Əlaqə Arxiv
news Image
2015.02.21
10:33
| A A A
Qarabağ münaqişəsinin həllində vasitəçi dövlətlərin sayı artacaq?!
Elman Məmmədov: “Qoy münaqişənin həll olunması məsələsində üç dövlətin səsi yox, 5-10 dövlətin fikri dinlənilsin” Aydın Mirzəzadə: “Reallıq, qəbul olunmuş praktika ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinin razılığı əsasında təyin edilir”

Millət vəkili Azay Quliyev ATƏT-in Parlament Assambleyasında çıxışı zamanı bildirib ki, Minsk qrupunun həmsədrlik institutunun tərkibini nəzərdən keçirilməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirilməlidir: "Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu "5-lik Sədrlər Şurası" ilə əvəzləyə bilərik. Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir. Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları vardır. Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çox əsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına öz töhfəsini verə bilər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab İvitsa Daçiçdən, eləcə də ATƏTNazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar".

Qeyd edək ki, hazırda Minsk qrupunun həmsədrləri olan 3 ölkə Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə nail ola bilməyiblər. Azay Quliyev isə Almaniya ilə Türkiyənin hesabına həmsədrlərin sayının artırılmasını təklif edir. Görəsən, ATƏT rəhbərliyi Minsk qrupu həmsədrlərinin sayının artırılması üçün prosesə müdaxilə edə bilərmi?

Millət vəkili Elman Məmmədov ATƏT-in sözügedən istiqamətdə fəaliyyətə keçməli olduğunu dedi: "Bu ilin fevralın 2-də yaz sesiyasının ilk iclasında deputat həmkarım Azay Quliyev Minsk qrupuna Almaniya ilə Türkiyənin də gətirilməsi fikrini bildirmişdi. Onun ardınca da həmin məsələyə mən fikrimi bildirdim və həmin fikri dəstəklədim. Nə üçün Dağlıq Qarabağ münaqişəsinin taleyinin bu gün həmsədrlikdə təmsil olunan 3 ermənipərəst dövlətə tapşırıldığını 7-8 ildir, vaxtaşırı olaraq bəyan edirəm. Bu dövlətlərin indi deyil, tarixən, bir əsr öncədən ermənilərə olan isti münasibətləri məlumdur. Bu münaqişənin baş verməsində onların birbaşa mövqeyi və ermənilərə havadarlıq etmələri məlumdur. Ermənilərin dünyanın müxtəlif yerlərindən köçürüb, tarixi Azərbaycan torpaqlarında yerləşdirmələri və bu torpaqlarda dövlət yaratması məsələsində hazırda həmsədrlik postunda olan hər üç dövlətin dəstəyi məlumdur. Belə olan tərzdə həmsədr dövlətləri arasında olan siyasi çəkişmələr və onların ermənipərəst mövqeyi imkan verərmi bu qüvvələr məsələnin ədalətli həllinə nail olsunlar? Təbii ki, xeyir. Ona görə təklif etmişdim ki, mandat ATƏT-in Minsk qrupundan alınıb, daha nüfuzlu və səlahiyyətli qurum olan BMT Təhlükəsizlik Şurasına verilsin. Qoy münaqişənin həll olunması məsələsində üç ermənipərəst dövlətin səsi yox, 5-10 dövlətin fikri dinlənilsin. Təbii ki, bu kimi çoxsaylı dövlətlər içərisində heç olmasa, Azərbaycanın da tərəfdaşı olan dövlət olacaq. Tərəfdaş olmasa da, ədalətli mövqedən çıxış edən dövlət olacaq. Minsk qrupu həmsədrliyində Türkiyə və Almaniya da olmalıdır. Həmsədrlikdən ABŞ çıxarılsın və Almaniya ilə Türkiyə ora qatılsın. Belədə həmsədrlərdən biri Rusiya ermənipərəst mövqedə durur, Türkiyə Azərbaycan tərəfdə, Almaniya isə bitərəf mövqedə dayanır. Düşünürəm ki, bu variant daha məqbul sayıla bilər. Almaniya ilə Türkiyənin həmsədrliyə gətirilməsi münaqişənin həlli prosesində ciddi dəyişikliklərə gətirib çıxaracaq".

Millət vəkili Aydın Mirzəzadə təşəbbüsü alqışlasa da, onun baş tutacağını inandırıcı saymadı: "Azay Quliyevin təşəbbüsü xoşməramlıdır. Amma bu cür işlər təşəbbüslə deyil, reallıqla həll edilir. Reallıq isə ondan ibarətdir ki, həmsədrlər hər iki tərəfin razılığı ilə təyin edilir. Yəni, ATƏT-in burada həmsədr təyin etmək hüququ yoxdur. Reallıq, qəbul olunmuş praktika ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinin razılığı əsasında təyin edilir. Kənardan digər təşəbbüslər edilə bilər. Amma bu təşəbbüslər iki dövlətin razılığı əsasında baş tuta bilər".

Sizin Reklam Yeriniz