Əlaqə Arxiv
news Image
2015.02.25
11:35
| A A A
Xocalı dəhşətlərindən bəhs edən film təqdim olundu

Dünən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azərsun" Holdinqin Mədəniyyət Mərkəzində Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş "Böyüməyən uşaqlar" filminin təqdimatı keçirilib. Movqe.az xəbər verir ki, tədbir Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun çıxışı ilə başlayıb. Bayram Səfərov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətindən danışıb:

"Heç bir zaman düşünmürdük ki, bizim başımıza bu kimi fəlakətlər gətirilə bilər. 1905,1915-18-ci illərdə soyqırımı, 1940-cı illərdə deportasiya hadisələrindən sonra yenidən 1988-ci ildə başımıza müsibətlər gətirildi. 17 fevral tarixində Qaradağlı soyqırımı törədildi. İnsanlar diri-diri torpağa basdırıldı. Malıbəyli və Quşçular kəndi isə Qaradağlıdan fərqli olaraq ermənilərin mühasirəsindən çıxa bilmişdi. Ermənilər Xocalıda xüsusi vəhşiliklə 613 nəfər günahsız insanı qətlə yetirdilər. Nəyə görə günahsız insanlar öldürülürdü? Həmin dövrlə indiki zamanı düşündükdə fərq yerlə göy arasındadır. Hal-hazırda ordumuz düşmənə istənilən səviyyədə cavab verir. O torpaqlar bizimdir və biz o torpaqlara qayıtmalıyıq. Qarabağ torpaqlarında həmişə azərbaycanlıların ayaq izləri olub.

Qeyd edim ki, bu gün biz Xocalı soyqırımı zamanı şəhid olanların anım gününə yığışmışıq. İndi hər iki valideynindən məhrum olmuş 25 nəfər aid "Böyüməyən uşaqlar" adlı filmə baxacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş "Böyüməyən uşaqlar" filminin təqdimatından sonra Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 gənc səhnəyə dəvət olunub.

Onların çıxışından sonra Bayram Səfərov bildirib ki, gələcəkdə bu 25 nəfərin eyni binadakı mənzillərdə yerləşdirilməsi üçün işlər görüləcək.

Sizin Reklam Yeriniz