Əlaqə Arxiv
news Image
2015.02.06
09:15
| A A A
Yaxın Şərqdə İŞİD təhdidi artır
Elşən Manafov: “ABŞ və Avropa problemə region dövlətləri qədər önəm vermir” Rafiq İsmayıl: “İŞİD-in meydana gəlməsi təsadüfi deyil”

İŞİD-ə qarşı koalisiya qüvvələrinin mübarizəsi hələ də istənilən nəticəni vermir. Əksinə, bəzi ölkələr koalisyanı tərk edir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri iordaniyalı pilotun diri-diri yandırılmasının ardınca İŞİD-ə qarşı hava zərbələri kampaniyasından çıxıb. BƏƏ rəhbərliyi buna səbəb əsir düşən pilotlarlın xilasına dair heç bir taktiki proqramın olmamasını göstərib. ABŞ BƏƏ-nin anti-İŞİD koalisiyasından çıxdığını təsdiq edib. Qeyd edək ki, BƏƏ həmçinin İranın İŞİD-ə qarşı kampaniyada geniş iştirakına imkan yaradılmasından narazıdır.

Bu arada İŞİD terrorçu qruplaşması İranın şərq sərhədlərinə çatdığını elan edib. Bununla əlaqədar İranın daxili işləri nazirinin müavini Hüseyn Zolfikari təhlükəsizlik təbdirlərinin ən üst səviyyəyə gətirldiyini bəyan edib. Terrorçulardan gələn potensial təhlükənin nə dərəcə yüksək olub-olmaması dəyərləndirilir. İran ordusu ölkənin şərq sərhədində müşahidə üçün yeni avadanlıqlar quraşdırıb. Sərhədçilərə kömək üçün İran İslam İnqilabı Keşikçiləri və "Bəsic" xalq qoşununun dəstələri göndərilib. İran şərq sərhədlərində yeni müşahidə avadanlıqları qurur, yeni yollar və sərhəd zastavaları inşa edir. Son aylar İran sərhədçilərinə və dinc sakinlərə hücum edən İŞİD-çilər həmçinin Əfqanıstan və Pakistanla sərhəd ərazilərdə də mövqelərini möhkəmləndirməyə çalışırlar.

Politoloq Elşən Manafov məsələ ilə bağlı bildirdi ki, İŞİD-in yaratdığı problemi region dövlətləri ancaq əlbir səylərlə aradan qaldıra bilər: "İŞİD-ə qarşı ardıcıl mövqe sərgiləyən regional dövlətlər ilk növbədə İran və Türkiyədir. Hər halda məhz bu region dövlətlərinin səyləri nəticəsində İŞİD hələlik bölgə üçün daha ciddi təhlükə təşkil etmir. Hərçənd perspektivdə İŞİD-in hətta Qafqaz üçün də problemlər yarada biləcəyi ehtimalları irəli sürülür.

Bütövlükdə isə problem qalmaqdadır və kifayət qədər ağrılı problemdir. Problemin qarşısını ala biləcək amil region dövlətləri arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsilə bağlı məqamlar ola bilər. Amma problemə münasibətdə region dövlətləri arasında fərqli yanaşmalar özünü büruzə verməkdədir. Digər tərəfdən güman edirəm ki, İŞİD-lə bağlı problemin müəyyən mənada arxa plana keçməsi əsas diqqətin Ukrayna cəbhəsinə yönəlməsilə və Ukraynanın perspektivdə Avropa üçün yarada biləcəyi problemlərdən qaynaqlanır. Onsuz da Avropanın problemləri Yunanıstanda solların hakimiyyətə gəlməsilə artmaqdadır. Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi, neftin qiymətilə bağlı Əl-Riyadla Moskva arasında məxfi danışıqların getməsi ehtimalı, bütün bunlar İŞİD-lə bağlı olaylara ciddi təsir göstərməkdədir. Zənn edirəm ki, İŞİD də bundan istifadə edərək hər halda belə mövqe sərgiləyir. İordaniyalı pilotun İŞİD tərəfindən dəhşətli şəkildə qətlə yetirilməsi, bunun ardınca İordaniya hökumətinin İŞİD-ə aid iki məhbusu edam etməsi göstərir ki, problem ilk növbədə hələlik region dövlətləri üçün ciddidir. Ona görə də ABŞ və Avropa problemə region dövlətləri qədər önəm vermir".

Tarixçi alim Rafiq İsmayılın fikrincə, İŞİD-lə bağlı məqamlar bölgədə yeni mənzərənin yaranmasına gətirib çıxara bilər: "İŞİD meydana çıxdığı gündən ona qarşı münasibət birmənalı deyil. Kimlərsə onun əleyhinə olsa da, kimlərsə də tərəfdarıdır. Ona qarşı çıxan qüvvələr arasında koalisiyadan çıxma halları da təbiidir. İŞİD-in meydana gəlməsi bilirsiniz ki, təsadüfi deyil. Onun arxasında ciddi maliyyə və məqsədi olan dövlət dayanır. Belədə İŞİD-in İran sərhədlərinə gəlib çıxa bilməsi də təbiidir. Nəticədə bölgədə vəziyyət mürəkkəbdir. İşlərin hansı istiqamət götürəcəyi bəlli deyil. Hətta İordaniya da İŞİD-ə qarşı hava və quru əməliyyatlarında iştirak qərarı verib. Təbii ki, prosesin sonunda İŞİD məğlub olacaq. Amma bölgədə yeni bir mənzərənin yaranması da ehtimal oluna bilər. Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir, Suriyada bir ara dövlətinin yaradılmasını istəyir. İraqda isə kürd dövlətinin yaradılması ideyası gerçəkləşə bilər. Suriyanın özü də iki yerə parçalanar. Bu ideyaların gerçəkləşməsinin nə dərəcədə real olması isə uzun zaman tələb edir. Ona görə də İŞİD məsələsi uzanacaq".

Sizin Reklam Yeriniz