Əlaqə Arxiv
news Image
2015.02.18
07:30
| A A A
Qərb ikili standartlardan əl çəkmir

Elşən Manafov: "Təkcə Qərb cəmiyyətində deyil, Qərb dövlətlərinin siyasi elitası arasında da islamafobiya amili özünü qabarıq şəkildə büruzə verməyə başlayıb"

Akif Nağı: "Artıq etiraf olunmalıdır ki, xristian dünyası ilə müsəlman dünyası arasında qarşıdurma gedir"

Ermənistanda insan haqlarının pozulması getdikcə daha geniş vüsət almaqdadır. Müxalifət tərəfdarlarının son həbsi də bunu təsdiq edir. Keçirilən mitinqlər isə amansızcasına yatırılır. Amma nədənsə daim insan haqlarından dəm vuran Qərb ölkələri özlərini elə göstərirlər ki, sanki Ermənistanda insan haqlarının pozulması halları müşahidə edilmir. Onlar Ermənistan hakimiyyətinin demokratik dəyərləri ayaq altına atmasına göz yumurlar.

Digər MDB ölkələrinə, xüsusən də quruma üzv müsəlman dövlətlərinə münasibətdə isə fərqli baxışlar hökm sürür. Görəsən, Qərbin Ermənistandan savayı MDB-nin digər ölkələri, xüsusən də müsəlman dövlətlərinə münasibətdə niyə fərqli yanaşma sərgiləyir. Belə vəziyyət nədən qaynaqlanır?

Politoloq Elşən Manafov düşünür ki, məsələnin kökündə Qərbin islamafobiyaya geniş meydan verməsi amili qaynaqlanır: "Təkcə Qərb cəmiyyətində deyil, Qərb dövlətlərinin siyasi elitaları arasında da islamafobiya amili özünü bu və ya digər mənada artıq qabarıq şəkildə büruzə verməyə başlayıb. ABŞ-ın təşəbbüsü ilə 2001-ci ildən sonra beynəlxalq miqyasda beynəlxalq terrorizmə qarşı mübarizə kampaniyası adı altında əslində, islam ölkələrinin təbii resurslarını nəzarət altına almaq, bu ölkələrin xalqlarını əsarət altında saxlamaq, həmin dövlətlərdə Vaşinqtonun yeni dünya düzənilə bağlı maraqlarına cavab verə biləcək hakimiyyətlərin formalaşmasını təmin etmək niyyəti durur. ABŞ-ın son 50-60 ildəki siyasətinin məğzini bu təşkil edir. Bu siyasətin kökü isə əslində Versal-Vaşinqton sistemində müəyyən olunmuşdu. Ona görə də, Qərbin Ermənistanda insan haqlarına göz yumması, ancaq MDB məkanındakı ölkələrə, xüsusən də birliyin müsəlman dövlətlərinə münasibətdə fərqli baxşı sərgiləməsində təəccüblü bir şey yoxdur. ABŞ siyasətinə bu və ya digər mənada Avropada etiraz edə biləcək dövlətlər arasında Almaniyanı görürəm. Dünyanın 150 ölkəsində Vaşinqtonun qoşunları var ki, bu da Ağ Evin həmin ölkələrə təsir imkanlarının olmasına dəlalət edir. F.Harrisonun "Sivilizasiyaların mübarizəsi" əsərində islamafobiya amili özünü bu və ya digər dərəcədə göstərmişdi. Ona görə də Qərbin Ermənistana münasibətdə yumşaq olması məhz dediyim amillə şərtlənir. MDB-nin islam ölkələrinə baxışda fərqli yanaşma sərgiləmələri isə o deməkdir ki, beynəlxalq prinsiplər onlar tərəfindən ayaq altına atılacaq. Buna yol verməmək üçün BMT-də struktur islahatlar aparılmalıdır. Ən azından islam dövlətlərinin marağına cavab verən iki dövlət də Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır. ABŞ-ın dünyanın formalaşması ilə bağlı siyasətinin qarşısını almadan əslində, bu kimi mənfi tendensiyaların qarşısını almaq da mümkün olmayacaq. Rusiyaya münasibətdə Qərbin sanksiyaları arxasında da Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərin ABŞ-ın dünya nizamını dəyişdirmək cəhdləri durur. Amma bu siyasət uzun çəkməyəcək. Artıq ABŞ-ın iflasına aparan konturları görürük. Dollar imperiyasının iflası həm də ABŞ-ın iflası anlamında qəbul olunacaq. Sadəcə olaraq, bu siyasətin qarşısında duruş gətirmək ən azı Azərbaycan üçün balanslaşdırılmış xarici siyasəti uğurla həyata keçirməklə ölkəni gücləndirmək, lazımı islahatları aparmaq, ordunu gücləndirmək lazımdır ki, bu təzyiqlər qarşısında duruş gətirə bilək".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu qənaətdədir ki, islam dünyası ilə xristian dünyası arasında qarşıdurma, mübarizə getdiyi artıq etiraf olunmalıdır: "Qərbin Ermənistanda insan haqlarının pozulmasına göz yumması, amma MDB-nin müsəlman ölkələrinə həmin məsələdə fərqli baxış sərgiləməsinə bu konteksdə yanaşmaq lazımdır. SSRİ-nin daşılması ilə ABŞ-ın qarşısında dura biləcək başqa bir rəqibin olduğunu hələ ki, görmürük. Ona görə özlərini liberal adlandıran xristian sivilizasiyası ilə islam dünyası arasında mübarizə məsələsi meydana gəldi. ABŞ-da müsəlman gəncləri vəhşicəsinə qətlə yetirdilər. Prezident Barak Obama isə ancaq ictimai qınaqlardan sonra yüngül reaksiya verdi.

Yaxın Şərqdə yüz minlərlə müsəlmanı qətlə yetirirlər. Lakin Qərb yenə də buna heç bir reaksiya vermir. Ona görə də Azərbaycan Qərbdən hansısa obyektiv reaksiyanın ola biləcəyini gözləyə bilməz. Burada məqsəd İslamı diz çökdürməkdir. Səlib yürüşünün növbəti mərhələsi başlayır. Birinci Dünya Müharibəsindən sonra ingilis, fransız generalları Yaxın Şərqə gələndə hökmən Səlahəddinin qəbrinin üstünə gedirdi. Bu gedişin məzmunu isə ondan ibarətdir ki, 800 il öncə səlib yürüşlərinin qarşısını alan Səlahəddinə müraciətlə onlar bildirirdilər ki, "biz yenə qayıtdıq, indidən sonra xac həmişə ayparanın üstündə olacaq". İndi də bu proses davam edər, özü də MDB-nin müsəlman ölkələrinə qarşı da. Ona görə də bu mübarizənin mahiyyətini başa düşərək, mürəkkəb mübarizənin davam etdiyi dünyada öz işlərimizi görməyi bacarmalıyıq. Daxili münasibətlərdə müsəlman cəmiyyəti bir olmalıdır. Müsəlman ölkələri arasında xoş münasibətlər olmalı, bir-birinə dəstək verməli, problemləri bir yerdə həll etməyə çalışmalıdırlar".

Sizin Reklam Yeriniz