Əlaqə Arxiv
news Image
2014.11.06
07:34
| A A A
Avropa İnsan Haqları Məhkəməsi qeyri-obyektiv qərarlarına görə dağılır
Fəzail Ağamalı: “Qərəzli münasibət, Azərbaycandakı reallıqları əks etdirməyən daha çox saxtakar məlumatlar, dosyelər əsasında Avropa İnsan Haqları Məhkəməsinin çıxarmış olduğu qeyri-obyektiv qərarlar həmin quruma etimadı Çingiz Qənizadə: “Avropa İnsan Haqları Məhkəməsininnin bəzi hallarda qəbul etdiyi qərarların obyektivlikdən uzaq olması, onun siyasi təsir altında verilməsi sonda quruma olan inamın sual altına düşməsinə gətirib çıxarıb”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasını baş katibi Torbyorn Yaqlandın "The Guardian" qəzetində Azərbaycanla bağlı məqaləsini şərh edərkən çox maraqlı məqamlara toxunub. Avropa Şurasının bəzən təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirməsinə toxunan Əli Həsənov qeyd edib: "Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma "siyasi məhbus" məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən antiazərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir".

Əli Həsənov Avropa İnsan Haqları Məhkəməsi ilə bağlı Böyük Britaniyanın timsalında çox maraqıl bir nüansı da xatırladıb: "Cənab Yaqlanda məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın. Görünür, kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaldıb ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoyub".

Əslində, Avropa İnsan Haqları Məhkəməsinin özündə son illərdə qəbul olunmuş qərarlarda siyasi motivlər sezilməkdədir. Bu isə məhkəmənin obyektivliyini sual altına alır. Hətta iş o yerə çatıb ki, , Böyük Britaniya da Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq niyyətinə düşüb. Bu məhkəmənin Azərbaycanla bağlı müxtəlif qərarlar qəbul etməsi fonunda onun ölkəmizə münasibəti də xüsusi maraq doğurur. Məsəəl bundadır ki, Avropa İnsan Haqları Məhkəməsinin hər zaman obyektiv qərarlar qəbul etməsinin özü böyük sual altındadır. Bu mənada gözləmək olarmı ki, belə davam edəcəyi təqdirdə, Böyük Britaniyadan başqa Avropa Şurasının üzvü olan digər ölkələr də həmin məhkəmədən çıxmaq niyyətlərini ortaya qoysun?

Millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirdi ki, qərəzli münasibət, Azərbaycandakı reallıqları əks etdirməyən daha çox saxtakar məlumatlar, dosyelər əsasında Avropa İnsan Haqları Məhkəməsinin çıxarmış olduğu qeyri-obyektiv qərarlar həmin quruma etimadı xeyli dərəcədə zəiflədib: " Ona görə də bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, qurumlarla əməkdaşlıq edərkən onların söykənmiş olduğu və əlimizdə olan yazılı, onun fəaliyyətini tənzimləyən müvafiq hüquqi sənədlərə söykənərək onlarla əməkdaşlıq qururuq. Ölkəmiz öz tərəfindən bu əməkdaşlıqda üzərinə düşən vəzifələri yerinə yetirdiyi kimi, həm də tamamilə haqqı çatır ki, onlardan söykənmiş olduqları hüquqi sənədlərə müvafiq olaraq Azərbaycana münasibətlərini meydaan qoysunlar. Azərbaycandan ardı-arası kəsilmədən gedən dosyelərin heç birinə adı çəkilən qurum obyektiv münasibət ifadə etmir. Azərbaycanda 1 milyondan çox insanın Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulub. Bildiyim qədər bununla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə çoxsaylı müraciətlər ünvanlanmaqdadır. Onlar isə bununla bağlı hər hansı qərarın qəbul edilərək, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə getmirlər. Ona görə ki, bu kimi qurumların fəaliyyətində Ermənistan və Azərbaycana münasibət tamamilə fərqli götürülür. Azərbaycana qarşı qərəzli, Ermənistana münasibətdə isə himayə siyasəti aparılır".

Millət vəkili Çingiz Qənizadənin fikrincə, Avropa İnsan Haqları Məhkəməsininnin bəzi hallarda qəbul etdiyi qərarların obyektivlikdən uzaq olması, onun siyasi təsir altında verilməsi sonda quruma olan inamın sual altına düşməsinə gətirib çıxarıb: "Hesab edirəm ki, təkcə Avropa İnsan Haqları Məhkəməsinə deyil, hətta Avropa Şurasının özünə də etimad azalıb. Bundan başqa, BMT-nin də nüfuzu olduqca aşağı düşüb. Onlar da qəbul etdikləri qərarların icrasına kifayət qədər nəzarət edə bilmir. Qərar qəbul edən orqan onun icrasına nəzarət edə bilməyəcəksə, o orqanın nüfuzu ola bilməz. Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT-nin 4 qətnaməsi bu müddət ərzində icrasız qalıbsa, burada qurumun nüfuzundan danışmaq olmaz. Bu fikirlər Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsiinə də aiddir. Onlar qarşısında təbii ki, öhdəlik götürmüşük. Böyük Britaniya Avropa İnsan Haqları Məhkəməsinə etirazını bildirdi. Hesab edirəm ki, onun ardınca bu istiqamətdə növbəti Avropa dövlətləri də addım atacaq. Çünki, bu məhkəmələrin qəbul etdiyi qərarların icrasında kifayət qədər problemlər var. Bəzən qərarların obyektivliyi də şübhə altında olur. Bir sıra hallarda bu qərarlar siyasi təzyiq altında qəbul olunur. Bəzən də bu qərarlar icra olunmur. İcra olunmasına da özləri nəzarət edə bilmir. Belə olanda verilən qərar simvolik xarakter daşıyır. Deməli, bu amillər artıq qurumun nüfuzdan düşməsi deməkdir. Bu mənada Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəyini normal hesab edirəm. Amma təəssüf hissi ilə qeyd edim ki, Avropa Şurasının baş katibi bu fonda birdən-birə Azərbaycanla bağlı fikirlərini bölüşür. Bunun tərəfdarı deyiləm, xüsusən də indiki zamanda. Çünki, Azərbaycanda insan haqları üzrə İşçi Qrupunun fəaliyyəti artıq bərpa olunub və müəyyən məsələləri ölkə daxilində həll etmək istiqamətində addım atırıq. Hesab edirəm ki, hansısa iradlar varsa, bu müzakirə olunacaq və əsaslıdırsa, həll oluna bilər. Azərbaycan həmişə dözümlülük göstərib. Bilirsiniz ki, beynəlxalq təşkilatlar həmişə ölkəmizə qarşı qərəzli mövqe, bəyanat və qətnamələr qəbul edir. Hələlik onlara dözümlülük nümayiş etdiririk. Bu mənada da hesab edirəm ki, Azərbaycan da Böyük Britaniya kimi Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəyini ifadə edənlər və bu istiqamətdə addım atanlar sırasında olmayacaq. Ən azından Avropa dəyərlərinə hörmət əlaməti olaraq, gözləyəcəyik. Ya Avropa İnsan Haqları Məhkəməsinin işinə yenidən baxılaraq, o yenidən qurulmalıdır, ya da qurum nüfuzunu itirməkdə davam edəcəksə, digər dövlətlər də oradan çıxmaq niyyətini ortaya qoyacaq".

Sizin Reklam Yeriniz