Əlaqə Arxiv
news Image
2015.02.03
09:40
| A A A
ABŞ-ın böyük fəlakətələrə düçar etdiyi dövlətlər
Hatəm Cabbarlı: “ABŞ-ın maraq dairəsində olan dövlətlərin daxili işlərinə qarışması onlara təzyiqin birbaşa nümunəsidir” Zərdüşt Əlizadə: “Bu istək onların geosiyasi maraqlarından irəli gəlir”

Maraqlarını təmin edən məsələlərdən "xəbərsiz" olan ABŞ bəzən ölkələrin daxili işlərinə hakimiyyət çevrilişinə gətirəcək qədər qarışır. Elə ən yaxın tarixə baxsaq, son 4 ildə Yaxın Şərqdə olan "rəngli inqilabları" görə bilərik. Amma nəticələr dəyişikliklərin baş verdiyi ölkələrin xalqları üçün əsl fəlakətə yol açıb. O da bəllidir ki, ABŞ başda olmaqla Qərb qanla, xaosla nəticələnən dəyişikliklərə yol açan "sehirli çubuğunu" post-sovet məkanına da uzadıb. Gürcüstan timsalında bunun şahidi olduq. Hazırda isə Ukrayna eyni durumu yaşamaqdadır. CNN telekanalına müsahibəsində "Yanukoviçi biz devirdik" deyən Obama bir daha nümayiş etdirir ki, ABŞ-ın xarici siyasəti həm də hansısa dövlətin daxili siyasətinə qarışmaqdır: "Putin Ukraynaya və Krıma dair bu qərarlarını ona görə vermədi ki, hansısa böyük strategiyaya malik idi. Mahiyyətcə ona görə belə elədi ki, Maydan etirazları onu qəfil haqladı. Yanukoviçin bizim Ukraynada hakimiyyət dəyişikliyində vasitəçiliyimizdən sonra qaçması da onun üçün gözlənilməz oldu". Amma ABŞ-ın Yanukoviçi devirməsi Ukraynanı bugünkü fəlakətə sürükləyib.

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, ABŞ-ın post-sovet ölkələrinin daxili işlərinə qarışması mütəmadi olaraq davam edib: "Ümumiyyətlə, ABŞ-ın digər ölkələrin daxili işlərinə qarışması ilə bağlı ABŞ-ın özündə lətifə də var. ABŞ-da deyirlər ki, ABŞ-da heç vaxt inqilab olmayacaq. Çünki, ABŞ-da ABŞ səfirliyi yoxdur. Yəni, ABŞ-ın özü də bunu bilir. Hazırda ABŞ Ukrayna-Rusiya gərginliyində birincinin Qərbə yönəlməsinə çalışır. Ümumiyyətlə, hegemon dövlətlərin öz maraq dairəsində olan dövlətlərin daxili işlərinə qarışması xüsusi ilə İkinci Dünya Müharibəsindən sonra başlayıb. İnsan haqları, demokratiya, söz, vicdan və mətbuat azadlığı prinsiplərini ön plana çıxararaq bu ad altında əməllərini həyata keçirmiş olurlar. Bu gün də həmin səpkidə müdaxilələr davam edir. Xüsusi ilə ABŞ sahib olduğu bütün təzyiq mexanizlərindən istifadə edərək müxtəlif dövlətlərin daxili işlərinə qarışır və onu tənqid edir. Ancaq əslində, ABŞ-ın özünün də daxili siyasətində zaman-zaman ciddi qırılma nöqtələri yaşanır. Bu isə müxtəlif beynəlxalq təşkilatların hesabatlarında yer alır. Zaman-zamn oradakı insan haqlarının pozulması, irqi ayrı-seçkililiyin hələ də davam etməsi və bunun kimi digər məsələlərin şahidi oluruq. Amma ona bu cür yanaşma yəni, beynəlxlaq təşkilatların onun problemlərini gündəmə gətirməsi ABŞ-ı o qədər də narahat etmir. ABŞ onları heç ciddiyə belə almır. ABŞ-ın maraq dairəsində olan dövlətlərin daxili işlərinə qarışması onlara təzyiqin birbaşa nümunəsidir. Burada insan haqları, demokratiya kimi qulağa xoş gələn məsələlər ön plana çıxarılır. Amma bunların arxasında siyasi amillərin olduğunu unutmamalıyıq".

Digər politoloq Zərdüşt Əlizadə qeyd edir ki, böyük dövlətlərin dünyada gedən bütün siyasi proseslərə qarışması halları həmişə olub: "Vaxtı ilə Azərbaycandakı, hazırda Ukraynadakı, Gürcüstandakı müharibəni Rusiya edib. ABŞ da öz növbəsində əsasən Latın Amerikasında, Afrikada inqilablara səbəb olub. İndi isə artıq, Yaxın Şərqə və postsovet məkanında çevrilişləri, inqilabları təşkil edir. Yəni, bu, adi bir praktikadır. Bu istək onların geosiyasi maraqlarından irəli gəlir. Böyük dövlətlər geosiyasi maraqlarını həyata keçirtmək üçün başqa dövlətlərdə onlara tərəfdar olanlara dəstək verir, fəallaşdırırlar. Belə üsulla da çoxa zaman istəklərinə nail ola biliblər. Dünya ictimaiyyəti isə hazırda ABŞ-ın bu cür müdaxilələrinin qarşısında acizdir. Hələlik nəsə edə bilməzlər".

Sizin Reklam Yeriniz