Əlaqə Arxiv
news Image
2014.11.20
08:43
| A A A
Azərbaycanı əcnəbilərə satan QHT-lər
Aydın Mirzəzadə: “Vətənpərvərlik hissinin olmaması bəzi QHT-ləri sonda gətirib xarici donorların təsiri altına salır” Şahin Rəcəb: “Hər bir xarici donor heç zaman pulu boş-boşuna vermir”

Millət vəkili Azay Quliyev hələ də xarici təsir və maliyə asılılığında olan qeyri-hökumət təşkilatları ilə bağlı xəbərdarlıqla çıxış edib: "QHT sektorunun maliyyəsinin təqribən 35 faizi, yəni 23,5 milyon manatı xarici donorlardan gəlir. Bu donorların fəaliyyəti isə şəffaf deyil, eyni zamanda, Azərbaycanda sabitlik və təhlükəsizlik üçün bir təhdiddir. Bu baxımdan QHT-lərin xarici donorlardan asılılığının tam aradan qaldırılması üçün tədbirlərin görülməsi vaxtı çatıb".

Əksər mütəxəssislər də hesab edir ki, xarici təsir dairəsində olan QHT-lərlə bağıl artıq sərt tədbirlərin görülməsi bir zərurtətdir.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, vətənpərvərlik hissinin olmaması bəzi QHT-ləri sonda gətirib xarici donorların təsiri altına salır: "Azərbaycanda QHT-lərin bir hissəsi təəssüf ki, xaricdən qrant almağa üstünlük verir. Donorla bağlı Azərbaycan qanunvericiliyində onların hesabat verilməsi tələbi də yerləşdirildi. Ancaq yenə də bu qanunvericiliyə riayət etməyə maraq göstərmirlər. Hesab edirəm ki, bu, ilk növbədə həmin QHT-lərdə vətənpərvərlik hissinin olmamasından irəli gəlir. Bir qismi isə artıq 3-cü sektor prinsiplərindən uzaqlaşaraq ciddi siyasi fəaliyyətlə məşğuldur və aldıqları pulla üzv olduqları siyasi partiyanı maliyyələşdirirlər. QHT sektorunun dövlət tərəfindən maliyyələşdirilməsi zənnimcə, gələcəkdə QHT sektorundakı bu kimi neqativ halların aradan qaldırılmasına səbəb olacaq. Vaxt vardı ki, QHT-lər ancaq xaricdən maliyyələşirdi. Sonradan dövlət hesabına maliyyələşmə də başladı. Bir zamanlar 1 milyon manatdan başlayan vəsait, gələn il üçün isə 6 milyon manat nəzərdə tutulub, hətta onun da qaldırılması mümkündür. Ayrı-ayrı nazirlik, dövlət orqanları tərəfindən də QHT-lərin maliyyələşməsi həyata keçirilir. Belədə daxildə donor çoxluğu yaranır. Bu da gələcəkdə xaricdən maliyyələşən QHT-in sayının azalmasına gətirib çıxaracaq".

QHT məsələləri üzrə mütəxəssis Şahin Rəcəb isə düşünür ki, yerli QHT-in əcnəbi donorların təsiri altında olması məhz xarici təşkilatların marağından irəli gələn məsələdir : "Xaricdən maliyyələşən ölkə QHT-ləri əsasən ancaq insan hüquqları məsələsi üzərində ixtisaslaşan ictimai təşkilatlardır. Digər, məsələn, ekologiya, mədəniyyət sahələrinə isə xarici donorlar ümumiyyətlə vəsait ayırmırlar. Bu da aydın məsələdir ki, xarici donorların öz maraq və məqsədlərindən irəli gələn məsələdir. Hər bir xarici donor heç zaman pulu boş-boşuna vermir. Digər tərəfdən, onlar insan hüquqları və demokratiya sahəsində müxtəlif ölkələrdə öz baxış və fikirlərini formalaşdırmağa çalışırlar ki, bu da bəzən qeyri-pozitiv məqsəd daşıyır. Bu istiqamətdə xarici təşkilatların üçüncü məqsədi informasiya mühitinə nəzarət etməkdən ibarətdir. Yerli QHT-lər çalışmalıdır ki, bu faktları nəzərə alaraq, dövlətin maraqlarına zidd olan məsələlərdən maksimum uzaq olsunlar. Bunun üçün milli donorlara müraciət edib, milli prioritet sahələrlə bağlı qrant almaq olar. QHT-in İnkişaf Konsepsiyasında da qrant almaq üçün milli prioritetlər müəyyənləşib. Milli donorlar tərəfindən ərazi bütövlüyü, digər milli məsələlər, vətənpərvərlik mövzusunda qrantlar verilir. Sadəcə olaraq, hər bir QHT rəhbəri bu layihələri icra edərkən öncə düşünməlidir ki, xaricdən alınan vəsait milli maraqlara xidmət edir, ya yox. Xidmət etmirsə, ondan uzaq olmaq lazımdır. Qafqaz regionu ilə bağlı xalq diplomatiyasına xidmət edən layihələrdə həqiqətən də ölkəmizin milli maraqlarına zidd olan layihələr olub. Ermənilər, gürcülər və digər Avropa donorları ictimaiyyətə belə təqdim etmək istəyirlər ki, Azərbaycan xalqı xalq diplomatiyasına gedir və bu proqramlar əsasında əməkdaşlıq edir. Yerli QHT-lər bu məsələdə daha çox ehtiyatlı olmalıdır. Hələ müharibə gedir, belə bir dövrdə xalq diplomatiyasının həyata keçirilməsi tezdir. Torpaqlarımız azad olduqdan sonra xalq diplomatiyası layihələrinin həyata keçirilməsinə bəlkə də ehtiyac yaranacaq. Hazırki dövrdə isə istər insan hüquqları, istərsə xalq diplomatiyası adı ilə xüsusən Ermənistanın da iştirak etdiyi, onların piarı, marağına xidmət edən layihələrdən uzaq olmalıyıq".

Sizin Reklam Yeriniz