Əlaqə Arxiv
news Image
2014.10.31
08:30
| A A A
Beynəlxalq hüquqda yaşanan böhran böyüyür
Fərəc Quliyev: “Azərbaycana münasibətdə müxtəlif bəhanələr gətirmək həqiqəti əks etdirmir və inandırıcı görünmür” Asim Mollazadə: “Beynəlxalq təşkilatlar öz üzərlərinə düşən öhdəlikəri yerinə yetirməyə vadar edilməlidir”

Bu gün beynəlxalq hüquq sahəsində çox ciddi böhranın yarandığı heç kimə sirr deyil və bundan əziyyət çəkən ölkələrin də sayı kifayət qədərdir. Məsələ bundadır ki, bəzi böyük dövlətlərin siyasəti üzündən beynəlxalq hüquq heç də hamı üçün işlək vəziyyətdə olmur. Eyni zamanda bu hüququn pozulması halları da dünyada geniş yayılmaqdadır.

Gənclər siyasəti üzrə birinci qlobal forumun açılış mərasimində çıxış zamanı Prezident İlham Əliyev bu xüsusda bir çox maraqlı məqamalara toxundu. Dövlət başçısı qeyd etdi ki, beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir: "Biz Təhlükəsizlik Şurasının üzvü olduğumuz iki il ərzində öncədən bəyan etdiyimiz kimi ədaləti və beynəlxalq hüququ müdafiə etdik. Əgər həmin iki element hər bir ölkənin prioriteti olarsa, əminəm ki, gərginlik, toqquşma, müharibələr və qan tökülməsi daha az olar. Beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Çünki bizim hamımız beynəlxalq birliyin üzvləriyik. Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla bilər".

Hələlik isə yuxarıda qeyd olunduğu kimi beynəlxalq hüquq sahəsində indi böhranlı bir vəziyyət yaranıb. Bundan əziyyət çəkənölkələr sırasınad Azərbaycan da var. Azərbaycan 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğala məruz qalıb. Yüz minlərlə insan öz yurdundan didərgin düşüb. Hələ də, işğalın nəticələrini aradan qaldırmaq üçün beynəlxalq birlik beynəlxalq hüquqa söykənərək, real addımlar atmır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi 20 ildən çoxdur ki, kağız üzərində qalmaqda davam edir. Bu illər ərzində beynəlxalq hüququn aliliyindən dəm vuran dünya gücləri bir dəfə də olsun, həmin qətnamalərin yerinə yetirilməsi istiqamətində bir addım da atmayıblar. Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək, beynəlxalq hüququn normalarını pozmaqda, BMT qərarlarına ayaq altına atmaqda davam edir. Halbuki, Liviyada müharibə üçün qətnamənin mürəkkəbi qurumamış onun icrasına başlandı. Rusiyanın Krımı işğal etməsi və Ukraynanın cənub-şərqində separatçılara dəstək verməsi fonunda da beynəlxalq ictimaiyyət dərhal reaksiya göstərərək, Moskvaya sanksiyalar tətbiq etdi. Lakin beynəlxalq hüququ pozan işğalçı Ermənistana qarşı sanksiyalar məsələsi hələ də reallıqda əksini tapmır.

Millət vəkili Fərəc Quliyev yaranmış vəziyyətlə bağlı bildirir: "Prezidentin beynəlxalq hüququn ancaq ayrı-ayrı hallarda işlədiyi haqda dediyi fikirlə tamamilə razıyam. Təcrübədən də görürük ki, beynəlxalq hüquq heç də bütün hallarda işləmir. Bu isə yanlışdır. BMT-nin işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması ilə bağlı 4 qətnaməsi var və bu qətnamələrin həyata keçirilməsi də mümkündür. Parlamentdə də bu məsələni qaldırmışdım ki, BMT Nizamnaməsinin 7-ci bəndi və 41-42-ci paraqraflarına görə, istənilən qətnaməni həyata keçirmək üçün ya hərbi, ya da qeyri-hərbi sanksiyalar tətbiq etmək mümkündür. Bu başqa dövlətlərə münasibətdə tətbiq olunub. İstər İraqda, istər Liviyada olsun. Bu yaxınlarda BMT-nin Bakı nümayəndəsinin rəhbərilə görüşdə də bildirdim ki, Küveyt işğal olunanda dərhal BMT-də qətnamə qəbul edildi və bu ölkənin hərbi yolla azad edilməsi təmin olundu. Azərbaycana münasibətdə isə müxtəlif bəhanələr gətirmək həqiqəti əks etdirmir və inandırıcı görünmür. Bütün bunlar cəmiyyətdə oturuşmuş fikir olan ikili standartlara söykənir. Ona görə Prezidentin bununla bağlı tutduğu iradlar da haqlıdır. Hesab edirəm ki, beynəlxalq təsisatlar, böyük güclər Azərbaycan kimi tərəfdaşa münasibətdə fərqli bir davranış ortaya qoymalıdır. Azərbaycan haqlı tərəfdir, əraziləri işğal olunub. Burada isbat olunmalı bir şey də yoxdur. Habelə, 20 ildir qəbul olunan 4 qətnamədə də bu məsələlər öz əksini tapıb. Verilən qətnamələr beynəlxalq qurumun mövqeyidir, ona görə də onlar öz mövqelərinə hörmət edib, beynəlxalq hüququn işləməsinin həyata keçirilməsinə borcludurlar. Amma məsələ ondadır ki, istənilən beynəlxalq təsisast böyük güclərin təsiri altında olur. Bu məsələlərdə böyük güclərin verilmiş qərarlara münasibəti adekvat olursa həyata keçir, adekvat olmadıqda isə onun həyata keçməsi çətinləşir. Hər yerdə qanun qarşısında hamının bərabər olduğu tələb edildiyi kimi, biz də əlavə bir imtiyaz istəmirik. Qəbul olunmuş qərarlar heç bir istisnaya yol verilmədən həyata keçməlidir. Bunun üçün də xüsusi olaraq BMT Nizamnaməsində 7-ci bənd və 41-42-ci paraqraflar var. Sadəcə olaraq, onlara əməl etmək lazımdır".

Millət vəkili Asim Mollazadə isə qeyd etdi ki, beynəlxalq hüququn bütün hallarda işləməsi üçün dünya ictimaiyyətinin təzyiqi lazımdır: "Beynəlxalq hüquq hüququn hər bir üzvünə aiddir. Ona hər bir üzv əməl etməlidir. Amma təəssüf ki, Azərbaycanla bağlı əksər hallarda hətta qəbul edilmiş qətnamələr belə ancaq kağız üzərində qalır və belədə uzun illər keçməsinə rəğmən hələ də icrasını tapmır. Burada söhbət həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən, həm də nüfuzlu təşkilat olan Avropa Şurasının qəbul etdiyi qətnamələrdən gedir. Belə bir hal nə vaxta qədər davam edəcək? Bunun belə olaraq qalması hər zaman erməni cəlladlarını yeni-yeni cinayətlərə sövq edir. Məsələdən çıxış yolu beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu dövlətlərinin öz qəbul etdiyi qərarlara, təməl sənədlərinə, hər bir qərara riayət etməsindən keçir. Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı qəbul edilən qətnamələrin icrası prosesində bunun şahidi ola bilmirik. Artıq 20 ildir ki, vəziyyət belədir. Belə olan halda da beynəlxalq hüququn daşıyıcısı olan bu kimi beynəlxalq qurumlara inam da azalır. Bunun baş verməməsi üçün ictimaiyyət, siyasətçilər vəziyyətlə məlumatlandırılmalı, beynəlxalq hüquq normaları işləməyə başlamalıdır. Həmin inamın azalmaması üçün beynəlxalq təşkilatlar öz üzərlərinə düşən öhdəlikəri yerinə yetirməyə vadar edilməlidir".

Sizin Reklam Yeriniz