Əlaqə Arxiv
news Image
2014.11.28
08:23
| A A A
Qarabağ münaqişəsi yenidən alovlanır?!
Elman Nəsirov: “Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı indiki vəziyyət öz mürəkkəbliyi ilə əvvəlki mərhələlərdən çox fərqlənir” Qulu Məhərrəmli: “Rusiya ilə Qərb arasında gərgin situasiya fonunda Dağlıq Qarabağda konfliktin yenidən alovlana biləcəyi barədə söylənilən fikirlərdə müəyyən həqiqət var”

Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, siyasi ekspert Sergey Markedonov bildirib ki, Qərblə Rusiya arasında hökm sürən ziddiyyət və gərginlik Dağlıq Qarabağda konfliktin yenidən alovlanmasına şərait yaradır. Politoloq Elman Nəsirov Markedonovun sözügedən versiyası ilə ümumən razıdır.

Yəni, həmsöhbətimiz də bu qənaətdədir ki, Kremllə Ağ Ev arasında uçurumun dərinləşməsi Qarabağ konfliktinin də yenidən alovlanmasına rəvac verə bilər: "Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı indiki vəziyyət öz mürəkkəbliyi baxımından əvvəlki mərhələlərdən daha çox fərqlənir. Məsələ ondadır ki, əvvəlki mərhələlərdə Rusiya ilə Qərbin münasibətlərində bir istiləşmə tendensiyası vardı. Xüsusilə də, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Vaşinqtonla Moskva özlərini faktiki olaraq, müttəfiq kimi aparırdı. Bu dövrdə qarşılıqlı anlaşma məsələlərinə daha çox yer verilirdi. Bir çox fundamental məsələlərdə ABŞ-la Rusiya daha çox strateji tərəfdaş kimi çıxış edirdilər. Lakin Ukrayna böhranı ilə bağlı olaraq, Qərblə Rusiya münasibətləri sanki soyuq müharibə dövrünün vəziyyətinə qayıdıb. Xatırladım ki, "ulduz müharibələri" dövründə, 1983-cü ildə ABŞ-la SSRİ münasibətləri son dərəcədə təhlükəli qırmızı xəttə çatmışdı. İndi də oxşar tendensiyalar müşahidə olunmaqdadır. İş elə gətirib ki, bu gün özlərini düşmən kimi aparan dövlətlər, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr kimi çıxış edirlər. Onlar bu statusdadırlar. Təsəvvür edin ki, Ukrayna cəbhəsində düşmən olanlar, Dağlıq Qarabağ cəbhəsində özlərini mehriban dostlar kimi aparmalıdırlar. Bu, psixoloji baxımdan da mümkün deyil. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən Qərb ilə Rusiya arasında münasibətlər gərginləşdikcə və bu əmsal artdıqca, vəziyyət istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinə də öz təsirini göstərir. Bu halda proqnozlar heç də nikbin deyil. Politoloq Markedonov bir qədər də irəli gedərək hadisələrin qara ssenarisini təqdim edib. Həmin ssenariyə görə, onlar arasında münasibətlərin son dərəcədə gərginləşməsi Jağlıq Qarabağda da müharibə versiyasını labüdləşdirə bilər. Bu baxımdan Markedonovun həmin fikrində müəyyən həqiqət elementləri də var. Lakin onu birmənalı olaraq qəbul etmək də düzgün deyil. Çünki hadisələr elə sürətlə inkişaf edir ki, bu və ya başqa digər dəyişikliklər ola bilər və belədə sözügedən proqnoz da öz əhəmiyyətini itirə bilər.

Neftin qiyməti məsələsindən də asılı olaraq, Qərblə Rusiya münasibətləri daha da gərginləşə və Markedonovun dedikləri aktuallaşa bilər. Amma hadisələrin fərqli müstəvidə inkişafı da gözləniləndir. Bu halda Markedonovun göstərdiyi qeyri-nikbin, pessimist proqnozlar özünü doğrultmaya da bilər. Amma aydındır ki, Qərblə Rusiya münasibətlərinin gərginləşməsi nəticə etibarilə münaqişənin həllilə bağlı tərəflər arasındakı vəziyyətin gərginləşməsində də öz ifadəsini tapır".

Siyasi şərhçi Qulu Məhərrəmli də düşünür ki, Rusiya ilə Qərb arasında gərgin situasiya fonunda Dağlıq Qarabağda konfliktin yenidən alovlana biləcəyi barədə söylənilən fikirlərdə müəyyən həqiqət var: "Çünki, Qərb Rusiya qarşıdurmasında bütün tərəflər proseslərə təsir etmək üçün fürsət düşdükcə öz imkanlarından istifadə etməyə çalışır. Kimin əlində hansı təsir imkanları var, ondan da istifadə etmək istiqamətində bulunurlar. Markedonovun həmin bəyannatının qorxulu cəhəti ondan ibarətdir ki, bölgədə hərbi bazası olan Rusiya proseslərin gedişinə bu və ya başqa formada təsir edə bilir. Diqqət yetirirsinizsə, atəşkəsin pozulması halları hansısa siyasi forum ərəfəsində qarşı tərəfə təzyiq kimi istifadə alətinə çevrilən zamanlarda şiddətlənir. Nə qədər ki, regionda Rusiyanın hərbi bazası və Ermənistanla hərbi müttəfiqliyi var, Qarabağ cəbhəsində də prosesləri qorxulu istiqamətə yönəltmək imkanı qalır. Bunu istəsək də, istəməsək də, Azərbaycana, bəzi hallarda isə Türkiyə və Qərbə qarşı da həmin təsir vasitəsindən istifadə oluna bilər. İndiki halda, Azərbaycanın xarici siyasətində Rusiya ilə dialoqu çox səmərəlidir. Azərbaycan çox həssaslıqla bu məsələləri idarə edə bilir və Rusiyaya həm müstəqil dövlət olduğunu, həm də Moskvanın maraqlarına qarşı olmadığını göstərir. Bu baxımdan Azərbaycanın yeritdiyi xarici siyasət konflikti gərginləşdirməmək, çılğınlığa yol verməmək, proseslərə daha soyuq və ağıllı yanaşmaq amillərindən ibarətdir".

Sizin Reklam Yeriniz