Əlaqə Arxiv
news Image
2014.11.24
09:40
| A A A
Azərbaycanla əməkdaşlığın əhəmiyyətini ABŞ-da priorit sayanların sayı artır
Elman Nəsirli: “Hesab edirəm ki, postObama erası və ondan doğan yeni yanaşma, məqamlarla bağlı olaraq Vaşinqtonun Azərbaycanla bağlı siyasətində yeni bir tendensiya başlanacaq” Aydın Mirzəzadə: “ABŞ-dakı bəzi yüksək dairələr tərəfindən səslənən bu tip çağırışlar Azərbaycanın artan nüfuzunun nəticəsidir”

ABŞ-ın Azərbaycanla münasibətlərini daha intensiv şəkildə inkişaf etdirməsinin vacibliyini bildirən amerikalı ekspertlərin sayı durmadan artır. Yenidən bu mövzuyu toxunan ABŞ-ın Şeperd Universitetinin (Shepherd University) Siyasi Elmlər Departamentində köməkçi professor Cozef Robins bildirib ki, ABŞ Prezidenti Administrasiyası Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa aktiv şəkildə cəlb olunmalıdır. Onun sözlərinə görə, ABŞ xüsusilə qarşılıqlı maraqları olan region ölkələri ilə əməkdaşlığa çox fəal şəkildə cəlb olunmalıdır və bu sıraad Azərbaycanın da adı yer alır. Bundan əvvəl isə ABŞ konqresmenləri Robert Aderholt və Mayk Doyl prezident Barak Obamaya Azərbaycanla bağlı məktubla müraciət ediblər.Hər iki konqresmen ayrı-ayrılıqda prezidentə ünvanladığı müraciətində ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb.

Politoloq Elman Nəsirli bu qənaətdədir ki, sözügedən çağırışlar postObama dövründə Cənubi Qafqaza, o cümlədən Azərbaycana Vaşinqtonun diqqətinin artacağının işarəsidir: "Barak Obamanın prezidentliyi dövründə əslində, ABŞ adminstrasiyasının Cənubi Qafqazla bağlı siyasəti axsamış oldu. Yəni, o, bu regiona xüsusi diqqət ayırmadı. Baxmayaraq ki, region geniş enerji potensialına malikdir. Bizim yerləşdiyimiz məkan həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Burada Vaşinqtonun soyuq münasibət bəslədiyi Rusiya da yerləşir. Digər tərəfdən, regionda ABŞ-la düşmən münasəbətdə olan İran var. Bu kontekstdə Cənubi Qafqaz Vaşinqton üçün çox əhəmiyyətli bir region olmalı idi. Vaxtilə oğul Buş və Klintonun prezidentliyi dönəmində Cənubi Qafqaz, xüsusən də Xəzər regionu ilə bağlı ABŞ prezidentinin xüsusi nümayəndəsi vardı. Amma Obamanın hakimiyyətə başlaması ilə bu məsələlər kölgədə qaldı və bölgəmiz ABŞ üçün strateji əhəmiyyəti olmayan region kimi qeyd olunmağa başladı. Bu da təbii ki, təsirsiz qalmadı. Nəticə etibarı ilə rəsmi Vaşinqtonun maraqları bu zonada getdikcə azalmağa doğru istiqamət götürüb. Dağlıq Qarabağ münaqişəsilə bağlı bütün bu müddət ərzində Obama adminstrasiyası tərəfindən heç bir təklif irəli sürülmədi, ABŞ ərazisində münaqişə tərəfləri arasında görüşün keçirilməsi hadisəsi qeydə alınmadı. Belə vəziyyəti müxalifətdə olan Respublikaçılar Partiyası daha çox dərk etməyə başlayıb. Bu yaxınlarda keçirilən seçkilərlə respublikaçılar Senat və Nümayəndələr Palatasında üstünlük əldə edib. Ölkədəki qubernatorların sayı baxımından da onlar üstünlük təşkil edir. Konqres səviyyəsində Ağ Evin yeritdiyi siyasətə, Cənubi Qafqaz regionu, Azərbaycanla bağlı siyasətə yenidən baxılması istiqamətində təşəbbüslər artıq daha çox səslənməyə başlayıb. Məsələyə bu mənqitlə yanaşdıqda, hesab etmək olar ki, Respublikaçılar Partiyası nümayəndələrindən belə çağırışların eşidilməsi daha çox gözləniləndir. Hansı ki, artıq bunun şahidiyik. Hesab edirəm ki, 2016-cı ilin prezident seçkilərində respublikaçıların qalib gəlmə şansları kifayət qədər böyükdür. Həm ali icra hakimiyyəti, həm də ali qanunverici hakimiyyətdə respublikaçıların üstünlük təşkil etdiyi bir vəziyyətdə, hesab edirəm ki, Barak Obamanın regionumuz və birbaşa Azərbaycanla bağlı siyasətində müəyyən təhlillər, yenidən qiymətləndirmələr baş versin. Bu nöqteyi-nəzərdən də Azərbaycanın ABŞ üçün əhəmiyyətinə daha düzgün və daha adekvat qiymət verilsin. Həmin tendensiya var. ABŞ-ın akademik dairələrində bu kimi fikirlər səslənir. Həmin düşüncə tərzi indi Konqresdə də daha çox eşidilməyə başlanılıb. Hesab edirəm ki, bütün bunların fonunda post Barak Obama erası və ondan doğan yeni yanaşma, məqamlarla bağlı olaraq yeni bir tendensiya başlanacaq".

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, ABŞ-dakı bəzi yüksək dairələr tərəfindən səslənən bu tip çağırışlar Azərbaycanın artan nüfuzunun nəticəsidir və bu, tək bir ölkə ilə olan münasibət deyil, digər ölkələrlə münasibətdə Amerikanın istəyini göstərmək şansıdır: "Əslində, ABŞ-da bəzi yüksək rütbəli dairələrin Ağ Evi Azərbaycanla sıx əməkdaşlığa cəlb olunmağa səsləmələri birinci və sonuncu çağırış deyil. Vaxtaşırı ABŞ ictimaiyyətində Azərbaycanla münasibətlərin daha da genişləndirilməsilə bağlı çağırışlar eşidilir. Bu çağırışlar da cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən irəli sürülməklə, Azərbaycana olan böyük marağı göstərir. Baxmayaraq ki, iki ölkə arasında münasibətlər var və bu münasibətlərə daha çox insanlar qoşulub, ancaq bu münasibətləri genişləndirməyin potensialı olduğu aydın hiss edilir. Hesab edirəm ki, artıq Azərbaycan özünün inkişafı, iqtisadi modernləşmədə qazandığı nailiyyətləri, ən əsası nüfuzlu dövlət statusu ilə ABŞ ictimai dairələrinin daha çox diqqətini cəlb etməkdədir. İnsanlar Azərbaycanla münasibətləri genişləndirməklə, şərqlə, keçmiş postsovet məkanı, islam dünyası ilə münasibətlərini genişləndirmiş olurlar. Azərbaycanla dostluq əlaqələrinin daha yeni formalarını tapmaqla, yeni inkişaf etməkdə olan dövlətlərlə münasibətlərə dair müsbət mesajını vermiş olarlar. Yəni, Azərbaycanla münasibətlər tək bir ölkə ilə olan münasibət deyil, bu digər ölkə və regionlara da Amerikanın istəyini göstərmək şansıdır. Ümumən götürdükdə, bu gün ABŞ-da daha çox siyasi dairələr, elə rəsmi hakimiyyətin özü də Bakı ilə münasibətləri daima diqqətdə saxlayır. Belə çağırışların ümumən hər iki ölkənin maraqlarına cavab verdiyini düşünürəm".

Sizin Reklam Yeriniz