Əlaqə Arxiv
news Image
2014.10.28
09:11
| A A A
Gənclər zərərli dini təsirlərə niyə aldanır?
Zahid Oruc: “Akademik Ramiz Mehdiyevin son çıxışını ümumilləşdirsək, görərik ki, orada başlıca narahatlıq yeni yetişən Azərbaycan gəncinin gələcəyi haqqındadır”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın Elmi Şurasının iclasında bir sıra maraqlı məqamlara diqqət çəkildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev buradakı çıxışında bir çox mühüm məqamlarla yanaşı, bəzi gənclərin vuruşmaq üçün Suriyaya getməsinə də toxundu: "Azərbaycandan bəzi cavanların "islam dövləti" uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. "Nə baş verir" sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.

Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar. Aydındır ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan elementlər, həm modern, həm də postmodern dövrünün əlamətlərini tapmaq mümkündür. Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün, sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır. Lakin bunlar hansı metodika və metodologiya əsasında həyata keçirilməlidir? Burada etik, demoqrafik və digər meyarlar nə dərəcədə nəzərə alınmalıdır? Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır"

Məsələ ilə bağlı millət vəkili Zahid Oruc bildirdi ki, bəzi soydaşlarımızın "islam dövləti" uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsində rol oynayan amillər sırasında təhsil və cəmiyyət həyatındakı boşluqların da müəyyən rolu vardır: "Statusu, dövlət idarəçiliyində yeri və təcrübəsinə görə seçilən hörmətli Ramiz Mehdiyevin son çıxışı ölkədə böyük əks-səda doğurub və əhəmiyyətinə görə hər zaman da ona müraciət ediləcək. Həmin çıxışı ümumilləşdirsək, görərik ki, orada başlıca narahatlıq yeni yetişən Azərbaycan gəncinin gələcəyi haqqında düşüncələrdir. Bu gün orta məktəbə gəlişdə problemlər varsa, onların sonrakı pillələrdə irəliləməsi normal sistemlə cərəyan etmirsə, ali məktəblərdəki gənclərin həyat axtarışı, karyera quruculuğu, millətin kadr bankında yer almaqda arzuolunan nəticələr yoxdursa, dinin təsiri güclənirsə, onda narahat olmağına dəyər. Baxın, Cəfər Cabbarlı ədəbi əsərində yeni qurulan dövlətin nəticəsi olaraq Sevilin baş örtüyünü atdığını təsvir etmişdi. İndi biz hansı təhsilə malik oluruq ki, təzədən qapanır, hicaba bürünürük. Hər bir halda dini ritualların, geyimin əleyhinə deyiləm. Onu inzibati yolla aradan qaldırmaq da olmaz. Bu, əksinə, cəmiyyətdə qarşıdurmaları gücləndirir. Amma Ramiz müəllimin qeyd etdiyi kimi, ölkə içərisində zərərli dini təsirlərə uyaraq, başqa ekstremist təmayüllərə yuvarlananlar sadəcə, bundan maddi maraq güdmür. Çünki, bugünkü gəncin ailə münasibətlərini tam mənasında təhlil edib, ortaya qoymamışıq. Haqlı olaraq qeyd edilir ki, müxtəlif sosioloji mərkəzlər, akademiyalar, beyin mərkəzləri, siyasi institutlar təhlükəli tendensiyaları, hamımızı narahat edən fenomenləri tədqiq etməli, təkliflərini dövlət strukturlarına verməlidirlər. Bu mesajlardan parlament üçün də pay düşür. Təhsil Nazirliyi, dövlət idarəçilik qurumları, TQDK-da parlamentdə bu məsələni müzakirə etməsinə ciddi ehtiyac var. Düşünmürəm ki, Ramiz müəllim sadəcə, yubiley olaraq, İdarəçilik Akademiyasının yubileyinə mərasim sözləri söyləyirdi. Dövlət quruculuğu, ölkənin gələcəyini özündə ehtiva edən bu müddəaları səmərəli istiqamətdə təhlil etməli və ona adekvat yol hərəkətimizi müəyyənləşdirməliyik. Terrorçu qruplaşma olan İŞİD sıralarında vuruşan azərbaycanlı bizim irsimiz, bazamızdan gedir. Onlar sabah geri dönəndə təhlükəyə çevrilirlər. Amma ən pisi təkcə əlində silah savaşanlar deyil. Təhlükəli olanlar həm də içərilərində yad ideologiyalar olanlar, real çalışmadan uzaq olmaq kimi məsələlərdir. Qızlarımızın durumu ilə bağlı çəkilən misallar da hamımızı düşündürməlidir. Cənub zonasında uzun illərdir, qızlar erkən nigaha cəlb olunur və mənəvi, fiziki cəhətdən şikəst edilirlər. Sonradan da onlar dövlət üçün sosial yükə çevrilirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini İşlər üzrə Komitə, eləcə də cəmiyyətdəki sosioloji mərkəzlərin də üzərinə düşən mühüm vəzifə bir fenomen kimi cəmiyyət həyatını nələrin qayğılandırması üzərində düşünmək, onları bilməkdir, mürəkkəb məsələləri açmaqdır. Ona görə də haqlı olaraq vurğulanıb ki, ənənəvi metodoloji sistem bu problemləri aça bilmir. Sadəcə, marksist-leninçi fəlsəfə ilə hər bir ailənin durumu, sosial-ictimai portretini canlandırmaq olmur. Bu gün şəbəkələr üzərində həyatını quran gəncliyi necə ictimai vacib işlərə qaytara bilməliyik?

Bizim gəncin əslində, həyat dəyəri tamamilə fərqlidir. Onun Avropa yaşantısını əldə etməsi üçün müəyyən zaman lazımdır. Niyə bizim insanlar o cür fikir basqılarına məruz qalır? Özümüzün yaxşı ideyalarımızı bərqarar etsək, təhsil sistemini yaxşı qursaq, ədəbi aləmimiz yaxşı formalaşsa, onda bu problemləri həll edə biləcəyik. Əks halda, bizi yönləndirən aşağı əmsallı ekran sahibləri ictimai fikirdə çox böyük reytinq daşıyıcısı olacaq. Ziyalı, aparıcı fikir sahibləri ekrandan çıxanda, onların cəmiyyət həyatına təsir imkanları azalanda, İŞİD-ə qoşulanların da sayı artmış olacaq".

Sizin Reklam Yeriniz