Əlaqə Arxiv
news Image
2012.07.26
14:23
| A A A
İqtidar-müxalifət dialoqunun açılmayan düyünü
Tərəflərin bu məsələ ətrafında mövqeləri kəskin fərqlənir

İqtidar müxalifət arasında dialoqun keçrilməsinin zəruriliyinə dair son dövrlərdə səslənən fikirlərin sayı yenidən artmaqdadır. Lakin eyni zamanda proseslər göstərir ki, dialoq mövzusuna sözügedən düşərgələrdə fərqli baxışlar mövcuddur. Belə ki, hakim düşərgəyə görə, əslində tərəflər arasında mütəmadi olaraq dialoq keçrilir. Sadəcə bu, belə deyək ki, dəyirmi masa arxasında olmayıb daha fərqli formatda baş tutur. Məsələn, vitse-spiker Bahar Muradova  bildirir ki, təmaslar hər zaman var. Onun sözlərinə görə, bu günlərdə mətbuat və qeyri-hökumət təşkilatları nümayəndələri ilə keçirilən görüşlər buna bariz nümunədir.

Vitse-spiker qeyd edib ki, dövlət siyasətinin həyata keçirilməsi, bu siyasətin ayrı-ayrı istiqamətlərində yeni mexanizm və formaların tapılması məhz bu təmasların nəticəsidir. Həmçinin, siyasi partiyaların maliyyələşməsi ilə bağlı qanunun qəbul olunması, belə təmas və müzakirələrin nəticəsidir: "Əslində konkret məsələ ətrafında toplaşmaq da, fikir mübadiləsi də aparmaq olar, rəy söyləmək, bir-birini dinləmək də. Bu, istənilən demokratik cəmiyyətin atributu və zamanın tələbidir. Biz hamımız bunu etməliyik və edirik".

Analoji mövqeni Yeni Azərbaycan Partiyasının icra katibinin  müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da bölüşür. O, "Amerikanın səsi" radiosuna müsahibəsində bununla bağlı olduqca maraqlı fikirlər səsləndirir: "Dialoq o  deməkdir ki, hansısa mövzu var, onu müzakirə etmək lazımdır. Biz, YAP olaraq müxtəlif tədbirlər keçiririk və müxtəlif partiyaları dəvət edirik. Onlarla müzakirələr aparıb müxtəlif bəyanatlar qəbul edirik. Bizim qapılar açıqdır, kim nə vaxt istəyir gəlsin, onunla söhbət edə bilərik, müzakirə apara bilərik. Qarşı tərəf dialoq nəyə  deyir, nə demək istəyir, onu mənə izah etsin. Görüşmü istəyir buyursunlar, danışmaqmı istəyirlər buyursunlar. Amma, mən dialoq-dialoq deyərək Azərbaycanda ictimai rəyi istismar etməyin əleyhinəyəm". Göründüyü kimi hakim partiya dialoqun keçrildiyini bildirir. Radikal müxalif düşərgədə isə iddia olunur ki,  dialoq keçrilmir onun baş tutması üçün təşəbbüskar hakimiyyət tərəfi olmalıdır. Lakin dialoqun keçrildiyini bildirən iqtidar bəyan edir ki, müxaliflər dəyirmi masa arxasında onlarla birgə əyləşmək istəyirlərsə, onda istək təşəbbüs elə müxaliflərin özündən gəlməlidir. Bundan başqa müxalifləri kimlərin təmsil edəcəyi dəqiq müəyyən olunmalıdır. Aydındır ki, hazırda ümumi müxalifətin adından danışa biləcək şəxs ya şəxslər olmadığından bu da dialoqun baş tutmasını çətinləşdirir. Özü nəzərə almaq lazımdır ki, YAP müxalif düşərgəyə geniş spektrdən yanaşır.  Mübariz Qurbanlı bununla əlaqədar qeyd edir: " Bu gün biz prezident idarə-üsuluna mənsub ölkəyik. Yəni, dövlətimiz prezident idarə-üsulu ilə idarə olunur. Prezident, parlament, məhkəmə hakimiyyət bölgüsü prinsipi var. Azərbaycanda bu gün prezident İlham Əliyevin siyasətini tənqid edən, bu siyasətlə razılaşmayan və öz fəaliyyəti ilə bu siyasətin əleyhinə çıxaraq başqa fikriləri ortaya qoyan istənilən siyasi təşkilat bizim üçün müxalifət sayılır. Parlamentdə YAP-la bərabər on siyasi partiya fəaliyyət göstərir. YAP-la eyni platformada dayanmayaraq, həmrəylik nümayiş etdirməyərək təkliflərimizin əleyhinə səs verən partiyalar bizim nəzərimizdə müxalifət partiyalarıdır.

 YAP üçün Azərbaycan cəmiyyətində bizim siyasətlə barışmayan hər bir siyasi qüvvə, siyasi partiya müxalifət hesab olunur. İctimai Palata adlanan qurumda olan ayrı-ayrı partiyalar və onların nümayəndələri də çox azlıqda olmasına, sosial dayaqlarının zəif olmasına baxmayaraq bizə qarşı çıxış etdiklərinə, bizim siyasətimizə qarşı təbliğat apardıqlarına görə təbii ki, müxalifət sayılır". Yeni Azərbaycan Partiyasının İctimai Palata ilə və ya bu quruma daxil olan Müsavat və ya Xalq Cəbhəsi partiyası ilə hər hansı bir məsələni müzakirə etməyə hazır olub-olmamasına gəlincə, Mübariz Qurbanlı qeyd edir: " Biz istənilən partiya ilə görüşə bilərik. Azərbaycanda 40-dan çox siyasi partiya qeydiyyatdan keçib, o cümlədən İctimai Palata adlanan qurumda olan siyasi partiyaların nümayəndələri də müraciət etsələr onlarla da görüşərək hansısa məsələ ətrafında fikir mübadiləsi edə bilərik. Bununla əlaqədar bir problem də görmürəm. Vaxt olub ki, orada təmsil olunan partiyaların nümayəndələri ilə müxtəlif müzakirələrdə birgə olmuşuq".

Xatırladaq ki, tərəflər arasında sonuncu dəfə 7 il əvvəl baş tutan dialoq  ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə reallaşmışdı. Həmin vaxt baş tutan bir neçə belə görüşdə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar iştirak edib. Sonradan isə edilən müxtəlif cəhdlərə rəğmən, dialoqu davam etdirmək mümkün olmayıb. Onu da xatırladaq ki, hakim düşərgə, dialoqla yanaşı, müxalifət liderləri ilə debatların keçirilməsi üçün təkliflər səsləndirdiyini, lakin buna müxaliflər tərəfindən müsbət cavab verilmədiyini bildirir.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz