Əlaqə Arxiv
news Image
2014.10.21
10:19
| A A A
İqtidar-müxalifət dialoqu yenidən gündəmdə
Tahir Kərimli: “Kiçik qüvvələrdən ibarət siyasi dairələrin qeyri-adekvat reaksiyaları buna imkan vermir” Aydın Mirzəzadə: “İstənilən məsələni müzakirə etməyə, fikir mübadiləsi aparmağa, fərqli mövqeləri eşitməyə iqtidar həmişə hazır olub”

Radikal müxalifətin nümayiş etdirdiyi mövqe bu gün sözügedən düşərgənin iqtidarla yenidən bir massa arxasında dialoq qurulmasını getdikcə daha mümkünsüz hala gətirir. İlk növöədə ona görə ki, müxalifət bir çox hallarda ölkənin milli maraqlarını da ciddi zərbə altında qoya biləcək mövqe sərgiləyir. Bu fonda isə dialoq baş tutmması mümkünsüzləşir. Lakin körpülərin tam yandırıldığını da demək olmaz.

Məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli bələdiyyə seçkiləri ərəfəsində dialoqun olmasını mümkün sayır: "Dialoq cəmiyyətlərdə vacib bir ünsür, siyasi proseslərin komponentidir. Amma məsələ ondadır ki, dialoq siyasi gücü və pariteti olan qüvvələr arasında olması vacibdir. Yəni, dialoq iş görməyi bacaran qüvvələr arasında olmalıdır. Hazırda Azərbaycan cəmiyyətində elə bir vəziyyətdir ki, iqtidar xalqın maraqlarına uyğun siyasət yeritməklə hədsiz dərəcədə güclənibsə, müxalifət bunun əksinə olaraq zəifləyir. Xüsusi ilə də Müsavat Partiyasının son qurultayında sonra ümumi müxalif cəbhədə aşınmalar artıb. Düzdür, dialoqu inkar etmirəm, ancaq onun indiki situasiyada fayda verəcəyi də şübhə altındadır. Digər tərəfdən, dialoqda maraqlı olduğunu iddia edən müxalifətin tələblərinə diqqət yetirəndə görürük ki, onlar hər dəfə hakimiyyətin ən yüksək pilləsi ilə dialoq qurmağa çalışır. Yəni, özlərini yuxarıdan aparırlar. Halbuki, həddən artıq zəifdirlər. Ona görə də dialoq istəyi baş tutmur, söz olaraq qalır. Düşünürəm ki, ictimai siyasi proseslər, seçkilərlə bağlı dialoqun aparılması faydalı olardı. Amma özünü bərabər sayan, kiçik qüvvələrdən ibarət siyasi dairələrin qeyri-adekvat reaksiyaları buna imkan vermir".

Millət vəkili Aydın Mirzəzadə də iqtidarın həmişə dialoqun olmasına zəmanət verdiyini qeyd etdi: "Bələdiyyə seçkiləri ərəfəsi dialoqun baş tutub-tutmaması məsələsi dialoqun məzmunun nədən olmasından asılıdır. Söhbət iqtidarla müxalifət arasında görüşdən gedirsə, iqtidarın qapıları həmişə cəmiyyətin bütün təbəqələrinin üzünə açıqdır. İstənilən məsələni müzakirə etməyə, fikir mübadiləsi aparmağa, fərqli mövqeləri eşitməyə iqtidar həmişə hazır olub. Bu formatı iqtidar daima gündəlikdə saxlayır. Digər tərəfdən, beynəlxalq təcrübədə dialoqun əsas forması mövcud olan mühitdir. Azərbaycanda demokratik ab-hava, insan azadlıqlarının qorunması, onların sərbəst şəkildə mövqelərini bildirməsi və yaxud hansısa mövqe ilə razılaşmamaları, azad mətbuat, azad şəkildə fəaliyyət göstərmə praktikası vardır. Bunun özü bir dialoqdur. Gün ərzində hansısa bir məsələyə dair həm iqtidar, həm müxalifət nümayəndələri kifayət qədər operativ şəkildə münasibət bildirirlər. Hansısa məsələdə razılaşırlar, hansısa məsələdə isə fikir ayrılıqları olur. Bunun özü də diqqəti cəlb edən məsələlərdir. Yəni hesab edirəm ki, bu gün Azərbaycanda dialoq mühiti var. Azərbaycanda dialoqun bütün formaları mövcuddur. Bundan sonra da dialoqun olmasına iqtidar həmişə zəmanət verir".

Sizin Reklam Yeriniz