Əlaqə Arxiv
news Image
2014.11.04
09:50
| A A A
Türkiyə Qarabağ münaqişəsində əsas vasitəçilərdən birinə çevrilə bilər
Münaqişə ilə bağlı status-kvonun dəyişməsini istəyən Qərb ölkəlri də Türkiyənin bu prosesə yaxından cəlb olunmasının vacibliyini qəbul edirlər

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Qərb ölkələrinin aktivləşməsi özünü qabarıq surətdə büruzə verməkdədir. Xüsusən də prezidentlərin son Paris görüşündən sonra bir daha bəlli oldu ki, Qərb ölkələri status-kvonun dəyişməsində maraqlı tərəf kimi çıxış edirlər. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə və Fransa prezidentlərinin görüşündə də Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Rəcəb Tayyib Ərdoğan və Fransua Olland münaqişənin Nizamlanması, həmçinin ATƏT-in minsk qrupunun fəaliyyəti ilə bağlı müzakirə aparıblar. Bu fonda belə fikirlər səslənir ki, Qərb münaqişəsinin həllində nəticələrə nail olmaq üçün Türkiyəni daha aktiv şəkildə vasitəçiliyə cəlb edə bilər. Çünki, Türkiyə regionda əsas oyunçular sırasında yer alır.

Politoloq Razi Nurullayev bildirdi ki, Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq Rusiyanın Ukraynada törətdiyi hadisələrdən sonra baş verir: "Qərbin bu fonda Qarabağ məsələsi ilə bağlı fəallığı müşahidə olunur. Həmçinin, Qərb, o cümlədən ABŞ istəmir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dominant mövqedə qalsın.

Bu məsələlərdə Türkiyənin fəallıq göstərməsi münaqişənin həllində ciddi irəliləyişə gətirib çıxara bilər. Rusiya isə Ermənistan üzərindən Dağlıq Qarabağa ciddi şəkildə təsir göstərə bilir".

Digər politoloq Adıgözəl Məmmədov isə hesab edir ki, son vaxtlar Qərbin Dağlıq Qarabağ məsələsində aktivləşməsinin hələlik bir nəticəsi yoxdur: "Bu gün aktivləşən Qərb diplomatları dünənə qədər öz dövlətlərinin maraqlarına uyğun hərəkət edərək olduqca laqeyd fəaliyyət göstərirdilər. Amma son zamanlar regionun geopolitoq durumunun dəyişməsi, qüvvələr nisbətindəki tarazlığın pozulması, Ukrayna hadisələri ABŞ-ın regionda fəaliyyətini aktivləşdirib. Amma həqiqətdir ki, artıq Qərbin Ermənistana təsir etmək rıçaqları olduqca məhduddur. Bu, bəlkə də Qərbin özünün günahıdır. Dünənə qədər Qərb tərəfindən hadisələrin öz cərəyanında buraxılması bu gün Rusiyanın regionda güclənməsi ilə nəticələnib. Bu gün Qərbin regiona, xüsusi ilə də Ermənistana təsir etmə rıçaqları olduqca məhduddur. Türkiyənin rəhbərinin isə Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması istiqamətində Fransa preidenti ilə fikir mübadiləsi aparması təqdirəlayiqdir. Bu, həm tarixi yaxınlığımız həm də son zamanlar elə Türkiyənin özünə qarşı olan imperialist təzyiqlərdən doğur. Yəni, Türkiyənin indiki mövcud durumu Dağlıq Qrabağ münaqişəsinin həllini tələb edir. Bilirik ki, Türkiyə Minsk qrupunun üzvlərindən daha səmimi və daha düzgün addım ata bilər. Bu fonda da Türkiyənin vasitəçiliyini Azərbaycan böyük məmnuniyyətlə istəyir. Amma qarşı tərəf Türkiyənin aktivləşməsini istəyirmi? Türkiyənin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyündən Ermənistan tərəfi bunu istəməyəcək"

Hər halda proseslərin axarı Türkiyənin münaqişənin həllində yaxından iştirakı ilə tamamilə yeni birmühitin yarana biləcəyini istisna etmir.

Sizin Reklam Yeriniz