Əlaqə Arxiv
news Image
2014.10.17
08:00
| A A A
Azərbaycanın İrəvana tarixi varislik hüququ bərpa olunacaqmı?!
Akif Nağı: “Ən azından ermənilərin haqsız iddialarının qarşısında bu məsələ qoyulmalıdır” Kamran İsmayılov: “Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da geri qaytarılmalıdır”

Xəbər verldiyi kimi, İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkarlanıb. AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov ermənilərin üzərilərinə götürdükləri öhdəlikləri pozduğunu faktlar əsasında diqqətə çatdırıb. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki qiymətli tarixi mənbələrə istinad edən Yaqub Mahmudovun sözlərinə görə, həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürüb: "Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Bu ilin iyulunda isə Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı dövlət başçısı İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasının diplomatlar qarşısında duran əsas vəzifələr sırasında yer aldığını bildirdi: "Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar…İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir". Bu mənada Yaqub Mahmudovun toxunduğu məsələlər xüsusi əhəmiyyət kəsb edir.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da hesab edir ki, buna bizim haqqımız və hüquqi baza var: "Bu faktlar çoxdan məlum idi. Sadəcə olaraq. Yaqub müəllim daha da konkretləşdirib. İndiyə qədər daha çox 29 may 1918-ci il Milli Şuranın qərarı hallanırdı. Orada isə bir az qısa - ancaq qərar hissəsi verilmişdi. Hansı ki, həmin qərarda göstərilirdi: İrəvan və onun ətrafı ermənilərə verilsin və onun müqabilində ermənilər Azərbaycana qarşı digər ərazi iddiasında əl çəksinlər. O vaxtı orada iki nəfər əleyhinə səs vermişdi. İndi isə Azərbaycanda vaxtaşırı bu məsələ qalxır. Milli Şuraya qarşı müəyyən ittihamlar səsləndirilir. Amma bilirik ki, o dövr Azərabycan üçün ağır idi. Ölkəmiz böyük təzyiqlər altında idi. Artıq yeni faktlar ortaya çıxır ki, Ermənistan dövlətinin yaranması mürəkkəb bir situasiyada həyata keçrilib. Bütün hallarda tarix ortadadır. Fikirlərimizi ora yönəltməliyik ki, bu ərazilər Azərbaycan torpaqları olub. "Batum müqaviləsi"ndə erməni və Azərbaycan nümayəndələri arasında Türkiyənin iştirakı ilə bu məsələlər müzakirə olunub. Yəni, Azərbaycan torpaqları olmasa idi, onun müzakirəsi getməzdi. Azərbaycanda dövlət başçısı səviyyəsində də dəfələrlə səsləndirilib ki, Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Yaqub Mhmudovun dəlilləri həmin fikrin bir daha tarixi faktlarla təsdiqidir. Digər tərəfdən, həm "Batum müqaviləsi", həm də Azərbaycan ilə Ermənistan arasında razılıq əsasında Milli Şuranın da qərarı qəbul olub. Bundan sonra həmin müqavilənin şərtlərini Ermənistan tərəfi pozursa, onda Azərbaycanın həmin torpaqları geri istəmək üçün hüquqi əsası var. Ən azından ermənilərin haqsız iddialarının qarşısında bu məsələ qoyulmalıdır. QAT yarandığı gündən proqramında Zəngəzurun Azərbaycana qayatrılması məsələsini qoyub. Zəngəzura tam haqqımız çatır. Çünki, Sovet İmperiyası Qafqaza gələndə birbaşa təzyiq altında Zəngəzuru Ermənistana verdi. Odur ki, başlanğıc olaraq Zəngəzurun Azərbaycana qayatrılması üzərində ciddi dayanmalıyıq. Sonrakı mərəhələlərdə də digər ərazilər Azərbaycana qaytarıla bilər".

Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov da bunu mümkün görür: "Yaqub Mahmudovun məqaləsi heç bir şübhə, sual doğurmayacaq mənbələrlə tərtib olunub. Göstərilən arqumentlər tam əsaslıdır. Məqalədə tarixi faktlar Yaqub Mahmudovun tərəfindən tam düzgün tərtib edilib. Həm də bu iş bizim milli vəzifəmiz, strategeyimızdır. Gec-tez mütləq nə vaxtsa, həyata keçirilməlidir. İşin siyasi tərəfi isə Azərbaycanın həyata keçridiyi siyasətdən asılıdır. Burada beynəlxalq münasibətlər, dünyada gedən proseslər də rol oynayacaq. Ən əsası isə Dağlıq Qarabağ danışıqlarına bağlıdır".

"Biz heç kəsdən torpaq almırıq ki, beynəlxalq qanunları pozmuş sayılaq", deyən Kamran İsmayılov əlavə etdi: "Düzdür, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da geri qaytarılmalıdır".

Sizin Reklam Yeriniz