Əlaqə Arxiv
news Image
2014.10.31
07:15
| A A A
Qarabağ münaqişəsi ilə bağlı status-kvo Azərbaycanın lehinə dəyişir
Natiq Miri: “Böyük sülh sazişinin hazırlanması istiqamətində ümumi razılıq var”

"Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir". Bunu Azərbaycanın xarici işləri naziri Elmar Məmmədyarov erməni həmkarı Eduard Nalbandyanın Paris görüşünün nəticələri barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Nazir Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxıldığını deyib: "Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd etdi ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır". E.Məmmədyarov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq: "Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa Prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyi barədə münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu işə hazırdır".

Maraqldır ki, erməni tərəfi də Paris görüşü barədə optimist fikirlər səsləndirir. Məhz bu kontekstdə münaqişənin artıq "ölü nöqtə"dən tərpənə biləcəyi istisna olunmur. Təbii ki, bu da Azərbaycanın ərazi bütövlüyünün artıq bərpa olunması prosesinin başlana biləcəyini göstərir.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, prosesdə müəyyən canlanma var: "Hər bir görüş ən azından gələcək böyük sülh üçün müəyyən təşəbbüs və imkan yaradır. Ancaq hələ də Ermənistanın mövqeyində kardinal dəyişiklik yoxdur. Çünki, Paris görüşü öncəsi Ermənistan prezidentinə Rusiyadan ciddi göstərişlərin verildiyi barədə məlumatlar var idi. Bu, görüşdə də hiss olunurdu.

Ermənistan da bu gün Rusiya üçün çox strateji ölkədir. Zamanında Rusiya tərəfindən Azərbaycanın ərazisində Ermənistan elə-belə yaradılmayıb. Ona görə də bir geosiyasi alət olaraq Ermənistan daim Rusiya tərəfindən istifadə olunur. Bu gün də heç nə dəyişməyib".

Politoqun fikrincə, irəliləyiş böyük sülh sazişinin artıq hazırlanma ərəfəsinə gəldiyi və sənəd ətrafında müəyyən razılığın əldə olunmasıdır: "Ancaq onu da nəzərə almaq lazımdır ki, hazırda qlobal səviyyədə dünya gücləri arasında uzlaşma yoxdur. Əskinə, bu gün ciddi çatışma hökm sürür. Ukrayna uğrunda Qərb-Rusiya çatışması bitməyib. Getdikcə Qərbin sanksiyaları Rusiyanı çökdürməkdədir. Belə bir zamanda Rusiyanın Ermənistan üzərində təsiri imkanlarını itirəcəyini düşünmək absurd olardı.

Ciddi razılaşma isə o vaxt baş verəcək ki, Rusiya tamamilə zəifləyəcək və prosesdən uzaqlaşdırılacaq. Bundan sonra Ermənistan müstəqil siyasi iradə ilə prosesdə iştirak edə və müyyən razılaşmalara imza ata bilər. İndiki şəraitdə Ermənistan müstəqil siyasətə malik olmadan bu cür böyük sazişlərə imza atacaq qədər iradəyə sahib deyil. Sadəcə, böyük sülh sazişinin hazırlanması istiqamətində ümumi razılıq var. Ermənistan da müəyyən mənada razılıq verib. Ancaq bu sazişi hazırlamaq mümkün olacaqmı, Ermənistan müəyyən razılıqlara gedə biləcəkmi? Bilirik ki, Ermənistan bu qərarları qəbul edəcək səviyyədə deyil. Onun qərarlarını Rusiya veir. Rusiya da istədiklərini almadıqca böyük sülhün baş verməsi mümkün deyil. Son vaxtlar Dağlıq Qarabağ probleminin xüsusi ilə Qərbin kontektsində aktivləşməsi problemin Rusiyanın nəzarətindən çıxartmaq niyyəti güdür".

Xatırladaq ki, Parisdə Fransa prezidenti hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Rəsmi Paris irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinə başlanmasını da təklif edir. O d abəllidir ki, status-kvonun qəbuledilməz olmasını Azərbaycan tərəfi də dəfələrlə gündəmə gətirib. Lakin Ermənistanın indiki mövqeyi status-kvonun dəyişməsinə imkan vermir. İndiki vəziyyətdə isə Qərb ölkələri tərəfindən status-kvonun dəyişməsinin qəti şəkildə gündəmə gətirilməsi və hətta Rusiyanın da bu mövqedən çıxış etməsi vəziyyəti dəyişə bilər. Yəni proseslər Ermənistanı mövqeyində dəyişikliyə vadar etmək iqtidarındadır. Hər halda, prezidentlərin növbəti görüşünə qədər bu məsələdə hansı dəyişiklyin olacağı özünü qabarıq büruzə verəcək.

Sizin Reklam Yeriniz