Əlaqə Arxiv
news Image
2014.11.07
08:19
| A A A
Avropa İttifaqından yeni Qarabağ təşəbbüsləri
Elşən Manafov: “İngilis diplomatiyasının təcrübəsinə istinad etsək, görərik ki, onlar bu tip münaqişələrin tənzimlənməsində ciddi imkan və müəyyən təcrübəyə malik tərəf olublar” Vəfa Quluzadə: “Avropa İttifaqının aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə töhfə vermək istəkləri müsbət hadisədir”

Son dövrlərdə ATƏT-in Minsk qrupunda yer almayan Qərbi Avropa ölkələrinin də Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşməsini gündəmə gətirməsi müşahidə olunur. Məsələn, Böyük Britaniya və Şimal İrlandiyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb, münaqişə tez bir zamanda öz həllini tapmalıdır. Lidinqton münaqişənin həllini ilə bağlı Böyük Britaniyannın müəyyən təkliflərinin olduğunu da deyib: "Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsi üçün kömək etməyə hazırıq. Düşünürük ki, tərəflər ortaq detallar barədə danışıb razılığa gəlməlidirlər". Lidintonq Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi faciə adlandırıb.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də diqqətə çatdırıb ki,

Almaniya regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir.

Nazir bildirib ki, Ukrayna aylarla onları məşğul edib, amma Dağlıq Qarabağ münaqişəsinə də narahatlıqla baxırlar. XİN rəhbəri əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təcrübəli alman diplomatdır və bu məsələdə Almaniyanın, Aİ-nin rolunu görmək istəyirlər.

Maraqlıdır, Avropa İttifaqının iki aparıcı dövlətinin Qarabağ münaqişəsilə bağlı bumövqeyinin həll prosesinə hansısa təsiri və nəticəsi olacaqmı? Politoloq Elşən Manafov bildirdi ki, Avropa İttifaqı ölkələrinin Qarabağ münaqişəsinin həlli ətrafında fəallığının artmasının ancaq Ermənistana təzyiqlərin gücləndirilməsi fonunda nəticəsi ola bilər: "İstər Avropa İttifaqı, istərsə də, ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin hər biri Dağlıq Qarabağ probleminin çözülməsi üçün təkliflər variantına malik ola bilərlər. O cümlədən, Böyük Britaniya ilə Almaniya da bu yöndə fəaliyyətdə ola bilər. Böyük Britaniyanın bu münaqişənin tənzimlənməsində marağı kifayət qədər anlaşılandır. Britaniyanın ən iri transmilli şirkəti olan BP Azərbaycan neftinin dünya bazarına çıxarılmasında öz payı və imkanları olan bir şirkətdir. Britaniya və onun şirkətləri Azərbaycan iqtisadiyyatına böyük investisiya yatırıblar. Bu baxımdan Azərbaycanda stabilliyin qorunub saxlanılması bütün hallarda Britaniyanın ölkəmizlə bağlı maraqlarına tam mənada cavab verir. Bu mənada Londonun Dağlıq Qarabağla bağlı belə bir təkliflər paketilə çıxış etməsi anlaşılandır. Bir müddət əvvəl Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyilə keçirilən danışıqların əsl mahiyyəti barədə kifayət qədər məlumatlı olmasaq da, tərəflər bu danışıqları hamı üçün mühüm əhəmiyyətli danışıq kimi qeyd etdi. Doğrudan da, danışıqların alternativi yoxdur. Danışıqlar bütün hallarda bölgədə sabitliyin qorunub saxlanılmasının əsas qarantıdır. Bunu Azərbaycan və Ermənistan tərəfi də gözəl başa düşür. Avropa İttifaqının bu məsələdə müəyyən mənada fəallaşması Qərblə Rusiya arasında yaşanan münaqişənin doğurduğu reallıqlar konteksində də anlaşılandır. Bu, Qərbin Rusiyaya mesajları anlamında da qəbul oluna bilər. Amma etiraf etmək lazımdır ki, münaqişənin tənzimlənməsi üçün daha ciddi təsiredici imkanlara malik tərəf Rusiyadır. Fikrimcə, münaqişə ilə bağlı Rusiyanın mövqeyinə hörmətlə yanaşılmayacaqsa, yalnız Avropa İttifaqı və ATƏT-in Minsk qrupundakı ayrı-ayrı dövlətlərin səylərilə konflikti tam mənada həll etmək mümkün olmayacaq. Hər bir təklifin özünə böyük hörmət, diqqət və qayğı ilə yanaşmaq, onun üzərində düşünüb, onu müzakirəyə çıxarmaq olar. İngilis diplomatiyasının təcrübəsinə istinad etsək, görərik ki, onlar bu tip münaqişələrin tənzimlənməsində ciddi imkan və müəyyən təcrübəyə malik tərəf olublar. Ümid edək ki, ingilis diplomatiyasının münaqişənin tənzimlənməsilə bağlı təkliflər paketi ilk əvvəl məhz Ermənistana təzyiqlərin gücləndirilməsini özündə ehtiva edəcək. Çünki, Ermənistana təzyiqləri gücləndirmədən münaqişəni həll etmək mümkün olmayacaq".

Politoloq Vəfa Quluzadə isə bu qənaətdədir ki, Avropa İttifaqı dövlətlərinin fəallığı tədricən nəticə verəcək: "Avropa İttifaqının aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə töhfə vermək istəkləri müsbət hadisədir. Bu tendensiya ondan xəbər verir ki, artıq Qərb Cənubi Qafqazda sülh və əməkdaşlığın bərqərar olmasında maraqlıdır. Ona görə də Böyük Britaniya ilə Almaniyanın bu istiqamətdəki təklifləri təqdirəlayiq təşəbbüslərdir. Sözsüz ki, bu təşəbbüslər tədricən nəticəsini verəcək. Bu nəticə isə Rusiyanın zəifləməsi fonunda ola bilər. Hazırda Rusiya ilə Qərb demək olar ki, müharibə vəziyyətindədir. Bu müharibənin nəticələrindən nəsə gözləyə bilərik. Rusiya bu müharibə nəticəsində demokratikləşməyə doğru getsə, sözsüz ki, nəticə ola bilər. Rus imperiyası artıq iki dəfə çöküb. Birinci dəfə çar Nikolay, ikinci dəfə isə Qorbaçovun dövründə. İndi bu çöküşün üçüncü mərhələsi gəlir. Qarabağ məsələsi Rusiya imperiyasının geosiyasi maraqlarıdır. Ona görə Rusiyada müsbətə doğru qlobal dəyişiklik baş versə, bu kimi məsələdə də müsbət dəyişiklik baş verəcək".

Sizin Reklam Yeriniz