Əlaqə Arxiv
news Image
2015.02.12
09:50
| A A A
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaratdığı münasibətlər yüksək qiymətləndirildi
Aydın Ağayev: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycana yalnız uğur gətirəcək, ölkəmizin xeyrinə olacaq” Fəzail İbrahimli: “Şanxay Əməkdaşlıq Təşkilatı müsbət rola malikdirsə, Azərbaycanın da ora qoşulması təbii ki, müsbət nəticə verəcək”

Zahid Oruc: "Siyasi və iqtisadi maraqlar baxımından Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qoşulmasının böyük əhəmiyyət kəsb e"


Məlumat verildiyi kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün müraciət edib. ŞƏT-in baş katibi Dmitri Mezentsev bildirib ki, , Azərbaycandan başqa, bir sıra dövlətlər də müşahidəçi statusu almaq üçün sifarişlərini veriblər. Qeyd edək ki, bu il iyulun 8-10-da Ufada ŞƏT-in sammiti baş tutacaq. ŞƏT regional beynəlxalq ittifaqdır. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstana müşahidəçi statusu, Belarus, Şri-Lanka və Türkiyəyə isə dialoq üzrə tərəfdaş statusu verilib. ŞƏT-in məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sfera və sahələrdə əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi məsələləri öz əksini tapıb. Maraq doğuran odur ki, perspektivdə Azərbaycanın bu təşkilata qoşulması mümkündürmü? Belə olarsa, bu, Azərbaycana nə verəcək?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev ölkəmizin milli mənafeyinə cavab verməsi baxımından ŞƏT-ə üzv olmağımızın mühüm əhəmiyyət kəsb etdiyini bildirdi: "Son illərdə dünyanın müxtəlif bölgələrində regional beynəlxalq təşkilatların yaradılması praktikasını görürük. Dünyanın hazırkı reallığı belədir ki, hər yaranan yeni regional təşkilat öz həyatiliyini qoyulan məqsədlər baxımından o qədər də göstərə bilmir. Şanxay Əməkdaşlıq Təşkilatı o təşkilatlardan müsbət mənada fərqlənir. Yəni, burada dünyanın böyük dövlətləri, böyük iqtisadi qüdrətə malik dövlətləri çəmlənib. Bu təşkilat dünyanın böyük regional təşkilatlarından biri kimi qəbul olunur. Digər təşkilatlardan fərqli olaraq, bu təşkilata müraciət edənlərin sayı məlumatlara görə, artmaqdadır. Belə vəziyyət onu göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatı lazımlı təşkilatdır. Azərbaycan dünyanın bütün dövlətləri, regionları ilə ikitərəfli formatda səmərəli əməkdaşlıq aparır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ölkəmizin sıx əlaqələri mövcuddur. Fikrimcə, bu təşkilatda müşahidəçi qismində Azərbaycanın müraciət etməsi doğru işdir, bu ölkəmizin milli mənafeyinə tamamilə cavab verir. Həm iqtisadi, həm siyasi münasibətlərimiz baxımından, Azərbaycanın statusu baxımından, hər cəhətdən bu, bizə əl verir ki, sözügedən təşkilatla əlaqələrimizi gücləndirək. ŞƏT-lə əlaqələr Azərbaycana yalnız uğur gətirəcək, ölkəmizin xeyrinə olacaq".

Millət vəkili Fəzail İbrahimlinin fikrincə, Azərbaycanın ŞƏT-ə qoşulması müsbət effekt verəcək: "Hər halda bütün beynəlxalq təşkilatların, mütərəqqi istiqamətli, dövlətlərarası münasibətləri qaydaya qoyan, iqtisadi əməkdaşlığa güc verən təşkilatların aqibəti onların gələcək fəaliyyətindən asılıdır. Şanxay Əməkdaşlıq Təşkilatı müsbət rola malikdirsə, Azərbaycanın da ora qoşulması təbii ki, müsbət nəticə verəcək. Təşkilatın özü istədiyimizə uyğun olmasa, hər halda Azərbaycan oradan istənilən zaman çıxmaq hüququna da malikdir. Dövlətin kursunu müəyyən edənlər var. Millət vəkili, bir azərbaycanlı kimi istərdik ki, ölkəmizin bütün işləri rəvan olsun".

Millət vəkili Zahid Oruc da siyasi və iqtisadi maraqlar baxımından Azərbaycanın ŞƏT-ə müşahidəçi statusunda qoşulmasının böyük əhəmiyyət kəsb etdiyini dedi: "Şanxay Əməkdaşlıq Təşkilatı xeyli zamandır ki, Çin və Rusiyanın əsasən iqtisadi ittifaqı kimi fəaliyyət göstərir. Avrasiya qitəsi böyük bir bazardır. Orada iqtisadi imkanlar böyükdür, eyni zamanda Azərbaycan da nəzərə alır ki, bütövlükdə nəinki təkcə neft-enerji siyasətini, o cümlədən digər iqtisadi siyasətini diversifikasiya etmək istiqamətində addımlar atır, yəni şaxələndirir. Yəni, bir ölkədən, bir region və bir qitədən asılı olmamaq mövqeyini tutur. Nəzərə alın ki, bu gün Çin və Rusiya dünyanın aparıcı dövlətləri sırasında xüsusi yerə malikdirlər. Baxmayaraq ki, Rusiya məlum səbəblərdən ticari-iqtisadi embarqoların hədəfindədir. Amma bu əlaqələrdən tam imtina olunmayıb. Məsələn, Avropa Birliyi ölkələri ilə Rusiyanın ticarət dövriyyəsi 456-460 milyard avro təşkil edir. Bu da kifayət qədər böyük rəqəmdir. Ona görə Azərbaycan burada təkcə iqtisadi maraq güdmür, eləcə də siyasi mənafeləri var. Bu da ondan ibarətdir ki, hər bir format ölkələrlə münasibətlərin daha yaxşı qurulmasına təkan verir. Eyni zamanda deməliyik ki, bu, Azərbaycanın beynəlxalq münasibətlərinə də zərbə vurmur. Hər hansı dairələr buna görə ölkəmizin xarici siyasətində dəyişiklik etdiyini demir. Çünki, əsas strateji xəttimiz Qərblə münasibətlərdir. Ona görə Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusla üzv olmaq haqda müraciəti də normal qiymətləndirirəm. Gördüyünüz kimi, kifayət qədər ölçülü-biçili bir yanaşmadır. Söhbət hələ ki, orada müəyyən statusda iştirakdan gedir. İnşallah, gələcəyinə də baxacağıq".

Sizin Reklam Yeriniz