Əlaqə Arxiv
news Image
2015.02.25
09:35
| A A A
Azərbaycanlı girovların məsələsi beynəlxalq aləmdə ictimailəşir
Aydın Ağayev: “Hansısa təhdid, basqı görsəndiyi halda ermənilər girovları azad etməyə gedəcəklər” Qabil Hüseynli: “Ermənilər bu işin onlara ciddi təbliğatı ziyan vurduğunu görüb, sonda girovlarımızı buraxmağa məcbur olacaq”

Elxan Mehdiyev: "Ermənilər girovlarımızı həbsdə işgəncə ilə saxlamağa çalışacaq"


Son zamanlar Minsk qrupu həmsədr ölkələri də erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini daha çox gündəmə gətirməyə başlayıblar. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki girovların qaytarılmasını dəstəklədiklərini bildirib:

"Biz bundan öncə də həmsədr Ceymis Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin bu 2 şəxsi Azərbaycan hökümətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamnda da tərəflər arasında inam mühitinin qurar".

Bundan əvvəl isə Cənubi Qafqaz ölkələrində səfərdə olan dövlət katibinin müavini Viktoriya Nuland da belə bir fikir səsləndirmişdi. Eyni zamanda analoji çağırışlar Rusiya tərəfindən də səslənib. Bu isə onu göstərir ki, artıq həmin iki girovla bağlı məsələ beynəlxalq qurumların da diqqət mərkəzinə gəlib. Yəni, məsələ beynəlxalq əhəmiyyət kəsb edib.

Ermənistan isə hələlik girovları azad etməkdən yayınır. Belə bir vəziyyətdə Ermənistanın girovların azad edilməsi çağırışına əməl etməməsi nəyə gətirib çıxara bilər? Ümumiyyətlə, onların azad olunması üçün hansı addımlar atılmalıdır və belə vəziyyət Dağlıq Qarabağ danııqlarına nə vəd edir?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev düşünür ki, Ermənistana real təzyiq olmadan bu cür çağırışların ciddi mənası da olmayacaq: "Özlüyündə dünya ölkələri tərəfindən girovların azad edilməsi ilə bağlı çağırışın olması yaxşı haldır. Həmin məsələ ilə bağlı ilk dəfə ABŞ Dövlət Departamentində keçirilən brifinqdə departament nümayəndəsi jurnalistin bu barədə verdiyi sula cavabında bu haqda məlumatının olmadığını demişdi. Amma sonra dövlət katibinin müavini Viktoriya Nuland Bakıda olarkən birmənalı olaraq, girovların azad olunmasını istədi. Gördüyümüz kimi, aradan iki həftə keçməmiş mövqe qətiləşdi. Eyni şeyi Rusiya barədə də söyləmək olar. Rusiyada da ilk olaraq bu barədə jurnalistin sualına ümumi cavab verilmişdi. Amma sonra mövqe qətiləşdi. Yəni hər iki halda qısa zamanda mövqeyin qətiləşməsi yaxşı haldlr. Məsələ beynəlxalq aləmdə ictimailləşir. Özünə diqqət cəlb edir. İndi bu haqda təkcə Azərbaycanda danışmırlar. Ermənistan və onu idarə edənlərin xisləti belədir ki, onlar tələb olunana yalnız qorxacaqları halda gedəcək. Yəni, hansısa təhdid, basqı görsəndiyi halda ermənilər girovları azad etməyə gedəcəklər. Başqa halda isə bu tip çağırışlar səslənsə də belə, nəticəsiz qala bilər. Amma onların konkret olaraq azad edilməsi məsələsi Ermənistanı məcbur etməkdən keçir. Ara-sıra məsələyə münasibət bildirənlərin bir neçə fikrini eşitdim. Həmin fikirlərdən biri də o idi ki, ermənilərdən də bir neçəsini tutub saxlamalıyıq ki, sonra ikitərəfli dəyişikliyə gedək. Yalnız bu halda ermənilər mövqelərində dəyişiklik edə bilər. Başqa cür məsələnin həllini hələ ki, təsəvvür etmirəm. Ermənilərin bu çağırışa əməl etməməsi heç nəyə gətirib çıxarmayacaq. Nəyə isə gətirib çıxarmaq üçün buna ciddi iradə lazımdır. Ciddi iradə də Ermənistanı cəzalandırmaqdan keçir. Minsk qrupunun isə Ermənistanı cəzalandırmaq fikri yoxdur. Amerika və Rusiya indiki şəraitdə Ermənistanı cəzalandırmaq fikrinə düşməyəcək".

Politoloq Qabil Hüseynli bu istiqamətdə aparılan təbliğatın ciddi nəticələr verəcəyini dedi: "ABŞ, Almaniyanın timsalında Avropa Birliyi, həm də Rusiyanın girovlarımızın azad edilməsi ilə bağlı çağırışların böyük əhəmiyyəti var. Bu, erməni xisləti və simasını açıb göstərir. Ermənilər danışıqlar prosesində necə qeyri-konstruktiv davranırlarsa, girovlar məsələsində də eyni cür davranır. Məsələnin bu ssenari üzrə inkişafı ölkəmizin xeyrinədir. Bütün dünya bilir ki, üç nəfər vətəndaşımızı tutub, onlardan birini öldürüblər, ikisini isə ölümcül vəziyyətə gətiriblər. Xaricilər də görür ki, böyük dünya dövlətlərinin çağırışlarına baxmayaraq, cırtdan bir ölkə ona məhəl qoymur. Belə olan təqdirdə Azərbaycanın haqq işinin düzgünlüyünə inam artır. Erməni təcavüzünün vəhşi üzü bütün dünyaya göstərilir. Ermənilər bu işin onlara ciddi təbliğatı ziyan vurduğunu görüb, sonda girovlarımızı buraxmağa məcbur olacaqlar".

Politoloq Elxan Mehdiyev isə bildirdi: "Ermənilər 23 ildir Azərbaycan torpaqlarını işğal edib, oradan çıxmırsa və ermənilər tərəfindən girovların saxlanılması heç bir şeyi dəyişməz. Sadəcə, danışıqlarda, görüşlərdə girovların azad edilməsi məsələsi tərəflər arasında inam yaratmaq məsələsi kimi ortaya gələ bilər. Ancaq erməni tərəfi də saxlanılan soydaşlarımızdan istifadə edərək, Azərbaycanda saxlanılan ermənilərin azad olunması istiqamətində addımlar ata bilər. Hələlik isə ermənilər girovlarımızı həbsdə işgəncə ilə saxlamağa çalışacaq".

Sizin Reklam Yeriniz