Əlaqə Arxiv
news Image
2014.11.12
08:18
| A A A
Müxaliflər sırasında hələ də erməni dəyirmanına su tökənlər var
Zahid Oruc: “Bu sənəddə, onun ruhunda, konkret müddəalarında Azərbaycan maraqları əleyhinə məsələlər var” Sahib Alıyev: “Eldar Namazov həmin görüşü təşkil edənlərin sifarişini icra etdiyindən, snayperlər məsələsində belə ermənipərəst mövqe sərgiləyir”

Məlumat verildiyi kimi, bir neçə gün öncə müxalif düşərgədə yer alan politoloq Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan arasında Qarabağa dair birgə bəyanat qəbul edilib. Bəyanatda münaqişə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönəlmiş siyasi və informasiya aksiyalarına son qoymağa, atəşkəs rejiminin möhkəmləndirilməsi və silahlı insidentlərin qarşısının alınması üzrə təxirəsalınmaz addımlar atmağa, habelə snayperlərin təmas xəttindən dərhal çıxışını təmin etməyə, Helsinki Yekun Aktı əsasında münaqişənin təməl həll normalarına (güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını həll etmək hüququ) və Qarabağ tənzimlənməsi üzrə "yol xəritəsi" işlənib hazırlanmasına başlamağa" çağırılır.

Qeyd edək ki, burada səslənən təkliflərin çoxu daha çox ermənilərin indiki mövqeyilə üst-üstə düşür. Məsələn, snayperlərin təmas xəttindən çıxarılması kimi təkliflər əvvəllər də ermənilər tərəfindən qaldırılıb. İndi isə Eldar Namazov da onlara bu məsələdə dəstək verir. Hadbuki, ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının işğal olunan ərazilərdən çıxarılması halında nə snayper məsələsinə, nə də qoşunların təmas xəttində ayrı-ayrı insidentlərin müzakirəsinə ehtiyac qalmazdı.

Amma ermənilər bunu etmir, əvəzindəAzərbaycanın öz snayperlərini cəbhə xəttindən geri çəkməsini istəyirlər. Eldar Namazov və daha bir neçə müxalifətçi də onları bu məsələdə dəstəykləyir.

Millət vəkili Zahid Oruc Eldar Namazovun bu addımı xarici dairələrin sifarişi əsasında atdığını dedi: "Əvvəla, onu deyim ki, bu tip razılaşmalar xalq diplomatiyası millətimizin gözündən kəskin şəkildə düşdüyü bir dövrdə gündəmə gəlir. Həmin missiyanı "həyata keçirənlərin" üzərində həm ictimai qınaq yüksəlib, eyni zamanda, hüquq-mühafizə orqanlarının konkret araşdırma və məhkəmə çəkişmələri var. Bu fonda beynəlxalq dairələrdən də əleyhimizə müxtəlif təzyiqlər göstərilməkdədir. Sanki "basdırılmış minalar partladıqca", xarici dairələr buna adekvat narahatlıqlarını ifadə edirlər. Belə ki, məhz o sistemin hesabına illərdir, Azərbaycanın daxili həyatında iştirak edə bilirdilər. İndi isə bu cür alətləri əllərindən çıxdıqca, ona müvafiq də səs-küy qoparırlar. Belə fonda Eldar Namazov ulu öndər Heydər Əliyevin zamanında işlədiyi köməkçi statusunu xatırlayaraq, sanki dövlət və millətin adından hansısa razılaşmalar imzalayır. Şahnazaryanın Eldar Namazovun siyasi toruna düşdüyünü kimsə iddia edə bilməz. Əksinə, orada qəbul edilən məlum tezislərin hamısı büsbütün bizim ziyanımızadır. Mövqeyimiz heç də o deyil ki, hər gün müharibə ritorikasından, Qarabağa qarşı sanksiyalarla, onları əzməklə Ermənistansız Azərbaycan qurmaq ideologiyası ilə yaşayırıq. Yox. Biz də sülhü ifadə edirik. Hansı halda əməkdaşlıq ola bilər, regionda barışıq hansı şərtlərdən keçir, bunlar dilə gətirilir. Zatən, bu ölkədə hamını müharibə partiyası kimi qələmə vermək çox yanlışdır. Amma Namazovla Şahnazaryan arasında bağlanan sənəddə snayperlərin cəbhə xəttindən çıxarılması məsələsi də daha çox ölkəmizin ziyanına işləyir. Əsas hədəflərinə çatan qarşı tərəf bundan sonra ona çalışacaq ki, əldə etdiklərini qorusun. Azərbaycandan da kimlərsə buna müvafiq mövqe göstərəcəksə, bu, artıq təslimçilik aktını imzalamış sayılır. Adamlar hər bir erməni ilə imzalanmış sənədi xəyanət aktı kimi dəyərləndirmir. Amma gerçəkdən də bu sənəddə, onun ruhunda, konkret müddəalarında Azərbaycan maraqları əleyhinə məsələlər var. Ona görə də, düşünürəm ki, bu, Namazovun siyasi varlığını diskredidasiya edir. Fikrimcə, bu proses xarici dairələrin sifarişi olub. Namazov bunu özbaşına etməyib. Onun birdən-birə belə cəsarət əldə etməsi, hazırki şəraitdə bunu meydana çıxarması sanki Azərbaycana hansısa qüvvələrin öz mövqelərini diqtə etmək cəhdidir".

Millət vəkili Sahib Alıyevin fikrincə, Eldar Namazov həmin görüşü təşkil edənlərin sifarişini icra etdiyindən, snayperlər məsələsində belə ermənipərəst mövqe sərgiləyir: "Eldar Namazovun gedib hardasa kimləsə nəsə imzalaması ancaq onun öz fikridir və ancaq özünə təsiri ola bilər. Azərbaycan xalqının bu barədə fikirlərinin nə olduğu aydındır. Snayperlərin təmas xəttindən çəkilməsi məsələsini dəfələrlə ermənilər qaldırıb. Onun qaldırılmasında məqsəd odur ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında rahat oturub kef etsin. Amma təbii ki, bu mümkün deyil. Hətta bu məsələni Minsk qrupunun həmsədrləri dəstəkləyir. Lakin rəsmi Bakı buna getmir və gedəsi də deyil. Müdafiə naziri və xarici işlər naziri də bu haqda bildiriblər ki, etimad olmasını istəyiriksə, onda erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çəkilib getməlidirlər. Eldar Namazovun nədən Azərbaycanın marağına uyğun gəlməyən bu addımı atmasına gəldikdə, bu, ondan qaynaqlanır ki, o görüşü təşkil edən və maliyyələşdirənlərin məqsədi də məhz snayperlərin ön xəttdən çəkilməsinə nail olmaqdır. Lakin bu baş verən deyil. Nə qədər ki, Azərbaycan torpağı işğal altındadır, bu baş verməyəcək. Snayperlərin öz xətdən çıxarılması Azərbaycanın öz torpaqlarının işğal altında daha 20 il və ondan da artıq qalması ilə barışması demək olardı. Ən azı buna görə, Azərbaycan ona getmir".

Sizin Reklam Yeriniz