Əlaqə Arxiv
news Image
2014.11.01
07:48
| A A A
Qərb ölkələri hərbi müstəvidə də ikili standart sərgiləyir
Aydın Ağayev: “Ölkəmizə qarşı Qərbin ikili standart siyasəti görünür, hələ davam edəcək” Hikmət Babaoğlu: “Qərbin Azərbaycana silah satışı ilə bağlı embarqo qoyması həmin cəmiyyətdə islamafobiya tendensiyasının get-gedə artması ilə bağlıdır”

Qərb ölkələri, xüsusən də NATO hazırda separatizmdən əziyyət çəkən Ukraynaya ozh ğüh silah və sursat satmaqdadır. Hətta ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett bildirib ki, ölkəsi Ukraynaya yüksək dəqiqlikli hərbi texnologiyalar verəcək. Səfirin sözlərinə görə, ABŞ Ukrayna hərbçilərinin sözügedən silahlardan istifadəsinə kömək edəcək və bu məqsədlə Ukraynaya hərbi heyət göndərəcək. O, bu silahların Donbasda vuruşan orduya kömək edəcəyini deyib.

NATO-ya üzv digər Qərb ölkələri də Ukraynaya müasir silahlarlar ötürür. Onu da qeyd edək ki, Qərbin Ukraynaya silah verməsi əvvəllər belə geniş vüsət almayıb. Proses ancaq yuxarıda da qeyd olunduğu kimi Ukraynanın cənub-şərqində Rusiyanın dəstəklədiyi separatizm meylləri baş qaldırandan sonra intensiv xarakter almağa başlayıb.

Azərbaycan da NATO ölkələrindən silah və hərbi texnika almaqda maraqlıdır. Amma burada digər maraqlı məqam odur ki, Qərb ölkələri Azərbaycana silah satışına belə demək mümkünsə, embarqo qoyub. Bunu da onlar Dağlıq Qarabağ konfliktinin hələ çözülməməsilə əlaqələndirirlər. Bəhanələri də budur ki, münaqişə zonasına silah satıb, onu daha da alovlandırmaq istəmirlər. Belədə, Azərbaycan Qərbdən silah ala bilmir. Düzdür, bu ölkəmizə özünün silah arsenalını genişləndirməyə heç də maneə olmur. Azərbaycan əvvəllər Ukraynanın özündən, Belarusdan, Rusiyadan, Türkiyə, Pakistan və xüsusən İsraildən müasir silah-sursat alır. Bundan başqa, ölkə daxilində də bu istiqamətdə ciddi addımlar atılıb. Azərbaycan yüzərlə adda silah, hərbi ləvazimat istehsal edir. Lakin NATO ölkələri, Türkiyəni çıxmaq şərtilə, bu prosesdə iştirak etmirlər. Onlar eyni vəziyyətlə üzləşən Ukraynaya münasibətdə bir, Azərbaycana münasibətdə isə başqa fəaliyyət tərzi sərgiləyirlər.

Maraqlıdır, niyə NATO Ukraynaya silah satır, Azərbaycana isə yox? Nədir, onları belə addım atmağa vadar edən?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev başqa məsələlərdə olduğu kimi, bu prosesdə də ikili standart siyasətinin hökm sürdüyünü bildirdi: "Bir-birinə tamamilə əks olan iki münasibət, NATO-nun, ya bütövlükdə Qərbin Ukrayna ilə bağlı planları kimə açıq deyil ki? Hamı bilir ki, belə mövqe sərgilənməsi nə məqsəd daşıyır. Burada açıq oyun gedir. Açıq oyunda istədiyinə silah da verir, başqa məsələlərə də qarışırlar. Hələ Ukraynadakı hadisələr başlamamışdan öncə, Amerika rəsmilərindən biri Kiyevlə bağlı fikirlərində nə oyundan çıxırdı! Ona görə də, NATO-nun eyni vəziyyətlə üzləşən Ukrayna ilə Azərbaycana silah satması istiqamətində belə fərq qoymasına təəccüblənməyə dəyməz. Azərbaycanla bağlı məsələyə gəldikdə, obyektiv münasibətdən söhbət gedirsə, burada həmişə deyirik ki, Qərb ikili standart siyasəti yürüdür. Bu ikili standart siyasəti görünür, hələ uzun müddət davam edəcək. Azərbaycanın silahla təminatı məsələsinə gələndə, NATO bunu etmirsə, düşünmürəm ki, ölkəmiz bundan əziyyət çəkir. Azərbaycanın kifayət qədər böyük silah arsenalı və bu istiqamətdə kifayət qədər başqa imkanları var. Harada nəyi və necə etmək lazım olduğunu bilirik. Ona görə Qərbin Ukraynaya silah satdığı halda, Azərbaycana münasibətdə bunu etməməsi məsələsini xüsusi qabartmağın tərəfdarı deyiləm. Bu məsələdə Ukrayna ilə müqayisə olunmağımızı istəməzdim. Hər şey burada açıqdır. Nə istəyirlər, onu edirlər. Rusiya da Qərbin qabağında dirəniş göstərməyə çalışır. Burada silah amilindən çox, sadəcə, problemin həllinə münasibət dəyişməlidir. Ölkəmiz üçün ən vacibi budur. Bu dəyişsə, digər məsələlər kimi silah amili də yerini tutar. O da dəyişmir, hələlik. Qərbin hazırda başı tamam başqa məsələlərə qarışıb. Hazırda onlar böyük oyunlarda iştirak edir. Uyğun görünən bir zaman haçan yetişəcəksə, Qərb hardasa nəsə deyəcək, münasibət bildirəcək. Nə cür bildiriləcəyini də zaman göstərəcək. Azərbaycanın başqa bir tərəfdən, silahla təminat məsələsində korluğu da yoxdur".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun fikrincə isə Qərbin Azərbaycana Ukraynaya olduğu kimi silah satmaqda maraqlı olmaması bu cəmiyyətdəki islamafobiya tendensiyası ilə bağlıdır: "Düşünürəm ki, hazırkı məqamda beynəlxalq münasibətlər sisteminin səciyyəvi xüsusiyyətlərindən biri onun tərkibində ikili standartın və "suxoy" standartın olmasıdır. Əməkdaşlıq nöqteyi-nəzərindən bilirik ki, dövlətlərarası münasibətlərdəki əlaqələr ikitərəfli və çoxtərəfli müstəvidə baş tutur. Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər daha aktiv yer tutur. Amma məsələ ondadır ki, istər çoxtərəfli, istərsə də ikitərəfli münasibətlərdə əksər hallarda ikili standartların mövcud olduğunun şahidi oluruq. Bunun ən bariz nümunəsi beynəlxalq münasibətlərin ən vacib strukturlarından biri olan Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurasının qəbul etdiyi qətnamələrlə bağlıdır. Əslində, BMT-nin də iradəsi Təhlükəsizlik Şurasının 5 daimi üzvünün iradəsindən asılı olur. Burada da qərarların qəbul olunması və icrası ilə bağlı qeyri-müəyyənliyin olduğunu görürük. Qəribədir ki, burada da qərarları müxtəlif növlərə bölürlər. Belə uydurma, kooperativ maraqlara söykənərək, qərarların icra olunması ilə bağlı mövqeyi şərh edirlər. Silah satışı da buna bənzər məsələdir. Qərbin bəzi hegemon gücləri Ermənistan-Azərbaycan münaqişəsini sözün həqiqi mənasında ermənilərin mövcud separatçılıq növqeyi-nəzərindən deyil, xristian-müsəlman qarşıdurması nöqteyi-nəzərindən qiymətləndirirlər. Bu zaman öz mövqelərini birmənalı şəkildə dini tərəfdaşlarının nöqteyi-nəzərindən şərh edirlər. Ona görə ən başlıca tendensiyalardan biri kimi Qərb cəmiyyətlərində islamafobiya tendensiyası get-gedə artır. Qərbin Azərbaycana silah satışı ilə bağlı embarqo qoyması mövqeyi də buna əsaslanır".

Sizin Reklam Yeriniz