ları almaqla, nəticədə ölkəmiz üçün daha yaxşı texnikanı seçmək imkanı ələ düşəcək"

Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlər davam etməkdədir. Hazırda hər iki ölkənin hərbi aviasiyası təlim proseslərini həyata keçirir. Bu təlimlər zamanı Türkiyənin F-16 qırıcıları da Azərbaycanda uçuşlar həyata heçirir. Artıq azərbaycanlı pilotlar da həmin təyyarələrdə uçuşlar ediblər.

O da məlumdur ki, Azərbaycan müharibə şəraitində olduğundan öz hərbi potensialını mütəmadi olaraq gücləndirməkdədir. Bu zaman müxtəlif əsgəri texnikanın, o cümlədən hərbi təyyarə və helikopterlərin alınması da xüsusi diqqət mərkəzində yer alır. Hələlik, Azərbaycan Ordusunda əsasən Rusiya istehsalı olan hərbi təyyarələr üstünlük təşkil edir. Amma hesab olunur ki, aviasiya arsenalına NATO dövlətlərinin istehsaıl olan təyyarələrin, o cümlədən F-16-ların da daxil edilməsi zəruridir. Bu mənada maraqlıdır, Azərbaycan Türkiyə və digər ölkələrdən F-16 qırıcı təyyarələrinin alışını həyata keçirə bilərmi?

Hərbçi-ekspert Emin Həsənli düşünür ki, yaxın gələcəkdə, F-16-ların alınması məsələsinə baxıla bilər: "Vaxtilə öndər Heydər Əliyev hərbi məktəb məzunlarının buraxılış mərasimlərinin birində bildirmişdi ki, Azərbaycan əsgəri hər bir şeyə yiyələnməyə qadirdir. Onun rəhbərliyi ilə Azərbaycanda çox güclü ordu yaradıldı. Hərbi aviasiyamız da yüksək səviyyədədir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu olduğu kimi, hava məkanında da ən güclü bizik. Hazırda ən müasir hərbi təyyarələrə, vertolyotlara və onları yüksək peşəkarlıqla idarə etməyi bacaran kadrlara malikik. Sivindirici haldır ki, qardaş Türkiyə ilə birgə keçirilən hərbi təlimlərdə şahinlərimiz F-16 təyyarələrini də idarə edərək sınaqdan keçirdilər. Ümumiyyətlə, Azərbaycan hər il dünyanın bir sıra ölkələrindən müasir silahlar, hərbi texnika alır. Bununla da ölkəmiz öz hərbi potensialını gücləndirir. Bu da təbiidir. Hər dövlətin özünün milli maraqları var. Eyni zamanda, Azərbaycan özü də silah istehsal edir. Hərbi təyyarələrin, o cümlədən F-16-ların alınması kimi məsələlər geniş müzakirə edilir. Burada həm siyasi, həm iqtisadi, həm hərbi maraqlar nəzərə alınır. Azərbaycan NATO ölkələrindən də hərbi texnika alır. Türkiyədən vertolyotlar almışıq. Qardaş ölkə ilə hərbi təlimlərin keçirilməsi ölkəmizin milli maraqlarına uyğundur. Gələcəkdə isə, təbii ki, F-16-ların alınması müzakirə mövzusu ola bilər. Azərbaycan ümumiyyətlə, bu tip məsələlərdə ölçülüb-biçilən qərarlara imza atır. Ordu quruculuğu prosesində hərbi elmin qanunauyğunluqları həmişə nəzərə alınır. Hesab edirəm ki, indiki məqamda ölkəmizin müasir aviasiyası var, amma F-16-ların alınması məsələsinə yaxın gələcəkdə baxa bilərik. 10 il bundan öncə Azərbaycanın bu qədər hərbi təyyarə və vertolyotu yox idi. İqtisadiyyatımız gücləndikcə, ordumuz da hər il öz hərbi arsenalını ən müasir silahlarla zənginləşdirir. Vaxtilə hava məkanımızın müdafiəsi üçün S-300-lər yox idi. İndi isə onlar da var".

Ekspert Azad İsazadə də F-16 təyyarələrinin alışını mümkün saydı. Onun fikrincə, bu addımın atılması ilə daha yaxşı texnikanı seçməyimiz istiqamətində rəqabət mühiti artacaq: "Prinsipcə, Azərbaycan Ordusunun müxtəlif sistemlər üzrə qurulan hərbi təyyarələri idarə etməyi öyrənməsi yaxşı haldır. Bununla onlar öz təcrübələrini daha da artırırlar. F-16 qırıcılarını almağımız vacibdir. Belə olarsa, Azərbaycan hərbi aviasiyasının təmin olunmasında Rusiyadan asıllılıq aradan qalxmış olacaq. Burada söhbət təkcə təyyarələrin alınması deyil, onların ehtiyat hissələri, döyüş sursatları və sairdən gedir. F-16-ları almaqla bu istiqamətdə rəqabət yaranacaq. Nəticədə ölkəmiz üçün daha yaxşı texnikanı seçmək imkanı ələ düşəcək. Belədə hərbi təyyarələrin alınmasında bir sistemlə bağlılıq olmayacaq. Amma burada bir neçə incə nöqtələr də var ki, onu da nəzərdən qaçırmaq olmaz. Havadan müdafiə sistemlərində "özümüzünkü və düşmən sistemləri" kimi belə bir sistem var. Məsələn, rus havadan müdafiə sistemlərində Rusiyada istehsal olunan təyyarələr özlərinki kimi qəbul edilir. Xarici təyyarələr isə bu sistemdə düşmən təyyarəsi kimi qəbul olunur. Deməli, çox ehtiyatla bu sistemdə dəyişiklik etməliyik ki, Ermənistan ordusunun rus istehsallı təyyarələrini də özümüzünkü kimi qəbul etməyək. Yəni sırf texniki məsələlərdə bu kimi çaşdırıcı məqamlar ola bilər. İkincisi, hansısa hərbi hissənin tam olaraq eyni sistemlə silahlanması daha məqbuldur. Məsələn, hansısa aviasiya alayında bir eskadrilya rus, digəri isə Amerika, Türkiyə sistemli təyyarələr olmasın. Deməli, F-16-ı alacağıqsa, bu elə olmalıdır ki, hərbi hissələrdən hansısa ancaq həmin təyyarələrlə təmin edilsin. Bu təlim, təminat və təmirlə bağlı məqamlarla da bağlıdır".

Sizin Reklam Yeriniz