Əlaqə Arxiv
news Image
2015.02.13
09:02
| A A A
Radikal müxalifətə xaricdən gələn dialoq tapşırığı
Aydın Mirzəzadə: “Onların dialoqdan imtina etmələri geniş fikir müzakirəsində maraqlı olmaqlarını göstərir” Mais Səfərli: “Sadəcə olaraq, gözəl başa düşürlər ki, iqtidarın qarşısında çox cılızdırlar”

Məlumat verildiyi kimi fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində növbəti iqtidar-müxalifət görüşü keçirilib. İqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Musa Tukanov qatılıb.

Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub. Radikal mövqeyi ilə seçilən müxalifələr dialoqa qatılmayıb. Hər halda AXCP və Müsavatın dialoqa qatılmaması bunun real təsdiqidir.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, onların dialoqdan imtina etmələri geniş fikir müzakirəsində maraqlı olmaqlarını göstərir: "Hətta əvvəllər o partiyalar iqtidarı dialoq təşkil etməməkdə günahlandırırdılar. Lakin indi dialoq olanda belə bəhanələrindən qalmırlar. Prosesdən kənarda dururlar. Görünür ki, onların irəli sürəcəyi ideyalar yoxdur. Cəmiyyətin fikir mübadiləsində maraqlı deyillər. Bu cür radikal mövqedə duranlar şübhəsiz ki, sabah cəmiyyəti dəstəkləməkdən də imtina edəcək. Artıq bildirildi ki, hər 2 aydan bir görüşlər keçiriləcək. Ümumilikdə bir çox məsələlər açıq şəkildə müzakirə edilə biləcək. Ancaq bir sıra radikal partiyaların dialoqda iştirak etməməsi prosesə qətiyyən xələl gətirmir. Əksinə, bununla özlərinin aşağı olan nüfuzlarını daha da aşağı salmış olurlar. O da mümkündür ki, həmin partiyalar xaricdən - bağlı olduqları mərkəzlərdən xüsusi tapşırıq alırlar. Çünki, dialoqun təşkil edilməsi, iqtidarın qapısının hər kəsə açıq olması xaricdən müəyyən anti-Azərbaycan qüvvələrinin heç də marağında deyil. Bu baxımdan onlar arqumentlərinin əldən çıxacağına ehtiyat edərək bəhanələr axtarmağa çalışırlar".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, radikal müxalifətdə hazırda çox ciddi böhran yaşanır: "Artıq həmin partiyalarda dağılma prosesi gedir. Məsələn, Müsavat Partiyasını xeyli adam tərk edib. Onlar çoxdan oradan uzaqlaşmaq istəydirdilər. Amma indiki vəziyyət onlar üçün bir fürsət, bəhanə olub. Həmin partyialar artıq tükənib, yollarına davam edə bilmirlər. Uzun illərdi ki, həmin partiyalarda islahatlar keçirilmir. Hətta nizamnamənin əksinə olaraq Müsavatda başqan seçkisi illərlə uzanıb. Hərçənd ki, partiyanın yenə də İsa Qəmbər tərəfindən idarə olunduğu deyilir. Yəni, bunlar şəxslərin ətrafında formalaşmış partiyalardır. Siyasi nəzəriyyələrə uyğun siyasi partiya deyillər. Ona görə də məcradan kənara çıxa bilmirlər. Dialoqda iştiak etməməklə özlərini bir daha kənarda qoydular. Bu gün Azərbaycanda iqtidarla münasibət qurmaq istəməyən partiyalar sanki Azərbaycan mühitində fəaliyyət göstərmirlər. Bu addımları ilə nə demək istəyirlər? Sadəcə olaraq, gözəl başa düşürlər ki, iqtidarın qarşısında çox cılızdırlar. Bu baxımdan onlar dialoqa qatılmaqdan vaz keçdilər. Təbii ki, bu da cəmiyyətdə çox narazılıqla qarşılanır. Necə ola bilər ki, vətəndaş sülhündən danışan siyasi partiyalar özləri özlərini kənarda saxladılar. Bununla da belə çıxdı ki, özlərini Azərbaycanın siyasi arenasından kənara çəkdilər. Onda bu partiyalar nədən ötrü fəaliyyət göstərirlər ki?!"

Sizin Reklam Yeriniz