Əlaqə Arxiv
news Image
2015.02.14
09:30
| A A A
Ukraynaya Azərbaycan sülhməramlı qüvvələri göndəriləcək?!
Elxan Şahinoğlu: “Sülh prosesinin gedişatında sülhməramlılara ehtiyac olsa, Azərbaycan da burada iştirak edə bilər” Asim Mollazadə: “Belə məsələlərin müzakirəsinə qoşulmağa ehtiyac görmürəm”

Qabil Hüseynli: "Azərbaycanın ora sülhməramlı qüvvələr göndərməsi haqqında fikirlərin heç bir əsası yoxdur"


Belorusun paytaxtı Minskdə "Normand formatı" çərçivəsində Almaniya, Fransa, Ukrayna və Rusiya rəhbərlərinin iştirakı ilə Ukraynada atəşkəs üçün əldə olunan razılıq xüsusi diqqət mərkəzində yer alır. Bir qisim ekspertlər bu qənaətdədir ki, Minsk razılaşması nəhayət Ukrayna torpağına dinclik gətirəcək. Digərləri isə bundan əvvəl başlanan sazişin yerinə yetirilmədiyini əsas gətirərək, bu razılığın da kağız üzərində qalacağını düşünürlər. Bu arada Rusiyanın "Snob.ru" saytında belə bir məlumat yer alıb ki, Ukraynanın münaqişə bölgəsinə azərbaycanlılardan ibarət sülhməramlılar göndərilə bilər. Sayt bu xüsusda azərbaycanılarla danışıqlar gedir. Azərbaycan bundan əvvəl bir sıra ölkələrə öz sülhməramlı qüvvələrini göndərib. İndi maraq doğuran odur ki, Ukraynaya azərbaycanlılardan ibarət sülhməramlıların göndərilməsi mümkündürmü və bu ölkəmizə nə vəd edir?

Politoloq Elxan Şahinoğlunun fikrincə, sülhməramlı qüvvə olaraq Ukraynada əsgərlərimizin iştirakı Azərbaycanın sülhə verəcəyi töhfə baxımından böyük əhəmiyyət kəsb edəcək: "Öncə imzalanan sənədə diqqətlə baxmaq lazımdır ki, Minskdə tərəflər arasında imzalanan sənəddə sülhməramlılarla bağlı fikir var, ya yox. Razılaşmanın maddələri ilə tanış oldum, ancaq sülhməramlılarla bağlı konkret fikirlərə rast gəlmədim. Ukraynanın özü də bunun tərəfdarı deyil. Çünki, düşünürlər ki, bölgədə sülhməramlılar yerləşdirilsə, onda Donbasa nəzarəti tamamilə itirə bilərlər. Bu baxımdan həmin məsələ hələlik gündəmdə deyil. Amma hər halda nə vaxtsa, sülh prosesinin gedişatında sülhməramlılara ehtiyac olsa, Azərbaycan da burada iştirak edə bilər. Azərbaycanın Ukrayna, həm də Rusiya ilə münasibətləri yaxşıdır. Bu münasibətlər strateji tərəfdaşlıq çərçivəsindədir. Bir şərtlə ki, bütün tərəflər sülhməramlıların tərkibində Azərbaycanın iştirakında maraqlı olsunlar. Bubaş verərsə, orada azərbaycanlıların iştirakı da mümkündür. Bu məsələ reallaşarsa, Azərbaycan orada tək olmayacaq, başqa dövlətlərdən də sülhməramlılar qismində iştirak edən olacaq. Niyə də olmasın. Vaxtilə azərbaycanlı sülhməramlılar Kosovoda olublar. Habelə İraq və Əfqanıstanda da bu istiqamətdə fəaliyyət göstəriblər. Bu mənada sülhməramlıların tərkibində Ukraynada da Azərbaycan əsgəri iştirak edə bilər. Kosovo, İraq və Əfqanıstanda sülhməramlılar tərkibində olmağımız o demək idi ki, ölkəmiz beynəlxalq miqyasda sülh yaradılmasına töhfə verir. Bunu Avropa, ABŞ da yüksək qiymətləndirib. Ukraynada sülhməramlıları ehtiyac olsa və Azərbaycan əsgəri ora getsə, bu əlbəttə ki, yenə də ölkəmizin nüfuzunun artmasına xidmət edəcək".

Millət vəkili Asim Mollazadə isə bu qənaətdədir ki, Ukraynada Azərbaycan sülhməramlılarının yerləşdirilə bilməsi haqqında gedən informasiya təxribat xarakterli ola bilər: "Təxribat xarakterli məlumatlara ciddi yanaşmaq ümumiyyətlə, düzgün deyil. Belə bir qeyri-ciddi məsələlərin müzakirəsinə qoşulmağa ehtiyac görmürəm".

Politoloq Qabil Hüseynli isə indilikdə bu məsələdən danışmağın tez olduğu qənaətindədir: "Sülhməramlılar məsələsi Minsk görüşündə öz əksini tapmayıb. Sülhməramlı qüvvələr bir qayda olaraq BMT-nin qərarları əsasında həyata keçirilir. Ukraynada isə sülh sazişi imzalanmayıb. Sadəcə olaraq, atəşkəslə bağlı kövrək saziş imzalanıb. Atəşkəsə nəzarət edəcək qüvvələrin formalaşdırılması haqqında isə orada heç nə qeyd olunmayıb. Ona görə də Azərbaycanın ora sülhməramlı qüvvələr göndərməsi haqqında fikirlərin heç bir əsası yoxdur. Yalnız Rusiya ilə Ukrayna arasında möhkəm sülh formalaşsa və ayrıcı qüvvələr kimi sülhməramlı qüvvələrin yeridilməsi haqqında qərar qəbul edilərsə, onda Azərbaycanın da bu heyətdə iştirakı barədə danışmaq olar. Hələliksə, bu məsələdən danışmaq tezdir".

Sizin Reklam Yeriniz