Əlaqə Arxiv
news Image
2014.10.29
07:47
| A A A
Radikal müxalif liderlərdən müxalifət düşərgəsinə böyük zərbə
Elşən Musayev: “Başlıca səbəb Azərbaycan müxalifətinin bir qrupun əlində monopoliyada olmasından qaynaqlanır” Kamil Seyidov: “Bunun baş verməsinə həmin radikal müxalifətdəki funksionerlər imkan vermir”

Azərbaycanda müxalfətin son 20 ildə fəaliyyəti bu düşərgə təmsilçilərinin sıralarını daha sürətlə seyrəlməsinə gətirib çıxarıb. Xalqdan dəstək almaması, əsasən, xarici dairələrin sifarişini yerinə yteirəmyə çalışması fonunda radikal müxalifət özünün ən ağır dövrünü yaşayır. Bu siyasi qüvvələr demək olar ki, büsbütün deqradasiyaya uğrayıb. Bu fonda isə müxalifətdə yeni, daha praqmatik düşünən qüvvələrin formalaşmasına ehtiyac var. Amma bu səpkidə proses getmir və əsas səbəb radikal müxaliftəin bütün məğlubiyyətlərinə rəğmən, meydandan çəkilməmək niyyətidir.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrincə, müxalifət daxilində yeni qüvvələrin formalaşması prosesinin getməməsi siyasi çevrənin bu kəsiminin monopoliyada olması ilə əlaqədardır: "Əslində, bu məsələyə bir qədər şəxsi konteksdən yanaşmaq istərdim. Həmişə istəmişik ki, Azərbaycanın güclü müxalifəti olsun. Çünki, güclü müxalifət tək Azərbaycana deyil, bütün dövlətlərə lazımdır. Belə olanda ümumiyyətlə, siyasət, siyasətdəki proseslər, seçkilər də maraqlı olur. Bu siyasətçi üçün də bir adrenalin olur. Amma radikal müxaliftə görə, Azərbaycanda təəssüf ki, müxalifətçilik də gözdən düşüb, yeni qüvvələrin yaranma istəyi də sıfır həddinə enib. Bunun bir sıra səbəbləri də var. Başlıca səbəb Azərbaycan müxalifətinin həmişə monopoliyada olmasından qaynaqlanır. Müxalifət İsa Qəmbərlə, Əli Kərimlinin monopoıiyasındadır. Düzdür, əvvəllər həmin monopolistlər sırasında Lalə Şövkət, Rəsul Quliyev də vardı. Hər bir insanın siyasi seçim azadlığı var. Bu mənada onlar təbii ki, iqtidarı da bəyənməyə bilər. Amma o halda belə insan fikirləşir ki, kimin yanına getsin. Çünki, müxalifətdə sivil mübarizə ənənəsi yoxdur. Radikal müxalifət liderləri ancaq düşünür ki, kompüter arxasında, qəzetlərdə iqtidarın arxasınca döşəməklə müxalifətçilik olur. Amma Azərbaycanda ağıllı insan bilir ki, müxalifətçilik heç də bu deyil. Onun mahiyyəti başqadır. Müxalifətçi seçkidən-seçkiyə ortaya çıxmamalıdır, o həmişə meydanda olmalı, mübarizə aparmalıdır və əsas da hakimiyyəti hədəf alır. Azərbaycandakı radikal müxalifətin hədəfləri isə başqadır. Onların hədəfləri ancaq öz aralarındakı mübarizədən, xarici təşkilatlardan yaxşı pul alıb dolanmaqdan, ölkənin bir qisim fanatlarını qanunu pozmağa, həbsə düşməyə və bədbəxt etməyə məhkum etməkdən ibarətdir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da qeyd etdi ki, müxalifətdə yeni qüvvənin formalaşmasına hazırki liderlər imkan vermir: "Azərbaycanda fəaliyyət göstərən hazırki müxalifətin fəaliyyətinin özündə qeyri-anormallıq var. Dəfələrlə qeyd etmişik ki, bu müxalifətin özünün fəaliyyəti qeyri-legitimdir. Radikal müxalifətin bugünkü fəaliyyəti, sosial bazasının nəyə qadir olduğu demək olar, onların son mitinqində bir daha özünü göstərdi. Artıq müxalifət və onun ətrafında olan insanlar 20 ildən çoxdur ki, eyni idarəçilik altında fəaliyyət göstərir, amma hər hansı bir uğura da imza ata bilmirlər. Müxalifətin özünün yeniləşməsinə ehtiyac vardır. Hazırda müxalifət partiyalarının başında olanlar demək olar ki, büsbütün kəçən əsrin 90-cı illərində olan partiya funksionerləridir. Onlar da həmin dövrün təfəkkürü ilə fəaliyyət göstərir, ortalığa yeni düşüncə tərzi gətirə bilmir və yaxud gətirmək istəmirlər. Bu illər ərzində uduzduqları seçkilərin əsasında da məhz yuxarıda qeyd etdiyim bu məqam dayanır. Ölkə insanı da bu fonda yəqin etdi ki, radikal müxalifətin apardığı bu mübarizənin perspektivi yoxdur. Müsavatla AXCP daxilində son günlər baş verən yeni istefa dalğası bir daha onu göstərir ki, burada olan sıravilər də düşünür ki, artıq liderlərinin apardığı mübarizə üsulu səhvdir, bu yolla onlar ancaq uçuruma yuvarlanacaqlar. Həmçinin, dövlətin apardığı uğurlu siyasətin nəticəsidir ki, xalq da yalnız iqtidarın onunla bir yerdə olduğunu, problemlərini həll etməyə yeganə qadir qüvvə olduğunu anlayıb. Bunu dərk edən insanlar da müxalifət sıralarını tərk etməyə üstünlük verir. Proseslər onu göstərir ki, müxalifət daxilində yeni nəfəsin açılmasına, yeni qüvvələrin gəlməsinə ehtiyac var. Lakin bunun baş verməsinə də həmin radikal müxalifətdəki funksionerlər imkan vermir. Yəqin ki, bundan sonra da çalışacaqlar ki, verməsinlər. Müxalifətdəki antidemokratik idarə üsulu imkan vermir ki, gənclərdən ibarət yeni siyasi qüvvələr meydana çıxsın. Amma bütün hallarda bu müxalifət ömrünü başa vurmaq üzrədir. Növbəti parlament seçkilərindən sonra yəqin ki, ənənəvi müxalifət birdəfəlik olaraq siyasi səhnəni tərk edəcək. Bu müxalifət ya yeni qüvvələrlə əvəzlənməli, ya da gələn ilki parlament seçkilərindən sonra ömrünü başa vurmalıdır".

Sizin Reklam Yeriniz