Əlaqə Arxiv
news Image
2014.10.28
07:14
| A A A
İkili standartlara görə erməni terrorizmi çiçəklənir
Hikmət Hacıyev: “Ermənistanın terror əməllərində deyil, ümumiyyətlə, bu ölkənin Azərbaycana qarşı təcavüzündə də ikili standartların şahidi oluruq” Ceyhun Mahmudlu: “Ermənistanın terrora dəstək verməsi barədə yetərincə faktlar var”

Bilindiyi kimi, 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada terrorizmə qarşı mübarizə daha sərt xarakter alıb. Ancaq mövcud reallıqda mübarizə ilə yanaşı, terrorçu qrupların sayının və fəaliyyətlərinin də ötən illərə nisbətən artdığı müşahidə olunur. Bu isə həm də ondan qaynaqlanır ki, hələ də terrorizmə dəstək verən ölkələr mövcuddur. Buna ən bariz nümunə qismində terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanı göstərmək olar. Ancaq nədənsə, bu günə qədər Ermənistana qarşı sözügedən əmələ görə konkret addımlar atılmır, sanksiyalar tətbiq olunmur. Halbuki, Ermənistanın dəstək verdiyi terrorçu qruplaşmalar zaman-zaman xüsusi ilə də Azərbaycanda olmaqla dünyanın bir çox yerində terror aktları həyata keçiriblər. Lakin buna görə Ermənistan hansısa formada cəzalandırılmır. Siyasi şərhçilərin fikrincə, bu amil də beynəxəlq aləmdə ikili standartın olmasına daha bir faktdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev "Mövqe"yə bildirdi ki, bunu doğuran səbəblərdən biri dünyada hazırda ikili standartların hökm sürməsidir: "Bir sıra dövlətlərə münasibətdə ikili standartların şahidi oluruq. Biz təkcə Ermənistanın terror əməllərində deyil, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı təcavüzündə də ikili standartların şahidi oluruq. Ermənistan Azərabaycana qarşı təcavüz törətməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub. Buna görə də Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti var. Ancaq bütün məsələrdə biz Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsini və ona qarşı sanksiyaların tətbiq edilməsini konrket halda görmürük. Bunlar da ilk növbədə dünyadakı ikili standartlardan, təhrif olunmuş formada beynəxalq hüquqa yanaşmalar kimi addımlardan irəli gəlir".

Hikmət Hacıyev əlavə etdi ki, bu məsələdə ən böyük yük Azərbaycanın informasiyavermə qabiliyyətinin üzərinə düşür: "Müstəqilliyimizin ilk illərində biz müəyyən informasiya blokadası çərçivəsində fəaliyyətimizə başladıq. O vaxt Azərbaycana qarşı məqsədyönlü əks təbliğat aparılırdı. Amma indiki mərhələdə biz informasiya çatızmazlığından əziyyət çəkmirik. Prezident tərəfindən də Azərbaycan diplomatiyasının qarşısına hücum diplomatiyası tapşırığı qoyulub. Hər bir yerdə həqiqətləri və münaqişə nəticəsində bizə dəymiş zərərlər, Ermənistanın əməlləri barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu gün hökumət, diaspora, ictimaiyyət səviyyəsində bu iş çox effektiv şəkildə aparılır. Hətta bunun konkret nəticələri də var. Məsələn, Xocalı faciəsinin dünya miqyasında tanıdılmasını göstərə bilərik. Xocalı soyqırımı ilə bağlı bir sıra ölkələrin parlamentlərində tanınma halları oldu. Amma bir çox hallarda bəzi dairələr müəyyən mesajları olduğu kimi qəbul etmirlər".

Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu isə məsələyə belə yanaşdı: "Ermənistanın terrora dəstək verməsi Azərbaycan dövləti tərəfindən elan edilir və konkret faktlarla sübut olunur. Ancaq dünya ictimaiyyətində Ermənistan terroru dəstəkləyən dövlətlərin siyahısında deyil. Onun dünyada hələ işğalçı və terroru dəstəkləyən imici formalaşmayıb. Həl də Ermənistan terroru dəstəkləyən və ya işğalçı dövlət olaraq göstərilmir. Ancaq Azərbaycan tərəfindən həmişə Ermənistan terroru dəstəkləyən dövlət olaraq qeyd olunur. Bununla bağlı da əlimizdə faktlar var. Məsələn, Bakıda Metropolitendə törədimliş terror hadisəsi, yaxud SADVAL terror qruplaşmanın birbaşa Ermənistan tərəfindən dəstəklənməsi faktları mövcuddur".

Politoloqun fikrincə, bu məsələdə informasiya ən güclü silahdır: "Düzdür, zamanla Ermənistanın dəstəklədiyi terror təşkilarları olub. Məsələn, ASALA bir çox dövlətlərin terror təşkilatları siyahısındadır. Ancaq bir məsələ var ki, ASALA fəaliyyətə başlayanda Ermənistan müstəqil dövlət deyildi. Amma Ermənistanın terrora dəstək verməsi barədə Azərbaycanın əlində yetərincə faktlar var. Bunları daim gündəmə gətirməliyik. Unutmayaq ki, beynəlxlq münasibətlər sistemi tam da yararsız sistem deyil. Bilirik ki, bu cür dövlətlərin müəyyən kateqoriyalara salınması xüsusən güclü dövlətlərin təşəbbüsü ilə həyata keçirilir. Həm də nəzərə alaq ki, Ermənistanın ABŞ və ya Avropa İttifaqının bir sıra ölkələrində güclü diasporaları fəaliyyət göstərir. Məsələn, ABŞ-ın Kaliforniya ştatında 10 şəxsdən ikisi ermənidirsə, qalanları da onların tanışıdır. Odur ki, yaxın Ermənistanın terrora dəstək verən dövlət olaraq qəbul edilməsi üçün dha çox iş görülməlidir".

Sizin Reklam Yeriniz