Əlaqə Arxiv
news Image
2014.10.29
07:15
| A A A
Qarabağ münaqişəsi üçün böyük sülh sazişi
Zahid Oruc: “Qərb Qarabağ münaqişəsinin həllini tək Rusiyanın sərəncamına vermək istəmir” Hatəm Cabbarlı: “Şimal qonşumuzun və Qərb dövlətlərinin problemin həll edilməməsində xüsusi rolu var”

ABŞ-dan sonra Fransa da Qarabağ münaqişəsinin həllində böyük sülh sazişi üzərində artıq işə başlanmalı olduğunu gündəmə gətirdi. Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə onların fransalı həmkarı Fransua Olland irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

Xatırladaq ki, NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri də böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığını bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov da bəyan edib ki, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır. Ancaq hələ qarşı tərəfdən bu istiqamətdə razılıq yoxdur.

Göründüyü kimi, bu gün Qərb, o cümlədən ABŞ Dağlıq Qarabağ problemenin sülh yolu ilə həllində maraqlıdır. Bunun üçün böyük sülh sazişi üzərində işə başlanması da təklif olunur. Ancaq siyasi şərhçilərin fikrincə, böyük sülh sazişinin Ermənistan boyda çatışmazlığı var.

Millət vəkili Zahid Oruc bildirir ki, Avropanın və ABŞ rəhbərliyinin böyük sülh sazişi ifadəsinin vurğulaması Minsk qrupunun Qərbdən olan həmsədrlərinin koordinasiya olunmuş fəaliyyətindən, vahid mövqe göstərmək niyyətindən irəli gəlir: "Açıq şəkildə görünən budur ki, Qərb Qarabağ münaqişəsinin həllini tək Rusiyanın sərəncamına vermək istəmir. Biz Ukraynada toqquşan Qərb-Rusiya maraqlarını Qarabağda arzulamırıq. Ancaq fakt bundan ibarətdir ki, böyük sülh məsələsini önə qoymaqla indiyə qədərki dövrdə iflasa uğrayan danışıqlar modelindən çıxmaq istəkləri var. Bunun nə qədər davamlı olacağı başqa mövzudur. Ancaq hazırki dövrdə sanki Qərb, kəşfiyyat qurumları vasitəsi ilə Rusiyanın bu regionda hansısa planları barədə məlumat alıbmış kimi hərəkətə keçib. Onlar düşünürlər ki, rəsmi Kreml Qarabağ problemini müəyyən sülh planı əsasında həll edə bilər. Belə olan təqdirdə Qərb Qafqazda qalmaycaq. Çünki, Qarabağ məsələsi Qərbin bölgədə iştirakına yol verən hadisədir. F. Ollandın ilk olaraq vurğulaması ki, Minsk qrupunun verdiyi şərtləri tərəflər qəbul etsin və cəmiyyəti sülhə hazırlasınlar, o deməkdir ki, onlar artıq indiyə qədərki prinsiplər ətrafında müzakirələrdən çıxmağın tərəfindədirlər. İndi Minsk Qrupu ikiliyi böyük sülh sazişinin hazırlanmasını təklif edir. Odur ki, bütövlükdə Paris görüşünü əhəmiyyətli saymaq olar. Çünki bu, tərəflər arasında avqustun əvvəllərində məlum hərbi toqquşmadan sonra ikinci danışıqdır ki, proses təzədən sülh müstəvisinə qayıda bilib".

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, görüşə qədər olan proseslərə nəzər yetirdikdə Paris görüşündə də ciddi nəticələr verməyəcəyini proqnoz etmək olardı: "Minsk görüşündə də müsbət nəticələr əldə edilməmişdi. Paris görüşündə tərəflər fundamentla razılığı gələ bilməməsinin ən böyük səbəbi Ermənistanın konstruktiv mövqe nümayiş etdirməməsidir. Bundan başqa, vasitəçi Fransa siyasi əxlaq qaydalarına uyğun olaraq tərəfsiz mövqe nümayiş etdirməkdənsə, daha çox Emənistanın mövqeyini dəstəkləyir. Ancaq bununla yanaşı, digər amillər də var. Məsələn, Dağlıq Qarabağ problemini həll etməyə çalışan sabiq prezident Levon Ter-Petrosyanın istefasını göstərə bilərik. İkincisi, yenə də Dağlıq Qarabağ problemini həll etməyə çalışan Stepan Dəmirçiyan və ona yaxın insanların parlamentdə sui-qəsdə qurban getməsidir. Həmçinin, bir neçə il öncə, ölən Ermənistanın baş naziri Andranik Markaryanın da Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində müəyyən təşəbbüsləri var idi. Belə bir mühitdə indiki Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində ciddi addım atmayacaq. Burada şimal qonşumuzun və Qərb dövlətlərinin də problemin həll edilməməsində xüsusi rolu var. Fransanın görüş təşkil etməsi son zamanlar Rusiyanın məsələdə aktivləşməsinə qarşılıq kimi də dəyərləndirmək olar.

Lakin o da faktdır ki, Minsk qrupu problemin həll olunması istiqamətində iş görməli olduğu təqdirdə, biz bunu görmürük. 20 ildir ki, Ermənistana heç bir sanksiya tətbiq olunmur. Əksinə, Minsk qrupu dövlətləri Ermənistan ilə əlaqələri daha da genişləndirirlər. Bu da ikili standartlardan irəli gəlir. Bu şəraitdə, hələlik böyük sülh sazişindən söhbət gedə bilməz. Halbuki, Azərbaycan buna hazır olduğunu həmişə bəyan edib. Lakin böyük sülh sazişinin məzmunu bəlli deyil".

Sizin Reklam Yeriniz