Əlaqə Arxiv
news Image
2015.02.19
07:30
| A A A
ABŞ Azərbaycanla münasibətlərində yanlışlıqları aradan qaldırır
Aydın Mirzəzadə: “Şübhə yoxdur ki, format münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcək” Fikrət Sadıxov: “Bundan sonra münasibətlər stabil xarakter daşıyacaq”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfəri çərçivəsində bir sıra maraqlı fikirlər səsləndirdi. Xanım Nuland keçirdiyi görüşələrdən sonra belə bir məqamı da diqqətə çatdırıb ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında yeni danışıqlar formatına dair razılıq əldə olunub. "Bu gün bizə effektiv strukturlaşdırılmış dialoq lazımdır. Mən çox şadam ki, Prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi". Diplomat əlavə edib ki, bu, ABŞ-la Azərbaycan arasında ikitərəfli struktur olacaq və Azərbaycanla Avropa Şurası arasında analoji təşəbbüslə paralel işləyəcək.

Qeyd edək ki, son zamanlar ABŞ Azərbaycanla münasibətlərdə müəyyən dərəcədə qərəzli mövqe sərgiləməyirdi. Lakin bundan sonar vəziyyətin dəyişməsi gözlənilir. ABŞ-ın ölkəmizə münasibətdə qərəzli, yanlış mövqeyə son qoyacağı gözlənilir.

Millət vəkili Aydın Mirzəzadə də bu qənaətdədir ki, yeni danışıqlar formatı iki tərəfli münasibətlərin daha da inkişafına kömək edəcək: "Format dəyişə bilər, amma ölkələrin bir-birinə dostluq hissləri, birgə fəaliyyət göstərmək əzmi dəyişmir. Fundamental münasibətlər prinsipi qalır. Hansı ki, artıq iki onillik onun üzərində qalıb. Ölkələr dünyaya eyni baxışla baxdıqlarını artıq çoxdan ortaya qoyublar. Şübhəsiz ki, zaman, şərait dəyişir. Formatların, yəni, üst qurumun da dəyişməsinə ehtiyac yaranır. Dövlət katibinin köməkçisi ABŞ adminstrasiyasında yüksək postlardan biridir. O da ABŞ rəhbərliyi adından danışır. Müzakirələrdə formatın başqa formada keçirilməsinin özü yaxşı göstəricidir. Formatın necə olacağını isə zaman göstərəcək. Yəqin ki, tərəflər artıq bu formatın formasını bir-birinə bildirəcək, bununla bağlı məlumatlar verəcəklər. İctimaiyyət də bunun şahidi olacaq. Şübhə yoxdur ki, format münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcək. Çünki, baza prinsipləri, dövlətlərin bir-birinə maraqları qalır, dövlətlərin hər ikisi bir-birinə lazımdır. Vaşinqtonun Bakı ilə bağlı yol verdiyi yanlışlıqların aradan qaldırılacağını gözləmək məsələsinə gəlincə, deməliyəm ki, hər halda Azərbaycan ABŞ-dan gözləntilərini ortaya qoyub və öz mövqeyinin dost ölkə tərəfindən qəbul edildiyinə ümid edir".

Politoloq Fikrət Sadıxov bildirdi ki, dövlət katibi köməkçisinin Azərbaycana gəlməsi artıq onların bizi eşitməsinin göstəricisidir: "ABŞ-la partnyorluq münasibətlərini həmişə yüksək tutmuşuq. Bunu dəfələrlə bəyan etmişik. Son zamanlar iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq əmələ gəlmişdisə də, bunu Azərbaycan başlatmamışdı. Vaşinqtondan ölkəmizə qarşı müəyyən təzyiqlər, ölkə daxili siyasətinə müdaxilələr başlandı, müxtəlif bəyanatlar səsləndi. Təbii ki, Azərbaycan da buna adekvat şəkildə reaksiya verdi. Düşünürəm ki, orada da bizi eşitdilər. Dövlət katibi müavininin bura gəlməsi düşünürəm ki, məhz bunun göstəricisidir. Əminəm ki, rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələrilə danışıqlar zamanı xanım Nuland Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələrini eşidib. Bundan sonra münasibətlər stabil xarakter daşıyacaq. Hər halda belə bir güman var. Yüksək səviyyəli Amerika rəsmisinin Azərbaycana gəlməsi və razılığını bildirməsi buna işarədir".


Sizin Reklam Yeriniz