Əlaqə Arxiv
news Image
2015.02.19
09:25
| A A A
Minsk qrupuna etimadsızlıq göstəriləcək?!
Razi Nurullayev: “Azərbaycan Minsk qrupundan daha səmərəli fəaliyyət göstərməsini tələb edir” Rufiz Qonaqov: “Qrup fəaliyyətini gücləndirə bilmirsə, öz missiyasını başa çatmış hesab etsin, yeni format seçilsin”

"Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq".Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq: "Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir". Beləliklə, Azərbaycan açıq bəyan edir ki, həmsədrlər sülh sazişi üzərində işləməlidir. Bunu Azərbaycanın Minsk qruppu qarşısında konkret şərti kimi də qəbul etmək mümkündür.

Politoloq Razi Nurullayev hesab edir ki, Azərbaycan Minsk qrupunun nəticəsiz fəaliyyətindən narazıdır: "Məlumdur ki, ATƏT-in Minsk qrupu məhz sülh prosesi üçün yaradılıb. Bunların vəzifəsi tərəflər arsında təkliflər hazırlayıb, sülh variantlarını ölkə rəhbərlərinə təqdim etməkdir. Bu baxımdan Azərbaycan Minsk qrupunun üzərinə fövqəladə məsuliyyət qoymayıb. Çünki, onsuz da onun missiyası sülhyaratmadır. Lakin Minsk qrupu bunu edə bilmir. Azərbaycan tərəfi isə Minsk qrupundan daha səmərəli fəaliyyət göstərməsini tələb edir. Əgər ortada olan sülh təklifləri işləmirsə, yeni təkliflərin hazırlanması mümkün ola bilər. Yaxud da mövcud təkliflər ətrafında tərəflərin möqelərini daha intensiv şəkildə razılaşdırmaq olar. Amma hazırda Ermənistan mövqeyində geri çəkilmək niyyətində deyil. Ona görə də hətta qızıl suyuna çəkilmiş sülh variantı da Ermənistan tərəfindən rədd ediləcək. Azərbaycan isə bir qarış torpağını belə Ermənistana verməyəcək".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirdi ki, artıq ATƏT-in Minsk qrupu ilə əlaqədar ictimaiyyətdə mənfi fikir formalaşıb: "Minsk qrupu üzərinə düşən missiyanı indiyə qədər yerinə yetirə bilməyib. Azərbaycan isə torpağının bir qarışını belə düşmənə vermək niyyətində deyil. Həmsədrlərin regiona səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun bu cür açıqlama ilə çıxış etməsi gözlənilən idi. Çünki, əgər Minsk qrupu varsa və fəaliyyətlərini davam etdirisə, sözsüz ki, sülh planı təqdim etməlidir. Ümumiyyətlə, Azərbaycan Minsk qrupunun tərkibinin dəyişdirilməsinin tərəfdarıdır. Bununla bağlı AŞ PA-da məsələ də qaldırılıb ki, Minsk qrupunun tərkibi genişləndirilsin, Almaniya və Türkiyə ora əlavə edilsin. Həmçinin, Azərbaycan Minsk qrupunun fəaliyyətinin güclənməsinin tərəfdarıdır. Qrup fəaliyyətini gücləndirə bilmirsə, öz missiyasını başa çatmış hesab etsin, yeni format seçilsin. Yəqin ki, xairici işlər nazirinin bu bəyanatından sonra Azərbaycan tərəfi Minsk qrupundan yeni addım gözləyəcək. Yox, əgər bir nəticə olmayacaqsa, bu məsələ çox uzana bilməz. Bununla da ATƏT-in Minsk qrupuna etimadsızlıq gündəmə gələ bilər".

Sizin Reklam Yeriniz