Əlaqə Arxiv
news Image
2015.02.04
09:15
| A A A
Azərbaycan Ordusundan düşmənə növbəti sərt mesaj
Fərəc Quliyev: “Keçirilən təlim siyasi mənada hər kəsə bir mesajdır ki, Azərbaycan Ordusu artıq müəyyən addımlar ata bilər” Üzeyir Cəfərov: “Düşmənə bir mesajdır ki, bu gün keçirilən təlim sabah real döyüşə çevrilə bilər”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən, təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

Təlimlər cəbhə zonasında vəziyyətin gərginləşdiyi bir dövrə təsadüf edir. Bu mənada təlimlər Ermənistana bir mesaj kimi də dəyərləndirilir.

Millət vəkili Fərəc Quliyevin fikrincə də, keçirilən bu hərbi təlimləri ermənilər və onların havadarlarına mesaj kimi dəyərləndirmək olar: "Əslində, cəbhədə atəşkəs rejimi o qədər pozulub ki, artıq buna atəşkəs demək mümkün deyil. Müharibə demək olar ki, aktiv fazaya keçmək üzrədir. Bu məqamda Azərbaycan hərbi qüvvələri təbii ki, hazırlıq görməlidirlər və həmin istiqamətdə də plana uyğun olaraq fəaliyyət həyata keçirilir. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan periodik olaraq bu cür hərəkət edəcəksə, onda ciddi ölçülər götürüləcək, ona ağır zərbələr endiriləcək. Ermənilər helikopterlə cəbhə xəttini yarmaq istədilər, vuruldular. Ardınca kəşfiyyat xarakterli pilotsuz uçan obyekt göndərdilər, yenə də vuruldular. Azərbaycan Ordusu özünə, imkanlarına güvənir və bu imkanları da nümayiş etdirir. Həmin hərbi təlimlər həm də ermənilər və beynəlxalq aləmə mesajdır ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik. Amma ölkə olaraq dinc vasitələrə üstünlük veririk. Eyni zamanda, ermənilərə verilən vaxt limiti qurtarıb. Beynəlxalq güclər məsələni dinc yolla həll etmirsə, Azərbaycan onu çözə bilər. Keçirilən təlim həm növbəti təlim-məşq toplantısıdır, həm də siyasi mənada hər kəsə bir mesajdır ki, Azərbaycan Ordusu artıq müəyyən addımlar ata bilər".

Hərbçi ekspert Üzeyir Cəfərov isə qeyd edir: "Təlimlər əslində, çoxdan planlaşdırılmış təlimlərdir. Ona görə də, bu olayın son günlər cəbhədə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, üst-üstə düşən bir hadisədir. Təlimləri hazırlamaq adi məsələ deyil, ağır prosesdir. Qoşunların cəmlənməsi, texnikanın, silah-sursatın planlaşdırılması, hamısı çətin, mürəkkəb proseslərdir. Son günlər baş verənlər fonunda bəziləri fikirləşir ki, vəziyyət kritik olduğundan qoşunlar yığılır. Amma əvvəldən planlaşdırılan və 2015- ci il üçün nəzərdə tutulan döyüş hazırlıqlarından biridir. Cəbhədə isə vəziyyət onsuz da gərgindir. Düşmən tərəf atəşkəsi mütəmadi olaraq pozur. Azərbaycan Ordusu da onları susdurmaq üçün cavab atəşi açır. İstənilən halda torpaqlarımız işğal altında olduğundan keçirilən hər bir təlim düşmənə bir mesaj kimi qəbul olunmalıdır. Bu, hərb tarixində qəbul olunan qaydalardan biridir. Təlim keçiririksə, düşmən bunu izləyir və bilir ki, təlimlər elə-belə deyil, qoşunların döyüş hazırlığıdır. Düşmənə bir mesajdır ki, bu gün keçirilən təlim sabah real döyüşə çevrilə bilər. Ona görə təlimlərin bu tərəfini də unutmaq lazım deyil".

Sizin Reklam Yeriniz