Əlaqə Arxiv
news Image
2014.11.22
09:47
| A A A
Azərbaycan Minsk qrupunun fəaliyyətini dayandıra bilər
Sahib Alıyev: “Azərbaycan torpaqlarını “neytral ərazi” adlandırmaqla özlərinin neytral olmadıqlarını bir daha göstərdilər” Elman Məmmədov: “Minsk qrupu formatı artıq öz etimadını çoxdan itirib”

Bu günə qədər ikili standartla çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri mövqelərində bu dəfə bir az da irəli getdilər. Cəbhə zonasında mövqelərimizə hücuma keçməyə cəhd göstərdiyi üçün əsgərlərimiz tərəfindən vurulmuş erməni helikopteri ilə bağlı bəyanatlarında "neytral ərazi" ifadəsi işlətməklə qərəzli mövqe ortaya qoydular. Bəyanatı tənqid edənlərdən biri olan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov həmsədrlərin bunları bilə-bilə ediklərini deyir: "ATƏT-in Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu, birinci dəfə deyil. Necə yəni helikopter "neytral ərazidə" düşüb. Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb".

Bütün bu olanlar fonunda Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçilik missiyasından imtina bir daha gündəmə gəlmiş olur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bldirdi ki, vasitəçilərin üzərilərinə götürdükləri missiyanın öhdəsindən gəlmədikləri artıq aydın məsələdir: "Azərbaycan torpaqlarını "neytral ərazi" adlandırmaqla özlərinin neytral olmadıqlarını bir daha göstərdilər. Sadəcə buna dayanaraq onların vasitəçilik missiyalarını yerinə yetirmədiklərini söyləmək olar. Çox təəssüf ki, onlar gərəksizliklərini təkcə bu məsələdə göstərmirlər. Amma bilirik ki, Minsk qrupunun formalaşdırılması, ATƏT-də həmsədrlik institunun təsisçilik məsələləri təkcə Azərbaycanın rəyindən asılı deyil. Hətta biz həmsədrləri başqaları ilə əvəzləmək, formatı dəyişdirmək istəsək, bu məsələ birtərəfli şəkildə alınan deyil. Buna Ermənistan tərəfinin də razılığı olmalıdır. Düzdür, bəzən təkliflər irəli sürürlər ki, bu məsələ ATƏT-dən çıxarılıb, BMT-yə verilsin. Amma həmsədr dövlətlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. O Təhlükəsizlik Şurasının ki, onun Qarabağ münaqişəsilə bağlı məlum 4 qətnaməsi ermənilər tərəfindən yerinə yetirilmir. Həmsədrlər də bunu çox gözəl bilirlər. Ona görə də bu məsələlərdə tutduğumuz yolu davam etdirməliyik. Bu yol ondan ibarətdir ki, heç kimdən heç nə gözləmədən öz ordumuzu, iqtisadiyyatımızı gücləndirməliyik. Qarşıdan gələn çətin maliyyə ilində belə büdcə xərclərimizi artırmağımız ondan xəbər verir ki, Azərbaycan bu siyasətini yeridəcək. Nə olursa, olsun Azərbaycan torpaqlarını geri qaytaracaq".

Middət vəkili, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov isə tək Minsk qrupunun yox, ATƏT-in bütün təsisatlarının faydasızlığına diqqət çəkir: "Tarixin son 100 ilinə baxsaq, görərik ki, erməni məsələsinin ilk dəfə ortaya atılması, ermənilərin müxtəlif regionlardan köçürülüb Cənubi Qafqazda yerləşdirilməsi, onların təşkilatlandırılması, təlimatlandırılması, silahlandırılması, onlara müxtəlif imtiyazların verilməsi, sonradan Azərbaycan toraqlarında onlara dövlət yaradılması, 1988-ci ildən bu günə qədər olan məsələlər Minsk qrupuna üzv olan həmin bu 3 dövlətin himayəsi altında olub. Onlar həmişə ermənilərin havadarı qismində çıxış edib. Belə olan təqdirdə Qarabağ məsələsinin ədalətli həllində ədalət gözləmək olarmı? Bu, qeyri-mümkün bir işdir. Minsk qrupununu yaradılmasında əsas məqsəd Qarabağ münaqiəşsinin həllini ləngiməkdir. Niyə probemin müqəddaratı 3 ermənipərəst dövlətdən asılı olmalıdır? Minsk qrupu formatı artıq öz etimadını çoxdan itirib. Ona görə də yaxşı olardı ki, 3 ermənipərəst yox, daha çox dövlətlərin mövqeyi olsun. Bu mandat BMT Təhlükəsizlik Şurasına verilsə, yaxşı olar. O zaman daha geniş formatda fikir ayrılıqları yaranacaq. Düzdür, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini ermənilər hələ də yerinə yetirmir. Ancaq nə olsa da, bütün hallarda BMT ATƏT-in Minsk qrupundan daha geniş həll imkanlarına malikdir".

Sizin Reklam Yeriniz