Əlaqə Arxiv
news Image
2014.10.15
08:12
| A A A
Azərbaycana doğru uzanan İŞİD təhlükəsi
Elman Nəsirli: “Heç bir tərəf arxayın olmamalıdır ki, o təhlükə mənbəyindən kənar qalıb”

Bakıda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra maraqlı açıqlamalarla çıxış etdi. Nazir bildirdi ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır: "Bizim regional səviyyədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında birgə maraqlarımız az deyil. Hazırda Yaxın Şərqdə, İraq və Suriya ərazisində baş verənlər həm Azərbaycan, həm Rusiya üçün terror təhdidinə çevrilə bilər. Biz sıx əməkdaşlığa, Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün birgə səyləri artırmağa hazırıq. Bunun üçün hüquqi baza artıq formalaşıb".

Qeyd edək ki, hazırda Yaxın Şərqdə İŞİD terrorçuları əsl təhlükə mənbəyiən çevrilib. Hazırda Suriyanın Türkiyə ilə sərhəd ərazilərində də möhkəmlənməkdədirlər. Başqa bir tərəfdən, İŞİD tərkibində vuruşanlar arasında Rusiya və Azərbaycandan olan vətəndaşlar da var. Məsələ ilə bağlı fikrini öyrəndiyimiz politoloq Elman Nəsirli düşünür ki, Şoyqunun Yaxın Şərqdə baş verənlər Azərbaycan və Rusiya üçün terror təhdidinə çevrilə bilər fikri, mövcud təhlükənin ciddi olduğundan xəbər verir: "Rusiya müdafiə naziri Sergey Şoyqunun Yaxın Şərqdə baş verən son hadisələr, yəni İŞİD kimi terrorçu təşkilatın atdığı addımlar fonunda, regional təhlükəsizlik üçün ciddi təhdidlər yarandığına dair dediyi bu fikirlər heç şübhəsiz böyük siyasi aktuallıq kəsb edir. Onun bu məsələdə Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsinə dair fikirləri hesab edirəm ki, mövcud təhlükənin olduqca ciddi olduğundan xəbər verir. Bu da təsadüfü deyil. Məsələ ondadır ki, İŞİD əslində "Əl-Qaidə" təşkilatının bir qanadıdır. 2013-cü ildən bəri bu təşkilatın fəaliyyəti daha geniş miqyas alıb. Bu nöqteyi-nəzərdən İŞİD-in İraq və Suriyada atdığı son addımlar və çoxları üçün təəccüblü gələcək müvəffəqiyyətləri təbii ki, təhlükə mənbəyinin olduqca ciddi olduğunu bir daha təsdiqləyir. 11 sentyabr hadisələrindən sonra bir daha məlum oldu ki, hazırda beynəlxalq terrorizm çox təkmildir, təşkilatlanıb, əlaqəli, koordinasiya olunmuş fəaliyyət göstərir. Bir çox hallarda onlar sifarişlərini müxtəlif yerlərdəki təşkilatları vasitəsilə reallaşdırır. Bu məntiqlə yanaşdıqda, heç kim arxayın ola bilməz ki, həmin proses İraqda, Suriyada baş veribsə, digər ölkələr bundan sığortalanıb. Xüsusilə, Türkiyə sərhədində yaşanan son hadisələr İŞİD-in qardaş ölkə üçün də ciddi təhlükə mənbəyinə çevrildiyini düşünməyə əsas verir. Bütün bunlar həmin terror şəbəkəsilə mübarizənin koordinasiyalı, əlaqələndirilmiş şəkildə olmasını diqtə edir. Heç bir tərəf arxayın olmamalıdır ki, o təhlükə mənbəyindən kənar qalıb. Bu baxımdan Şoyqunun İŞİD-in Rusiya və Azərbaycan üçün də ciddi təhlükə mənbəyinə çevrilməsi barədə fikri anlaşılandır. Azərbaycanın bu məsələdə dəyişməz mövqeyi var. Biz beynəlxalq terrorizmin nə olduğunu bilirik. Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırdığı terrorçu hərəkətləri fonunda XXI əsrin bəlası hesab edilən beynəlxalq terrorizmin niyyətini gözəl anlayırıq. Azərbaycan hər zaman belə bir mövqedən çıxış edir ki, beynəlxalq terrorizmə qarşə mübarizədə yaxşı və pis terrorçu bölümü olmamalıdır. Onlara qarşı mübarizə hər yerdə və hər zaman prinsipilə həyata keçirilməlidir. Yalnız belə olan halda, koordinasiya olunmuş fəaliyyət bu təhlükə mənbəyilə mübarizəni səmərəli və effektli edə bilər. "Əl-Qaidə" və İŞİD-in pis olub, "Daşnaksütyun"un yaxşı olduğunu deməklə beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq. Bu səbəbdən Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hansı ölkədə olmasından, hansı konkret maraqları daşımasından asılı olmayaraq, terror beynəlxalq birlik üçün ciddi təhlükə mənbəyidir. Ona görə, beynəlxalq birlik bu məsələdə ortaq məxrəcdən çıxış edərək, öz düşməni ilə mübarizə aparmalıdır. Azərbaycan bu prinsipə sadiqdir. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən Şoyqunun söylədiyi fikirlər Azərbaycan üçün kifayət qədər anlaşıqlıdır. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəyə onsuz da töhfə verən, prosesin önündə gedən dövlətdir. Ölkəmiz bir çox hallarda özü beynəlxalq terrorizmin hədəfinə çevrilərkən, beynəlxalq birlikdən analoji yanaşma tərzini görməyib. Bu isə heç şübhəsiz beynəlxalq terrorizmin xeyrinə, sülhün isə ziyanına olan məqamdır. Azərbaycan Rusiya ilə bütün sahələrdə, o cümlədən terrorizmə qarşı mübarizə siyasətində da maraqlı tərəfdir. Bizim bu siyasətimiz də heç bir halda digər dövlətə qarşı yönəlməyib. Azərbaycan ABŞ-la münasibətləri inkişaf etdirərkən də, bu heç bir halda Rusiya və İranın əleyhinə yönəlməyib. Rusiya ilə münasibətlərimiz də ABŞ və digər dövlətlərə qarşı yönəlməyib. Azərbaycanın atdığı addımlar ölkənin milli maraqlarına söykənir. Qonşu dövlətlərlə əlaqələrin inkişafının faydası var. Azərbaycan MDB üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Rusiya ilə ikitərəfli formatda əlaqələrin inkişafında olduqca maraqlı tərəfik. Bununla yanaşı, Gömrük İttifaqı və Avrasiya İttifaqı kimi qurumlara qoşulmuruq. Azərbaycan üçün milli maraqlar bütün maraqların fövqündə dayandığından, Şoyqunun yuxarıda səsləndirdiyi bu fikrinin arxasında ölkəmizə təsir etmək kimi məqamların dayandığı barədə qətiyyən narahat olmağına dəyməz. Azərbaycan öz maraqlarına zidd olan proseslərə qoşulmayacaq. Maraqlarımıza fayda gətirən məsələlər varsa, biz orada iştirak edcəyik. Bu, dəyişilməz xətdir".

Sizin Reklam Yeriniz